Məhkəmə qərarları › İş №2(050)-3053/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3053/2023

15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3053/2023 15.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakları ilə. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin ona vurduğu 5000 manat maddi ziyan və 65.320 manat mənəvi ziyan tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı heyvandarlıq təssərrüfatı ilə məşğul olur. Bu məqsədlə az sayda inək və camış saxlayır. Masallı rayon Şıxlar kənd sakini Cavabdeh xx.xx.2022-ci il tarixdə üzərində dövlət qeydiyyat nişanı olamayan UAZ markalı avtomobillə yüksək sürətlə Qəriblər kəndindən Şıxlar kəndi istiqamətində hərəkətdə olan zaman idarə etməni itirərək yolun əks tərəfinə çıxmış, bu zaman onun Şıxlar kənd ərazisindən Qəriblər kəndinə avtomobil yolunun sağ hissəsi ilə örüşdən geri qayıdan iki ədəd camışını vuraraq öldürmüşdür. Nəticədə ona müəyyən məbləğdə maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh və onun atası Yadulla Fərəcov hadisə baş verən gün ona dəymiş ziyanı qısa müddət ərzində qaytaracaqlarını bildirmişlər. Ancaq onlar verdikləri sözü tutmamış, aldatmışlar. Buna görə də, o, xx.xx.2023-cü il tarixdə aidiyyətı üzrə Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, onun müraciətindən sonra Masallı rayon PŞ-nin X2 Bölməsinin əməkdaşı Şəmşir Kərimov tərəfindən qərəzli və qeyriobyektiv araşdırma aparılmış, toplanmış materiallar baxılması üçün Masallı rayon Məhkəməsinə göndərilmişdir. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məsəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə olunmuş, Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(050)-432/2023 saylı qərarından apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-206/2023 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı tamamilə ləğv edilmişdir. Onun camışları cavabdeh tərəfindən vurulan zaman onların hər ikisi-biri 7, digəri isə 8 aylıq boğaz olmuşur. Həmin camışların bazar qiyməti təxminən 3200 manat, hazırda isə iki baş camışın bazar qiyməti 4500-5000 manatdır. Əgər cavabdeh onun camışlarını idarə etdiyi avtomobillə vurmasaydı indi onların hər birinin balası olardı və o, sağ olan camışların bir müddət məhsullarını (süd, qatıq, qaymaq, yağ, şor və pendir) sataraq ailəsini dolandıra bilərdi. Bundan başqa, o, şəkərli diabet, yüksək qan təzyiqi və digər xəstəliklərdən əziyyət çəkir. Hadisə baş verən gündən o, dəfələrlə əsəbləşmiş, nəticədə ölümdən dönmüş, əzabəziyyət çəkmişdir. Beləliklə cavabdeh tərəfindən ona maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymişdir. O, həmin mənəvi ziyanın dəyərini 65.320 manat dəyərində qiymətləndirir. Hesab edir ki, cavabdehin ona vurduğu maddi ziyan 5.000 manat, mənəvi ziyanın dəyəri isə 65.320 manat, ona dəymiş ziyanın ümumi dəyəri 70.320 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəf camışı vurduqdan razılaşmışlar ki, camışların pulunu ödəyəcəklər. Cavabdehin atası bu hadisə ilə bağlı ona 1000 manat pul vermişdir. Qalan ziyanı ödəmək istəmirlər. İki camışın orta bazar qiyməti 5400 manat təşkil edir. Bu barədə arayış almışdır. İddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, o, camışları vurmuşdur, lakin bunun səbəbi camışın gecə vaxtı yolda olması və qarşıdan gələn avtomobilin işığının gözünə düşməsi olmuşdur. Heyvanlardan biri ölmüş, digərinin qıçı sınmışdır. Qıçı sınan heyvan kəsib satmışlar və 350 manat pulu etmişdir. Ümumilikdə İddiaçı 1000 manat pul ödəmişdir. İddiaçı heyvanlara nəzarət etmədiyinə görə hadisə baş vermişdir. Bu səbəblə o, özünü günahkar hesab etmir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ona qarşı olan iddia əsasız və qondarmadır. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğ reallığı əks etdirmir. Belə ki, İddiaçı ona qarşı qərəzli mövqe tutaraq, əsassız və qeyriqanuni tələblər irəli sürür. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 3(050)432-2023 saylı, 30 mart 2023-cü il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş şəxs İddiaçı 01 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmin qərardan İddiaçı apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 3(106)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli, qərarı ilə Masallı Rayon Məhkəməsinin 3(050)432-2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrı icraata xitam verilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2457/2023 saylı, 22 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı baş vermiş hadisəyə görə avtomobilinə dəymiş maddi, o cümlədən mənəvi zərərin ödənilməsinə dair iddiası təmin olunmamışdır. xx.xx.2023-cü il tarixli, 46 saylı arayışdan görünür ki, İddiaçı şifahi sorğusuna əsasən, onun öhdəsində və ona məxsus 2 baş 4-cü qarına boğaz olan diri çəkisi, təxminən 600 kq olan camış heyvanın alıcılar və satıcılar tərəfindən 2700 manat arasında qiymətləndirilir. 1 baş 1-ci qarına boğaz olan diri çəkisi təxminən 340 kq olan camış heyvanın bazarda alıcılar və satıcılar arasında 2300 manat aralığında qiymətləndirilir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 301 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, işin faktiki hallarına əsasən cavabdehin qanunazidd hərəkətləri ilə, idddiaçıya dəymiş maddi ziyan arasında səbəbli əlaqə mövcuddur. Belə ki, cavabdeh iki baş camışı vurmasına görə iddiaçıya 1000 manat pul ödəmişdir. Bununla da o, ehtiyatsızılıqdan baş vermiş hadisəyə görə təqsirinin olmasını qəbul etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən, iddiaçıya məxsus olmuş yaşda olan iki baş camışın orta bazar dəyəri 5400 manat təşkilk edir. Belə olan halda iddiaçı ona məxsus olmuş heyvanların dəyərini düzgün qiymətləndirmişdir. Ona dəymiş maddi ziyana görə 1000 manat ödənildiyi üçün, iddia qalan maddi ziyana görə 4000 manat həddində əsaslı hesab olunmalıdır. Məhkəmə mənəvi ziyan tələblərinə münasibətdə hesab edir ki, həmin hissədə iddia sübuta yetmədiyinə görə tələb əsassızdır. Belə ki, cavabdehin iddiaçıya mənəvi ziyan vurması işin halları ilə sübuta yetmir. Çünki mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Odur ki, iddianın sübuta yetən hissədə təmin olunması qanuni və əsaslıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı iddia ərizəsində hadisə ilə bağlı səhhətinin pisləşməsini qeyd etsə də, həmin halı təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişdir. İddia 4000 manat həddində əsaslı hesab olunduğuna görə, həmin məbləğlə mütənasib olaraq 60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat alınaraq İddiaçı ödənilsin. İddia 65.320 manat mənəvi ziyan tələbinə münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar