Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3158/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət əməli nəticəsində, onun üzləşdiyi maddi ziyanın ödənilməsi üçün 15000 (on beş min) manat, mənəvi ziyanın ödənilməsi üçün 10000 (on min) manat, hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat, notariat xərclərinə görə ödənilmiş 17 (on yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğlərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ötən ilin noyabr ayının 11-də, saat 19 radələrində ünvan 1 ünvanında yaşayan Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Masallı-Cəlilabad avtomobil yolunun Masallı şəhəri Bakı prospektindən keçən hissəsində, Lənkəran istiqamətində hərəkətdə olarkən yolun hərəkət hissəsində ehtiyatsızlıqdan onu vuraraq ona ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Qeyd olunan əməli törətdiyinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Masallı Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 1(050)-115/2025 saylı hökmü ilə Cavabdeh qeyd olunan maddə ilə təqsirli bilinərək ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hadisənin təqsirləndirilən şəxsin avtomobili yüksək sürətlə idarə etməsi nəticəsində baş verdiyi müəyyən edilmiş, zərbə nəticəsində o, huşunu itirmişdir. Hadisə yerinə təcili tibbi yardım xidməti cəlb olunmuş və o, Masallı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada olduğu müddətdə Cavabdeh zərərçəkmişin yaxınlarına onun sağlamlığı tam bərpa olunanadək maddi dəstək göstərəcəyinə dair vəd versə də, sonradan bu vədini yerinə yetirməmişdir. 12 noyabr 2024-cü il tarixdə o, təcili tibbi yardımla Bakı Sağlamlıq Mərkəzinə köçürülmüş və 14 noyabr 2024-cü ildə qamış və incik sümüklərində yaranmış sınıqlara görə cərrah Sənan Aşirov tərəfindən qamış sümüyünə materialı titan olan metal implant yerləşdirilmişdir. 23 noyabr 2024-cü ildə cərrah Sənan Aşirov ona əlavə ciddi problemlərin olmadığını, fizioterapiya ilə qısa müddətdə sağalacağını bildirmişdir. Lakin iki ay sonra heç bir irəliləyiş müşahidə olunmadığından öz hesabına MRT, USM və digər tibbi müayinələrdən keçmişdir. Müayinələr nəticəsində sol dizdə bağların qopması, meniskin cırılması, sağ çiyində bağların qopması, sağ ayaqda EMG müayinəsində sinirlərin sıx zədələnməsi (n.peroneus və n.tibialisin stimulyasiyasında cavab alınmaması), həmçinin onurğada və qabırğalarda müxtəlif narahatlıqlar aşkar edilmişdir. Hazırda da, yataq şəraitindədir və problemlər davam edir. Gələcəkdə zəruri olan cərrahi müdaxilələrin özəl tibb müəssisələrində aparılması tələb olunduğundan təqribən 20000-30000 manat arası xərc tələb olunur. Sol ayaq üzrə aparılmış əməliyyat 2 iyul tarixində icra edilmiş və bununla bağlı 4000 manatdan artıq xərc çəkilmişdir. Yaxın müddətdə sağ çiyinlə bağlı aparılacaq cərrahi əməliyyata ən azı 5000 manat, daha sonra isə sağ ayaqda sinirlərin bərpasına yönəlik əməliyyata xeyli daha yüksək məbləğ tələb olunacağı bildirilməkdədir. Göründüyü kimi təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini ehtiyatsızlıq nəticəsində törədərək ona həm maddi, həm də, mənəvi zərər vurmasına baxmayaraq, bu ziyanın ödənilməsi üçün heç bir köməklik göstərmir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ilə müraciət etmişdir.
İddia ərizəsinə cavabdehin etirazı:
3. Cavabdeh etirazı оnunlа əsаslаndırmışdır ki, İddiaçı ona qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddia qaldırmışdır. O, iddia tələbini qəbul etmir, iddianın qanunsuz və əsassız olduğunu bildirir və onun rədd edilməsini tələb edir. Aşağıdakı fikirlərlə o, iddia tələbinin əsassız olduğunu əsaslandırır. O, iddiaçını əvvəllər tanımamışdır. 11 noyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə içkili vəziyyətdə olan İddiaçı yolu keçərkən onun öz ehtiyatsızlığı ucbatından vurmuşdur. Bu hadisə ilə bağlı barəsində CM-nin 263.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmış, hökm qanuni qüvvəyə minmiş və o, hazırda cəzasını çəkir. Cinayət işinə baxıldığı zaman iddiaçı tərəfindən mülki iddia verilmiş, lakin məhkəmə həmin mülki iddianı baxılmamış saxlamışdır. Hazırda isə iddiaçı ondan 15000 manat maddi ziyan, 10000 manat isə mənəvi ziyan tələb edir. Lakin bu tələb əsassızdır və hər hansı real hüquqi baza yoxdur. Hadisədən dərhal sonra iddiaçını avtomobilə mindirərək xəstəxanaya aparmış, onun müalicəsinin bütün mərhələlərində iştirak etmiş və çəkilən xərclərin hamısını özü qarşılamışdır. İddiaçının müalicəsinə, əməliyyatına, tibbi vasitələrinə və digər xərclərinə ümumilikdə 12800 manat pul xərcləmişdir. Bu məbləğin 2000 manatı iddiaçının kartına, 5700 manatı Bakı Sağlamlıq Mərkəzində əməliyyat zamanı xəstəxananın hesabına köçürülmüş, qalan məbləğ isə nağd formada iddiaçıya və onun aptekdə işləyən oğluna verilmişdir. Nağd şəkildə verdiklərini vicdnları varsa danmazlar. Xəstəxanadan çıxdıqdan sonra evinə qurbanlıq qoyun aparmışdİr. İddiaçı 15000 manat maddi ziyan tələb edirsə, bu məbləğin hansı ziyana görə və nə üçün xərcləndiyini əsaslandırmalı, müalicə və müayinələrə görə ödəniş qəbzlərini məhkəməyə təqdim etməlidir. İddiaçı müraciətində 30000 və ya 50000 manat da, yaza bilər, lakin yazdıqlarını sübut etməyə borcludur. Mənəvi ziyana gəldikdə bildirir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, yəni iddiaçıya qarşı qəsd olmamışdır. Hadisə zamanı içkili olmamış, yüksək sürətlə hərəkət etməmiş, hadisə sadəcə olaraq ehtiyatsızlıq nəticəsində baş vermişdir. Hadisədən sonra ilk tibbi yardımı özü göstərmiş, əməliyyatından evə çıxana qədər maddi və mənəvi dəstəyi daim etmişdir. İddiaçı yeriməkdə çətinlik çəkdiyini bildirdikdə, onun üçün əvvəlcə 900 manata əlil arabası almış, iddiaçı bəyənmədiyi üçün əlavə 600 manat ödəyərək başqa arabanı da, almışdır. Onun bütün tələbatları demək olar ki, onun tərəfindən tam şəkildə qarşılanmışdır. İddiaçının xəstəliyi ilə əlaqədar mənəvi iztirab çəkməsi iddia edilə bilməz. Hadisənin baş verməsində onun günahı nə qədərdirsə, iddiaçının da, öz ehtiyatsızlığı ilə günahı az deyil. Etdiyi bütün köməklər vicdanla qiymətləndirilməlidir. Özünün maddi vəziyyəti ağırdır, heç bir iş yeri yoxdur, kasıb şəraitdə yaşayır, buna baxmayaraq iddiaçıya kömək etmək üçün 5 bankdan kredit götürmüşdür. Bütün bu hallar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən ödənilən məbləğlərdən əlavə olaraq özü 10000 manat məbləğində xərclər etmişdir. Özü 1 ildir işləmədiyindən gəlir əldə etmir, lakin işlədiyi dövrdə 1000 manatdan yuxarı gəlir qazanmışdır. Sol ayağının bağlarının əməliyyatı üçün 5000 manat ödənilmiş, əlavə olaraq dərmanlara və yol xərclərinə 6000 manat sərf olunmuşdur. Sağ çiyninin əməliyyatı üçün Avrasiya Klinikasında 4000 manat tələb olunur, əlavələrlə birlikdə isə ümumilikdə 5000 manat lazımdır. Bundan əlavə, West Hospital üçün 255 manat, tibbi referans üçün 150 manat ödənilmişdir. Bakı Sağlamlıq Mərkəzində cavabdeh tərəfindən ödənilmiş 3500 və 2000 manat məbləğləri, həmçinin əlil arabasına verilmiş 140 manat pulu tələb etmir. Cavabdeh tərəfindən çəkilmiş digər xərclərdən isə 4 gün komada, 8 gün isə xəstəxanada yatdığı üçün xəbərsiz olmuşdur. O, maddi ziyandan əlavə 10000 manat məbləğində mənəvi ziyan, eləcə də, 400 manat vəkil pulu, 17 manat notarius xərci və digər çəkdiyi xərclərin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının müalicəsi ilə bağlı ümumilikdə 12800 manat məbləğində pul xərcləmişdir. Həmin məbləğin 2000 manatı iddiaçının kartına, 5700 manatı isə Bakı Sağlamlıq Mərkəzinin hesabına köçürülmüşdür. Qalan vəsait isə nağd qaydada iddiaçının oğluna verilmişdir. İddiaçı üçün əvvəlcə 900 manata əlil arabası alınmış, lakin iddiaçı həmin arabanı bəyənmədiyinə görə əlavə olaraq 600 manata başqa əlil arabası alınmışdır. Bundan əlavə, onun tərəfindən 500 manat fizoterapiya xidmətlərinə, 400 manat dərmanlara, Bakı Sağlamlıq Mərkəzinə isə 3500 manat ödənilmişdir. Ümumilikdə 5734 manat xəstəlik xərcləri olmuş, bütün bu ödənişlər onun tərəfindən edilmiş və iddiaçının qardaşına təqdim olunmuşdur. Ümumilikdə iddiaçının müalicəsi üçün 12800 manat ödəniş etməsinə baxmayaraq bu barədə hər hansı sənədi yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının əməliyyatına görə 5734 manat məbləğində pulu Bakı Sağlamlıq Mərkəzinə ödəmişlər, qalan pul isə əlbəəl verilmişdir. İddiaçının Avrasiya klinikasında əməliyyat olunması barədə də, məlumatları yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İş materialları:
5. “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş qəbzdən görünür ki, xəstə İddiaçı ilə bağlı 14 noyabr 2024-cü il tarixdə avans olaraq tibbi xidmətdən istifadə ilə bağlı Travmatologiya və ortopediya şöbəsi üçün cəmi 3500 manat məbləğində ödəniş edilmişdir. (Qəbzin üzərinə “+2000 metala qəbzsiz” qeyd edilmişdir).
6. “Bakı Sağlamlıq Mərkəzi” tərəfindən verilmiş hesab-fakturanın surətindən görünür ki, xəstə İddiaçı ilə bağlı 5733,49 manat pul ödənilmişdir.
7. “Güven Klinika”sı tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı travmotologiya şöbəsinin xidmətindən istifadə etdiyindən 85 manat məbləğində ödəniş edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Travmotoloq ortoped X4 tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə İddiaçı tərəfindən dərmanlara 280 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi həkim X1 tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsindən görünür ki, xəstə İddiaçı tərəfindən dərmanlara 310 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir.
10. “Referans” Klinik Laboratoriya mərkəzinin 12 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, pasiyent İddiaçı massaj xidmətdən istifadə etdiyindən 10 manat məbləğində ödəniş edilmişdir.
11. “Referans” Klinik Laboratoriya mərkəzinin 13 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir.
12. “Referans” Klinik Laboratoriya mərkəzinin 14 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir.
13. “Referans” Klinik Laboratoriya mərkəzinin 17 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 40 manat məbləğində ödəniş edilmişdir.
14. “Referans” Klinik Laboratoriya mərkəzinin 19 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir.
15. “Referans” Klinik Laboratoriya mərkəzinin 20 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir.
16. “Referans” Klinik Laboratoriya mərkəzinin 21 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı massaj xidmətdən istifadə etdiyindən 20 manat məbləğində ödəniş edilmişdir.
17. "xxxx" MMC-nin 02 may 2025-ci il tarixli satış çekindən və eyni tarixli göndərişdən görünür ki, nağd şəkildə 90 manat məbləğində ödəniş edilmişdir.
18. "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 20 may 2025-ci il tarixdə travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 170 manat məbləğində ödəniş etmişdir.
19. "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 20 may 2025-ci il tarixdə travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 75 manat məbləğində ödəniş etmişdir.
20. "xxxx" MMC-nin 20 may 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 50 manat məbləğində ödəniş edilmişdir.
21. "xxxx" MMC-nin 12 iyun 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 40 manat məbləğində ödəniş edilmişdir.
22. "xxxx" MMC-nin 12 iyun 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 80 manat məbləğində ödəniş edilmişdir.
23. "xxxx" MMC-nin 02 iyul 2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xəstə İddiaçı ilə bağlı Avrasiya Hospital üçün 3000 manat ödənilməlidir.
24. “Ortopedik mağaza”nın 03 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 120 manat məbləğində ödəniş edilmişdir.
25. "xxxx" MMC-nin 04 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 8,10 manat məbləğində ödəniş edilmişdir.
26. "xxxx" MMC-nin 06 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 11,80 manat məbləğində ödəniş edilmişdir.
27. "xxxx" MMC-nin 04 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 12,40 manat məbləğində ödəniş edilmişdir.
28. "xxxx" MMC-nin 25 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 11,62 manat məbləğində ödəniş edilmişdir.
29. "xxxx" MMC-nin 03 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 31,36 manat məbləğində ödəniş edilmişdir.
30. "xxxx" MMC-nin 16 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 321,59 manat məbləğində ödəniş edilmişdir.
31. "xxxx" MMC-nin 18 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 9,30 manat məbləğində ödəniş edilmişdir.
32. "xxxx" MMC-nin 21 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 11,62 manat məbləğində ödəniş edilmişdir.
33. "xxxx" MMC-nin 25 iyul 2025-ci il tarixli satış çekindən görünür ki, nağd şəkildə 9,30 manat məbləğində ödəniş edilmişdir.
34. Masallı Rayon Məhkəməsinin 1(050)-115/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitəlırini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış və İddiaçı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
35. 20 iyun 2025-ci il tarixli № EM-417VK-323605/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən və hüquqi yardım göstərilən (müdafiə edilən) şəxs İddiaçı cinayət işi üzrə hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə1 ilə müqavilə bağlamışdır.
36. 21 iyun 2025-ci il tarixli “Pashapay” ödəniş aparat vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, hüquqi yardıma görə 400 manat məbləğində ödəniş etmişdir.
37. AR-İ seriyalı 684713 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs İddiaçı etibar edilən şəxs Nümayəndə1 5 il müddətinə Etibarnamə vermişdir.
38. 21 iyun 2025-ci il tarixli 137-35 nömrəli "xxxx" ASC-nin mədaxil qəbzindən görünür ki, İddiaçı etibarnamənin təsdiqi üçün 17,25 manat məbləğində ödəniş etmişdir.
39. 21 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 165 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.
İşin faktiki halları:
40. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh törətmiş olduğu yol-nəqliyyat hadisəsi zamanı İddiaçı sağlamlığa ağır dərəcəli zərər vurmuşdur. Ona görə də, Cavabdeh Masallı Rayon Məhkəməsinin 1(050)-115/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitəlırini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı Cavabdeh törətdiyi cinayət əməli nəticəsində ona vurulmuş 15000 (on beş min) manat maddi ziyanın, 10000 (on min) manat mənəvi ziyanın, hüquqi xidmətlərə görə ödənilmiş 400 (dörd yüz) manat, notariat xərclərinə görə ödənilmiş 17 (on yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi xahiş edir.
Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı: delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
43. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarı: Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarı: Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
46. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
48. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
49. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası mülki hüquq pozuntusudur. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və Masallı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 28 iyul 2025-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Ona görə də, cavabdeh yaranmış ziyanı ödəməlidir.
50. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
51. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, “Referans” Klinik Laboratoriya mərkəzinin 12 fevral 2025-ci il tarixli, 13 fevral 2025-ci il tarixli, 14 fevral 2025-ci il tarixli, 17 fevral 2025-ci il tarixli, 19 fevral 2025-ci il tarixli, 20 fevral 2025-ci il tarixli və 21 fevral 2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı massaj xidmətdən istifadə edərək ümumilikdə 150 manat məbləğində ödəniş etməsi, bundan başqa “Güven Klinikası”nın travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 03 fevral 2025-ci il tarixli ödəniş qəbzinə əsasən 85 manat, "xxxx" MMC-nin Baş-beyin KT müayinəsindən istifadə edərək 02 may 2025-ci il tarixli satış çekinə və eyni tarixli göndərişə əsasən 90 manat, "xxxx" MMC-nin travmotologiya şöbəsinin xidmətindən istifadə edərək 20 may 2025-ci il tarixli ödəniş qəbzlərinə əsasən cəmi 245 manat, ümumilikdə 570 manat ödəniş edilməsi işin mübahisəsiz halıdır.
53. İddiaçı sol ayağının bağlarının əməliyyatı üçün Avrasiya Hospitalına 3000 manat, əlavə olaraq dərmanlara və yol xərclərinə 6000 manat vəsait xərclədiyini, sağ çiyninin əməliyyatı üçün Avrasiya Klinikasında 4000 manat, əlavələrlə birlikdə isə ümumilikdə 5000 manat tələb olunduğunu və ona görə 15000 manat tələb etməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, həmin halları tam təsdiq edən hər hansı sənəd təqdim etməmiş və həmin məbləğdə pul xərcləməsi, eyni zamanda yenidən əməliyyata zərurət olub-olmaması, olduğu təqdirdə bunun üçün 5000 manat vəsait tələb olunması barədə hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 02 iyul 2025-ci il tarixli ödəniş cədvəlində İddiaçı ilə bağlı Avrasiya Hospital üçün 3000 manat ödənilməli olduğu qeyd edilsə də, ödənişi təsdiq edən sənəd təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş Səhiyyə Nazirliyi Professor Travmotoloq ortoped X4 tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsində İddiaçı tərəfindən dərmanlara 280 manat, həkim X1 tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli tövsiyə vərəqəsində isə dərmanlara 310 manat məbləğində ödəniş edildiyi qeyd edilsə də, həmin ödənişlərin ödənilməsini təsdiq edən qəbzlər təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən "xxxx" MMC-nə 50 manat, "xxxx" MMC-nə 40 manat və 80 manat, Ortopedik mağazaya 120 manat, "xxxx" MMC-nə 427,09 manat ödənildiyi qeyd edilsə də, həmin ödənişlərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.
54. Bundan başqa cavabdeh iddiaçının müalicəsi üçün ümumilikdə 12800 manat ödəniş etməsinə etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, burda sübut etmək yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq cavabdeh bununla bağlı hər hansı sübutu təqdim etməmiş, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hər hansı halı sübuta yetirməmişdir. İddiaçı cavabdehin “Bakı Sağlamlıq Mərkəzi”nə 5733,49 manat pul ödədiyini qəbul etmiş, lakin həmin məbləği tələb etmədiyini, tələb etdiyi məbləğin ondan sonrakı müalicə ilə bağlı olduğunu bildirmişdir.
55. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 10000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
56. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir.
57. Belə ki, cavabdeh tərəfin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan vurulması, nəticədə iddiaçınının stasionar müalicəyə qəbul edilməsi, reanimasiyada olması, hal-hazıradək müalicəsinin davam etməsi, ona İİİ qrup əlillik təyin edilməsi öz təsdiqini tapmışdır.
58. Belə olan halda, məhkəmə iddiaçının onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsini, daimi iş fəaliyyətindən uzaqlaşmasını, fəal ictimai həyat tərzindən məhrum olmasını, onun fərdi xüsusiyyətlərini (yaşını, qadın olmasını), müalicə müddətini nəzərə alaraq hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 300 manatın alınıb iddiaçıya verilməlidir.
59. Sübutların qiymətləndirilməsi isə hüquqi proses olub, iş üzrə toplanmış sübutetmə materiallarının qanunun tələblərinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların qiymətləndirilməsi prosesi sübutların qəbul edildiyi və araşdırıldığı bütün icraat gedişində həyata keçirilir. Bu prosesdə sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
60. Məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 570 manat məbləğində pul, mənəvi ziyanın əvəzi olaraq 300 manat məbləğində pul, cəmi 870 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
Məhkəmə baxışının hədləri:
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmə xərcləri:
62. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bındinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.
63. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 165 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 870 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
64. Məhkəmə iddia tələbinin vəkilin xidmətinə görə ödədiyi 400 (dörd yüz) manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının özünün məhkəmə vəkillə təmsil olunması üçün seçim xüsusiyyətinə malik olması, daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından məhkəmədə keyfiyyətli hüquqi yardım almaq məqsədi ilə vəkillə müqavilə bağlaması və bu məsələ ilə bağlı cavabdehdən vəsait tələb olunması əsassızdır. Ona görə iddia tələbi həmin hissədə də, təmin edilməməlidir. Eyni zamanda 17 (on yeddi) manat pul vəkilə etibarnamə verilməsi ilə bağlı ödənildiyindən və vəkilin xidmətinə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsində iddia rədd edildiyindən 17 (on yeddi) manat notariat xərcinin tutulması hissəsində də, iddia rədd edilməlidir.
Nəticə:
65. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 570 manat məbləğində pul, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul, cəmi 870 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissələrdə təmin edilməməlidir.
66. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 570 (beş yüz yetmiş) manat məbləğində pul, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul, cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə xərcləri 135 (yüz otuz beş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov