Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3256/2024 29.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iсlasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı və X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı Rayonu Ərkivan qəsəbəsində yerləşən cavabdehlə ümumi birgə mülkiyyətlərində olan 0.267 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara cavabdehlə birlikdə Masallı rayon Aqrar islahat komissiyasının müvafiq qərarı ilə Masallı rayonu Ərkivan qəsəbəsində 0.267 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X4 əsasında xx.xx.2024-cü il tarixdə **********04 nömrəli çıxarış almışlar. Cavabdeh onların qardaşıdır. Ayrılmış torpaq sahəsi ümumi birgə mülkiyyətləridir. Həmin torpaq sahəsi ayrıldığı vaxtdan həmin torpaq sahəsini birlikdə istifadə etmişlər. Lakin, sonradan torpaq sahəsini ayrıcı istifadə etmək qərarına gəlmişlər. Ancaq bu mümkün olmamışdır. Həmçinin, torpaq sahəsi ümumi birgə mülkiyyət olduğu üçün torpaq sahəsini satmaq və bağışlamaq mümkün deyil. Ona görə də, ümumi birgə mülkiyyətlərində olan əmlak paylı mülkiyyətə çevrilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin torpaq sahəsini özü almışdır. Lakin, hazırda iddiaçılar onu satmaq istəyir. O, payların müəyyən olunması üçün heç bir idarəyə getmək istəmir. Özləri hansı formada istəyirsə etsinlər. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavbadehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli və **********04 reyestr nömrəli çıxarışdan görünür ki, Masallı rayon Ərkivan qəsəbəsində 0.267 hektar torpaq sahəsi İddiaçı, X1 və Cavabdeh adına hər birini ümumi birgə payı olmaqla qeydiyyata alınmışdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli və **********04 reyestr nömrəli çıxarışla İddiaçı, X2 və Cavabdeh Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 0.267 hektar torpaq sahəsi üzərində birgə mülkiyyətçilər kimi mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçlar birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh torpaq sahəsinin bölünməsinə etiraz etmişdir. Qeyd edilən mübahisə ilə bağlı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göründüyü kimi, ümumi birgə mülkiyyətçilər arasında torpaq sahələri üzərində payların müəyyən edilməsi üçün razılaşma olmadığından torpaq sahəsi üzərində paylar məhkəmə qaydasında müəyyən edilməlidir. Torpaq sahəsinə dair verilmiş **********04 reyestr nömrəli çıxarışda birgə mülkiyyətçilər kimi İddiaçı, X2 və Cavabdeh adları qeyd edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlak üzərində paylar üzrə razılaşma olmadığından onların hər birinin payları bərəbər hesab edilməli, yəni çıxarışda adları qeyd edilmiş şəxslərin sayına uyğun olaraq torpaq sahəsi üzərində uyğun olaraq 1/3 paylar müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş **********04 reyestr nömrəli çıxarışla Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 0.267 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmış İddiaçı, X2 və Cavabdeh torpaq sahəsi üzərində hər birinin 1/3 payları müəyyən olsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3256/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3256/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver