Məhkəmə qərarları › İş №2(050)-3281/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3281/2023

27.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3281/2023 27.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 qızının, İddiaçı4 nümayəndəsi, həmçinin İddiaçı3, Cavabdeh iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 qızının, İddiaçı4 Cavabdeh qarşı 1.20 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində payların müəyyən olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 qızı, İddiaçı4 Cavabdeh qarşı 1.20 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində hər birinin, həmçinin mərhum X2 və X1 paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, onlara, cavabdeh və mərhum X6 və X3 birlikdə Masallı Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Masallı rayon Mahmudavar kəndində 1.20 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir, həmin Dövlət Aktı əsasında 2021-ci ildə Dövlət Reyesrtindən çıxarış almışlar. Cavabdeh, mərhum X6 və X3 da ailə üzvü olmuşlar. Ayrılmış torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. Torpaq sahəsi verildiyi vaxtdan birlikdə istifadə edilmişdir. Sonradan torpaq sahəsini ayrıca istifadə etmək qərarına gəlmişlər. Lakin bu mümkün olmamışdır. Belə ki, X6 və X3 öldüyündən və onların vərəsəliyi rəsmi qaydada müəyyən olunmadığından torpaq sahəsinin bölünməsi mümkün olmamışdır. Ona görə də, torpaq sahəsinin bölünməsindən ötrü ilk öncə ümumi birgə mülkiyyətdə olan əmlakın paylarının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 qızının, İddiaçı4 nümayəndəsi, həmçinin İddiaçı3 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, payların ayrılmasına etiraz etmədiyini bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndə, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər subutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,2003 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi İddiaçı1, Cavabdeh, İddiaçı3, X1, X5, X2 və İddiaçı4 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 149 №-li reyestr kitabının 24 №-li vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,2003 ha torpaq sahəsinin hüquq sahibi İddiaçı1dur. İşə əlavə edilmiş Masallı rayon qeydiyyat şöbəsinin 22 may 2023-cü il tarixli 3/16-5/8- 1543/2023 nömrəli arayışından görünür ki, X3 29 sentyabr 2010-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Masallı Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin 16 may 2019-cu il tarixli AZ-İİ 007573 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 may 2019-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Masallı RİHB-nın Mahmudavar kənd inzibati Ərazi dairəsi nümayəndəsinin 01 iyun 2023-cü il tarixli, 514 nömrəli arayışından görünür ki, Əliyeva X4 rayonu, Mahmudavar kəndində yaşayır. İddiaçı1 həyat yoldaşı, İddiaçı4- oğlu, İddiaçı2 qızı-qızı olmaqla ailə üzvləridir. İşə əlavə edilmiş Masallı RİHB-nın Mahmudavar kənd inzibati Ərazi dairəsi nümayəndəsinin 01 iyun 2023-cü il tarixli, 515 nömrəli arayışından görünür ki, Əliyeva X4 rayonu, Mahmudavar kəndində yaşayır. İşə əlavə edilmiş 02 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı3 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MPM) 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmaqla xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Hazırki mülki iş üzrə iddiaçılar ümumi birgə istifadədə olan torpaq sahəsindən onlara çatacaq hissənin ayrılmasını istəyirlər, digər mülkiyyətçilərlə aralarında razılıq olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, JN-351 saylı qərarına əsasən iddiaçılar və onun ailə üzvləri olan iş üzrə cavabdehlərə Masallı rayonu Mahmudavar kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 1,2003 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində İddiaçı1, Cavabdeh, İddiaçı3, X1, X5, X2 və İddiaçı4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 1,2003 ha torpaq sahəsi adları çəkilən şəxslərin ümumi birgə mülkiyyəti kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslıdır və iddiaçılar torpaq sahəsi üzərində paylarının müəyyən edilməsini tələb etmək hüququna malikdir. Belə ki, 1,2003 ha torpaq sahəsi üzərində 7 nəfərdən ibarət birgə mülkiyyət vardır. Payların başqa şərtlərlə bölünməsi ilə bağlı razılıq olmadığına görə, onların hər birinin bərabər payları, yəni hər birinin 1/7 hissə payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə iddianın dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın 149 №-li reyestr kitabının 24 №-li vərəqində qeydiyyata alınmış 1,2003 ha torpaq sahəsinə İddiaçı1, Cavabdeh, İddiaçı3, X1, İddiaçı2 qızının, X2 və İddiaçı4 hər birinin 1/7 hissədə bərabər payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar