Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3346/2025 19.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisi və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı regional “ASAN xidmət” mərkəzinin notariusu X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə müraciət edərək iş üzrə Cavabdeh2 ASC-nin cavabdeh kimi işə cəlb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh2 ASC əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ona qarşı pul tələbi barədə icra qeydinin verilməsi üçün Masallı Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən ondan 37788.15 manat ümumi borcun Cavabdeh2 ASC-nin xeyrinə tutulması qeyd olunmuşdur. O, həmin icra qeydindən məlumatsız olmuş, yalnız Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında bildirişini mobil telefon vasitəsi ilə aldıqdan sonra icra qeydindən məlumatı olmuşdur. Bundan sonra X8 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş və çıxarışdan da göründüyü kimi xx.xx.2025-ci il tarixdə icra qeydi ona təqdim edilmişdir. Həmin vaxta kimi icra qeydi ona göndərilməmiş və ya təqdim olunmamışdır. Bundan başqa, həmin kredit müqaviləsi üzrə əvvəlcə notarius Mirramil Abdullayev tərəfindən xx.xx.2025-ci il tarixli icra qeydi qəbul olunmuş, həmin icra qeydi olmasına baxmayaraq notarius Əlövsət İbrahimov tərəfindən xx.xx.2025-ci il tarixli yeni icra qeydi qəbul olunmuşdur. Hazırda bir kredit müqaviləsi və borc üzrə iki icra qeydi mövcuddur. Buna görə də hazırkı icra qeydi ləğv olunmalıdır. Notarisun vəzifəsidir ki, qəbul olunmuş hər hansı aktı qanunla müəyyən olunmuş qaydada vətəndaşa təqdim etməlidir. İcra qeydinə baxdıqdan sonra müəyyən olunmuşdur ki, ondan əsassız olaraq şişirdilmiş məbləğdə pul tələb olunur, əsas və faiz borcu şişirdilmiş məbləğdir, onun ödənişləri düzgün nəzərə alınmamışdır, onun banka həmin məbləğdə borcu yoxdur, olması da mümkün deyildir. Həmçinin, həmin müqavilə üzrə ipoteka predmeti vardır və ipoteka predmetinə hazırkı icra qeydində ümumiyyətlə qiymət verilməmişdir. İcra qeydi işin mübahisəsiz halları barədə sübutlar təqdim edildikdə təqdim oluna bilərdi, hazırkı vəziyyətdə notarius qanunsuz olaraq icra qeydi tətbiq etmişdir. Buna görə də həmin icra qeydinin ləğv olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun Cavabdeh2 ASC-nə borcu vardır. Avtomobil qəzası keçirdiyinə görə maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən də borcunu ödəyə bilməmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla müraciət edərək etirazda göstərmişdir ki, İddiaçı İddia ərizəsində ondan əsassız olaraq şişirdilmiş məbləğdə faizin tutulmasını, ödənişlərinin nəzərə alınmamasını, həmçinin müqavilə üzrə ipoteka predmetinin olduğunu və hazırki icra qeydində həmin ipoteka predmetinə ümumiyyətlə qiymət verilmədiyini bildirmişdir. İlk növbədə işin faktiki halları ilə bağlı məhkəmənin nəzərinə çatdırılır ki, borclu tərəfindən öhdəlik pozulduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi borclu və zaminlərin nəzərinə çatdırılmış, yuxarıda göstərilən məbləğdə borcu banka ödəmələri tələb edilmiş, əks halda borcun qaytarılmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi, icra qeydinin aparılması üçün notariusa müraciət ediləcəyi barədə rəsmi bildiriş formasında məlumat verilmişdir. Həmin sənədlər xx.xx.2025-ci il tarixdə iddiaçı və iş üzrə zamin E.Bağırovun ünvanında qəbul edilmişdir. Buna baxmayaraq,iddiaçı tərəfindən banka olan borc ödənilməmişdir. Bundan sonra qanunvericlikdə müəyyən edilmiş müddətlər gözlənildikdən sonra bank xx.xx.2025-ci il tarixində elektron qaydada icra qeydinin aparılması üçün aidiyyəti üzrə müraciət etmişdir. Bu zaman müraciət ərizəsinə bütün müvafiq sənədlər, o cümlədən borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər əlavə edilmişdir. Nəticədə qanuni qaydada Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən İddiaçı və X5 barəsində pulun tutulmasına dair xx.xx.2025-ci il tarixli, 15938 saylı icra qeydi aparılmışdır. İddiaçı borc üzrə ipoteka predmetinin olduğunu əsas gətirərək icra qeydinin qanunsuz və əsassız olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli icra qeydinin aparılmasına əsas kredit və zaminlik müqavilələri olmuşdur ki, mövcud qanunvericilikdə əksini sübut edəcək və qadağan edəcək hər-hansı bir norma və qanun yoxdur. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddia ərizəsinə verdiyi etirazda göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçının göstərdiyi xüsusatlar əsassızdır. İcra qeydi qanunamüvafiq qaydada aparılmışdır. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov məhkəməyə müraciət edərək, iş yükünün ağırlığı ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiklərini, məhkəmənin onların iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına olan: xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1095, ünvan 1 ünvanında yerləşən Cavabdeh2 ASC-nin VÖEN:********** xeyrinə ünvan 2i ünvanında qeydiyyatda olan İddiaçı və (AZE********, xx.xx.2015 –Masallı; FİN:xxxxxxx; d/t: xx.xx.1990), Masallı rayon, Mahmudavar kəndi ünvanında qeydiyyatda olan X2 (AA5870975, xx.xx.2024 –Asan- Masallı; FİN:5066STT; d/t: xx.xx.1984), 10150***-*******01L nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37788 manat 15 qəpik və ödənilmiş 25 manat dövlət rüsumu ilə birlikdə 37813 manat 15 qəpik pulun tutulması barədə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X3 tərəfindən icra qeydi aparılmışdır. İcra qeydi Reyestrdə 8İ-15938 nömrə ilə qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, 10150***-*******01L saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış razılaşmaya əsasən İddiaçı 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 300000 manat kredit limiti ayrılmışdır. Həmin razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı 24 ay müddətinə, illik 18 faiz olmaqla, 50000 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 10FİZAM119488401 saylı zaminlik müqaviləsindən görünür ki, X5 Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10150***- *******01L saylı kredit razılaşması üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli 10050***-*******01 nömrəli resturukturizasiya razılaşmasından görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə faiz dərəcəsi 18 faiz, kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı kredit müqaviləsi üzrə cəmi 14776.27 manat ödəniş etmiş, onun bank qarşısında 35223.73 manat əsas borc, 2564.42 manat faiz borcu, 9.48 manat cərimə olmaqla, cəmi 37797.63 manat kredit borcu qalmışdır. xx.xx.2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borluya göndərilən bildiriş”-dən və pretenziyadan görünür ki, Cavabdeh2 ASC İddiaçı və X4 bildiriş göndərməklə borcun ödənilmədiyi təqdirdə icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Materiala əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, 21 iyul 2025-ci il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borluya göndərilən bildiriş” 29 iyul 2025-ci il tarixdə İddiaçı və X1 və imzalarını qeyd edərək bildirişi almalarını təsdiq etmişlər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 120 ay müddətinə, illik 30 faizdən çox olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən borcluya yaranmış borc öhdəliyini icra etməyəcəyi təqdirdə yaranmış borc məbləği ilə bağlı notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Bildiriş borclu şəxslərə çatdırıldıqdan sonra "xxxx" ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Masallı rayon Asan Xidmət mərkəzində fəaliyyət göstərən notarius tərəfindən xx.xx.2025-ci il tarixdə müvafiq icra qeydi verilmiş, borc məbləğinin tutulması qərara alınmışdır. İddiaçı icra qeydini mübahisələndirərək göstərmişdir ki, aparılmış icra qeydi ona göndərilməmiş və icra qeydinin aparılmasından məlumatı olmamışdır. Həmçinin, icra qeydində göstərilmiş borc məbləği düzgün göstərilməyərək əsas və faiz borcları artıq yazılmışdır. Məhkəmə tərəflərin arasında yaranmış mübahisə ilə əlaqədar aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Notariat haqqında Qanunun: “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. İddia tələbi ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdəki xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, kreditor Cavabdeh2 ASC tərəfindən borclular İddiaçı və X4 ümumilikdə 37788,15 manat borcunu ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin, borclular İddiaçı və X5 həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmişlər. Bu hal iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatdında da bəlli olmuşdur. İddiaçı icra qeydindən məlumatlı olmadığını bildirsə də, icra qeydinin aparılması ilə bağlı bank tərəfindən bildirişin ona göndərilməməsini mübahisələndirməmişdir. O, icra qeydində əsas və faiz borclarının düzgün hesablanmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən etirazını icra qeydinin aparılmasınadək bildirmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmişdir. Belə ki, borclulara ünvanlanmış xx.xx.2025-ci il tarixli "İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş" göndərilmiş və xx.xx.2025-ci il tarixdə zərf qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə icra qeydi aparılmışdır. Hazırda iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdehlər Masallı regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3346/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3346/2025
19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver