Məhkəmə qərarları › İş №2(050)-36/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-36/2023

20.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-36/2023 20.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsi və evin hərracda satılaraq dəyərinin paylara mütənasib bölgüsü tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********63-10301 reyestr nömrəli çıxarışla onlarla cavabdehlərin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsinin və həmin torpaq sahəsində olan ümumi sahəsi 158 kv.metrdən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılaraq satış pulunun cavabdehlərlə aralarında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında cavabdehlərlə birgə mülkiyyətilərində 0.0681 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158 kv.metr olan fərdi yaşayış evi vardır. Qeyd olunan ev və torpağa dair hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq adlarına hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********63-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda hər birinin 1/4 payları olması qeyd edilmişdir. Lakin payları naturada müəyyən edilməmiş və onlarla cavabdehlərin payına uyğun müvafiq plan və ölçü sənədi tərtib edilməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etsələr də, digər payçılar olan cavabdehlərlə naturada bölgü ilə bağlı razılıq əldə edilmədiyindən müraciətlərinin təmin edilməsi mümkün olmamışdır. Nəticədə isə yuxarıda göstərilən torpağın və evin mülkiyyətlərində olan hissəsi naturada ayrılmadığından həmin yerdən faktiki olaraq istifadə edə bilmirlər. Daşınmaz əmlakda payların naturada ayrılması barədə müraciətləri əsasında Masallı Rayon Məhkəməsində araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş, ekspertiza yolu ilə də qeyd olunan daşınmaz əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan daşınmaz əmlakda hər birinin ¼ payı olsa da, daşınmaz əmlak faktiki olaraq cavabdehlərin istifadəsindədir. Həmin daşınmaz əmlakın dəyərinin paylarına düşən hissəsinin onlara verilməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Mülkiyyət hüququna dair çıxarışda hər birinin ¼ payı qeyd edildiyindən torpaq sahəsi və ev onlarla cavabdehlərin paylı mülkiyyəti hesab edilir. Lakin həmin torpaq sahəsi və evin payılarına uyğun bölünməsi ilə bağlı aralarında razılıq əldə edilmədiyindən torpağın və evin naturada bölünməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakda cavabdehlərlə payları bərabərdir. Lakin onlar evdən istifadələrinə imkan verməməklə mübahisə olduğundan, həmin daşınmaz əmlakın paylarına uyğun bölgüsünün mümükünsüzlüyü səbəbindən qeyd olunan əmlak satılmaqla dəyərinin paylarına uyğun şəkildə aralarında bölünməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Mübahisənin məhkəmədənkənar həllinə dair cavabdehlərə yazılı olaraq müraciət etmişlər və müraciətlərinin cavabdehlər tərəfindən alınmasına baxmayaraq, müraciətlərinə ümumiyyətlə cavab verilməmişdir. Cavabdehlər nə birgə mülkiyyətlərində olan daşınmaz əmlakın dəyərinin paylarına düşən hissəsini onlara vermədiyindən, nədə həmin daşınmaz əmlakı satıb dəyərini aralarında bölməyə razı olmadığından yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 220.3 və 220.6-cı maddəsinə istinad edilmişdir. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edilməmişdir. Ekspert rəyi sübut kimi qəbul edilməlidir. Mübahisə predmeti olan daşınmaz əmlak açıq hərracda satılmalı və satışı pulu mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edilməmişdir. Ev almalıdır, 2 ildən artıqdır ki, kirayədə yaşayır. Sonda İddiaçı1 mübahisə predmeti olan daşınmaz əmlakın açıq hərracda satılmasını və satışı pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edilməmişdir. Mübahisəli fərdi yaşayış evində o və anası Cavabdeh1 yaşayırlar. Mübahisə predmeti olan daşınmaz əmlakı 78500 manata almaq istəyir. Əmlak hərraca çıxmasın. Ona vaxt lazımdır. Anasının və özünün əvəzinə qarşı tərəfə 25000 manat verə bilərlər. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçılar onun ögey övladlarıdır. Onların hər birinin evləri var və orada yaşayırlar. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən kateqoriyasına (məqsədli təyinatı) görə yaşayış məntəqələrinin torpaqlarına aid 0.0681 ha torpaq sahəsinin və ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evinin 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə Cavabdeh2, 1/4 hissəsinə İddiaçı1 və 1/4 hissəsinə Cavabdeh1 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-111/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «payların naturada müəyyən edilməsi» barədə iddiasının təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumunun onlara aid edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SVİFT -CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına tutulması qət edilmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.20223-ci il tarixli ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsinin və ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evinin naturada bölgüsü mümkün olmadığına görə daşınmaz əmlakın dəyərinin iddiaçıların paylarına mütənasib hissəsinin onlara verilməsi tələb edilmiş və həmin ərizə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə qarşı tərəfə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 10/4268-9/4473 nömrəli ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********63-10301 reyestr nömrəli çıxarışla tərəflərin xüsusi mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 158 kv.metrdən ibarət fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 78500 manat məbləğində olduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 08 iyul 2022-ci il tarixli qəbzə əsasən iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil...Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadının 31-ci bəndində göstərilir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Həmin qərardadın nəticə hissəsində isə göstərilir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsi və ümumi sahəsi 158 kv.metrdən ibarət fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(050)-111/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil. İddiaçılar cavabdehlərdən daşınmaz əmlakın dəyərinin onların paylarına mütənasib hissəsinin verilməsini tələb etsələrdə, cavabdehlər iddiaçılara kompensasiyanın ödənilməsinə dair fikirlərini bildirməmişlər, işin araşdırılması zamanı cavabdehlərdən Cavabdeh2 iddiaçıların hüquqdan sui-istifadə edərək, ondan artıq kompensasiya istəməsini iddia etmiş, ekspertiza təyin edilmiş, ekspert rəyindən sonra da cavabdehlər payın əvəzinə digər mülkiyyətçilərə kompensasiya verməmişdilər. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin və evin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), cavabdehlər Cavabdeh1 (1/4 hissə) və Cavabdeh2 (1/4 hissə) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsi və ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılmalı və satış pulu iddiaçılar və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), cavabdehlər Cavabdeh1 (1/4 hissə) və Cavabdeh2 (1/4 hissə) paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0681 ha torpaq sahəsi və ümumi sahəsi 158 kv.m olan fərdi yaşayış evi açıq hərracda satılsın və satış pulu iddiaçılar və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar