Məhkəmə qərarları › İş №2(050)-360/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-360/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-360/2024 14.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Çıxarış əsasında mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yaşayış mənzili vardır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2009-cu il tarixdə 1 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində onun adına hüquqi qeydiyyata alınmış, mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzildə onun ailə üzvləri olan, lakin uzun illər öncə həmin evdən çıxıb getmiş cavabdehlər qeydiyyatdadırlar. Belə ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşı olmuşdur. Cavabdeh1lə aralarında olan nikah xx.xx.1994cü ildə pozulmuşdur. Cavabdeh1 1989-cu ildən hazırkı vaxta kimi Rusiya Federasiyasında yaşayır. Cavabdeh2 isə onun qızıdır və uzun illərdir ki, Rusiya Federasiyasında atası ilə birlikdə yaşayır. Uzun illərdir ki, onlardan xəbər yoxdur. Hazırda onların Rusiyada hansı şəhərdə və ünvanda yaşamaları ilə bağlı heç bir məlumatı yoxdur. Onların qeydiyyatdan çıxarılmaları barədə rayon pasport qeydiyyat idarəsinə müraciət etsə də, həmin şəxslər pasport şöbəsinə gəlmədiklərindən və məhkəmə qətnaməsi olmadığından cavabdehləri qeydiyyatdan çıxarmaq mümkün olmamışdır. Cavabdehlər onun mülkiyyətində qeydiyyatda olduğundan əmlakı üzərində istədiyi kimi sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən cavabdehlərin mülkiyyət hüququ üzrə ona məxsus mənzilindən pasport qeydiyyatından çıxarılmaları barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, Masallı şəhəri, C.Cabbarlı küçəsində istifadədə olan 0.08085 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın 4cü girişində, 4-cü mərtəbəsində yerləşən 48.4 kv.m ümumi, 27.8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 46 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Masallı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli, 3-13-97/2-İ- 501xx/xx/2023 saylı məktubdan görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı RPŞ-nə təqdim edilmədiyinə görə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tələbdən imtina edilməklə mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. -Azərbaycan Respublikası Masallı Rayon Mənzil İstismarı sahəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli, 5-66-40/2-02/2024 saylı məktubdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq uzun müddədtdir həmin ünvanda yaşamırlar. Onların hansı ərazidə yaşaması barədə məlumatları yoxdur. -Nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə X1 arasında olan nikah Masallı Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1994-cü ildə 27 №-li akt qeydi ilə Masallı Rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli, 3-38-2/33-740/24 saylı məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 sonuncu dəfə xx.xx.2006-cı il tarixdə ölkə hüdudlarından kənara çıxmış və xx.xx.2006cı il tarixdə geri qayıtmışdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 31 saylı evin, 46 saylı mənzilində əvvəllər yaşamamış, mülkiyyətçinin ailə üzvləri olmuş və onların xeyli müddətdir harada yaşamaları məlum deyildir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda olmaları sonuncunun mülkiyyətçi kimi hüquq və mənafelərini pozur. Məhz bu səbəbdən də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya məxsus olduğundan və cavabdehlərin həmin yaşayış sahəsindən istifadə etməsi üçün heç bir hüquqi əsası olmadığından onların sözü gedən yaşayış sahəsindən istifadə hüquqlarına itirimiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan-yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qununi qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Mülkiyyət hüququ üzrə İddiaçı məxsus Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən 31 saylı evin, 46 saylı mənzilindən Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə həmin şəxslərin evin qeydiyyatından çıxarılması üçün əsasdır. Əlavə olaraq Cavabdeh2 və Cavabdeh1 100 (yüz) manat tutulub İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar