Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3621/2025 11.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı atanın uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 iyul 2012-ci il təvəllüdlü X13 və 23 yanvar 2017-ci il təvəllüdlü X5 müalicəsi üçün nikahın pozulmasından keçən son iki il ərzində sərf etdiyi 5000 manat pulun yarı hissəsinin və bundan sonra uşaqların müalicəsinə çəkiləcək xərclərin yarı hissəsinin əvəzi olaraq hər ay 125 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində uşaqların müalicəsinə sərf etdiyi 5000 manat pulun yarısını tələb etməkdən imtina etmiş, iddia tələbinin digər hissəsinə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2007-cı ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 10 iyul 2012-ci il təvəllüdlü X13 və 23 yanvar 2017-ci il təvəllüdlü X14 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-671/2023 saylı 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Uşaqların hər ikisi uşaq yaşlarından xəstədirlər, mütəmadi olaraq müalicə alırlar. Belə ki, 10 iyul 2012-ci il təvəllüdlü X13 xroniki allergiyadan, 23 yanvar 2017ci il təvəllüdlü X14 isə xroniki bronxial astmadan əziyyət çəkir. Uşaqların aylıq müalicə xərcləri 250 manat təşkil edir. Cavabdehlə aralarında olan nikahın Masallı Rayon Məhkəməsinin 2(050)-671/2023 saylı 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmasından sonra hazırkı vaxtadək keçən iki il müddət ərzində uşaqların müalicəsinə 5000 manat pul xərcləmişdir. Cavabdeh uşaqların müalicə xərclərində iştirak etmir, məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti əhəmiyyətli gecikmələrlə ödəyir. Uşaqların müalicə xərcləri ilə bağlı aralarında hər hansı bir saziş yoxdur. Cavabdehin uşaqların müalicə xərclərində iştiraka cəlb olunması məqsədi ilə mediasiya təşkilatına müraciəti müsbət nəticə verməmiş, belə ki, cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmiş, uşaqların müalicə xərclərində iştirak etməyəcəyini bildirmişdir. Hesab edir ki, uşaqların müalicəsinə çəkdiyi 5000 manat məbləğində xərclərin, eləcə də bundan sonra uşaqların müalicəsinə sərf olunacaq 250 manat məbləğində xərclərin yarısı cavabdehdən tutularaq ona verilməlidir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək, etirazında göstərmişdir ki, X7 ona qarşı atanın uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbi barədə iddia qaldırmışdır. İddia tələbini qəbul etmir, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddia ərizəsi MPM-nin 149-cu maddəsinə cavab vermir, iddia ərizəsi MPM-nin 152.1.1-ci maddəsinə əsasən geri qaytarmalı idi. Araşdırma aparmadan qanunu pozaraq iddia ərizəsi icraata qəbul edilmişdir. Hazırlıq iclasında iddianın mümkünlük məsələsini müzakirə edilməsini xahiş edir. İddiaçı ilə nikahları məhkəmə qaydasında pozulmuş, rəsmi nikahlarından olan iki övladı iddiaçının himayəsinə verilmişdir. Sonrakı artımlarla birlikdə hazırda iddiaçıya iki uşağa görə 400 manat aliment ödəyir. İlk öncə iddiaçı alimentin indeksasiyasını etdirmiş, ondan iki uşağa görə 464 manat aliment tutulmuşdur. Alimenti ödəyə bilmədiyindən alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X12 ədalətsiz qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş, qətnamədən apellyasiya qaydasında şikayət etmişdir. Şirvan Apellyasiya məhkəməsinin 2(106)-1559/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Masallı rayon məhkəməsinin ədalətsiz qətnaməsi ləğv edilmişdir. Hazırda o, 400 manat alimenti ödəyir. İkinci dəfə ailə həyatı qurmuş, həyat yoldaşı hamilədir, keçən vaxt ərzində maddi həyatında heç bir artım olmamışdır. Övladları Həsən və Nihadın heç bir xəstəliyi yoxdur, sağlam uşaqdırlar, sadəcə iddiaçı alimentlə razılaşmayaraq, boş-boş iddia tələbləri ilə məhkəmələri narahat edir. Həmçinin, dövlət tərəfindən xəstələrə pulsuz müayinə və müalicə xidmətləri göstərilir. İddiaçı qeyd edir ki, iki il ərzində uşaqların müalicəsinə 5000 manat pul xərcləmişdir. İddiaçının dediyi ancaq sözdə qalır. Xərclədiyi pulların qəbzlərini məhkəməyə təqdim etsin. Təqdim edə bilməyəcəkdir, çünki pullar xərcləməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, iddianın əsasını heç bir mötəbər sübut təşkil etmir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İş üzrə alınmış izahatlar: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 10 iyul 2012-ci il təvəllüdlü X13 xroniki allergiya, 23 yanvar 2017-ci il təvəllüdlü X14 isə xroniki bronxial astma xəstəliyi vardır. Bununla bağlı uşaqları müalicə xəstəxanalara aparır. Hər dəfə dərmanlar alır və pul xərcləyir. Dərmanlar hər dəfə müxtəlif olduğundan, umumilikdə uşaqların müalicəsi üçün hər ay 80, bəzən 50, bəzən 20, bəzən də 12 manat pul xərcləyir. Cavabdeh işləyir, əmək haqqı alır. Ona uşağın saxlanılması üçün alimenti ödəsə də, müalicə xərcləri üçün heç bir maddi yardım göstərmir. İddia ərizəsində boşandığı vaxtdan müalicə üçün çəkilmiş 5000 manat xərcin yarısını tələb etsə də, sonradan həmin tələbindən imtina etmişdir. Lakin, bundan sonra hər ay uşaqların müalicəsi üçün 125 manatın tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazda göstərdiyi xüsusatlara uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddianı qəbul etmir. İddiaçı ondan ayrılandan sonra uşaqları ona göstərmir, lakin buna baxmayaraq, hər ay 400 manat alimenti ödəyir. Həmçinin, uşaqları saxlamaq onunla yanaşı iddiaçının da borcudur. Ona qanunla təyin edilmiş aliment məbləğini ödəyirsə, iddiaçı da uşaqların digər tələbatlarını qarşılamağa borcludur. 400 manat alimenti çətinliklə ödəyir, əlavə xərclərə cəlb edilərsə, ödəniş edə bilməyəcəkdir. Çünki ikinci dəfə ailə qurmuşdur, təzəlikcə övladı da doğulmuşdur, ailənin xərclərini də çatdıra bilmir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Masallı Rayon Məhkəməsinin 2(050)-671/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah pozulmuş, onların birgə nikahlarından doğulmuş 10 iyul 2012-ci il təvəllüdlü X13 və 23 yanvar 2017-ci il təvəllüdlü X14 analarının yanında saxlanılmış, xx.xx.2023-cü il tarixdən başlayaraq uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 200 manat, cəmi 400 manat alimentin Cavabdeh tutularaq Camalə Cəbiyevaya verilməsi qət edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 04 iyul 2025-ci il tarixli, 2107 saylı tibbi arayışından görünür ki, 10 iyul 2012-ci il təvəllüdlü X1 rayon ploklinikasında tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsi kimi, xroniki övrə L50.0 qeyd edilmişdir. TƏBİB-in Ambulator kitabçadan çıxarışdan görünür ki, 23 yanvar 2017-ci il təvəllüdlü X2 rayon ploklinikasında tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsi kimi, Bronxial asma atipik forma orta-ağır gedişli dioqnozu qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tibbi müayinə sənədlərindən və reseptlərdən görünür ki, 23 yanvar 2017-ci il təvəllüdlü X14 müxtəlif müayinələrdən keçirilmiş və onun müalicəsi üçün dərman reseptləri yazılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahları məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında saxlanılmış, uşaqların saxlanması üçün hər uşaq üçün hər ay 200 manat alimentin tutularaq X4 ödənilməsi qət edilmişdi. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərlə müəyyən edilir ki, tərəflərin birgə uşaqları - 10 iyul 2012-ci il təvəllüdlü X13 xroniki allergiyadan, 23 yanvar 2017-ci il təvəllüdlü X14 isə bronxial diaqnozu ilə xəstədir. Nihad Cəbiyevin müxtəlif müayinələrdən keçirilməsi və onun müalicəsi üçün dərman reseptləri yazıldığı tibbi sənədlərlə təsdiq edilsə də, həmin reseptlər üzrə dərmanların alınması barədə qəbzlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Göründüyü kimi, iddiaçı 10 iyul 2012-ci il təvəllüdlü X13 və 23 yanvar 2017-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün Cavabdeh özünün xeyrinə hər ay 125 manat tutulmasına dair iddia tələbi üzrə uşaqların xəstə olmasına, onların müalicəyə və dərmana ehtiyacının olmasına istinad etmiş olsa da, iddia tələbində müalicə və dərman pulunun hər ay 125 manat təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında izahat verərkən uşaqların müalicəsi üçün hər ay maksimum 80 manat olmaqla, bəzən də ondan aşağı məbləğlərdə pul xərclədiyini bildirmişdir. Məhkəmə işin həqiqi hallarına əsasən hesab edir ki, 23 yanvar 2017-ci il təvəllüdlü X5 Bronxial asma atipik forma orta-ağır gedişli dioqnozlu xəstəlikdən əziyyət çəkməsi və bununla bağlı bir neçə dəfə tibbi müayinələrdən keçərək müalicəsi üçün dərman reseptlərinin yazıldığı təsdiq edilmişdir. Yuxarıda qeyd edilən Qanunun mənasına görə valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulması nəzərdə tutulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş 23 yanvar 2017-ci il təvəllüdlü X5 hər ay müalicəsi ilə əlaqədar iddiaçının hər ay tələb edilən məbləğdə vəsait sərf etməsi müəyyən edilmədiyindən, uşağın müalicəsi ilə əlaqədar müalicələrin davam etdiyi müddətdə Cavabdeh hər ay 30 manat tutulmalıdır. Tərəflərin övladı 10 iyul 2012-ci il təvəllüdlü X6 isə xəstəliyinin davam edən xəstəlik olması və müalicəsi üçün hər hansı xərclərə ehtiyacının olmasına dair iddiaçı tərəfindən sübutlar məhkəmə təqdim edilməmişdir. O, yalnız uşağın bədən nahiyəsində səpkilərin olmasına dair tarixi bəlli olmayan fotoşəkilləri təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlər və respetlərin hamısı 23 yanvar 2017-ci il təvəllüdlü X8 aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən də 10 iyul 2012-ci il təvəllüdlü X9 münasibətdə müalicə xərclərinin tutulmasını məhkəmə məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə müalicə xərcinin tutulmasına iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. “Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 oktyabr 2025-ci il tarixdən başlayaraq, 23 yanvar 2017-ci il təvəllüdlü X5 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün müalicələrin davam etdiyi müddətdə Cavabdeh hər ay 30 (otuz) manat alınaraq X4 verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-3621/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3621/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver