Məhkəmə qərarları › İş №2(050)-398/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-398/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-398/2023 19.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X11, X8, X16, X9, X12) “torpaq sahəsinin naturada bölünməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X11, X8, X16, X9, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ləngan kəndində yerləşən birgə mülkiyyətdə olan 0.5674 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0.5674 hektar torpaq sahəsindən ona düşən payın yerinin müəyyənləşdirilərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 nömrəli qərarı ilə atası X7 və onun ailə üzvlərinə Masallı rayonu, Ləngan kəndində 1.07 ha paybəli torpaq sahəsi verilmiş və bununla bağlı JN-0059 Kod 80520038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(106)-2808/2018 saylı qətnamələri əsasında X13 və X2 miras qalmış Masallı rayonu, Ləngan kəndində yerləşən “Torpağa mülkiyyət hüququna dair” JN-0059 saylı Dövlət aktında qeyd edilmiş 1.07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0.714 ha sahəsinə onun miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edimişdir. Həmin torpaq sahəsi iki hissədən ibarətdir. Torpaq sahəsinin bir hissəsinə, yəni 0.5674 ha hissəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A № 813127 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Xüsusi mülkiyyətdə olan 0.5674 ha torpaq sahəsindən ona düşən payın naturada ayrılaraq təhvil verilməsini istəyir. Cavabdeh həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Torpaq sahəsi paylı mülkiyyətdə olduğu üçün payını naturada ayırıb istifadə edə bilmir. Halbuki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad edilmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, torpaq sahəsinin 2/3 hissəsinin ona verilməsini istəyir, qalan 1/3 hissəsinin isə iddiaçıda qalmasına etiraz etmir. Torpaq sahəsini 2005-ci ildən cavabdeh əkir. Həmin vaxtdan indiyə kimi dəfələrlə cavabdehdən ona məxsus olan torpaq sahəsini şifahi olaraq tələb etmiş, başqa torpaq sahəsindən istifadə etdiyinə, həmçinin qohumluq münasibətlərinə görə hazırkı vaxtadək məhkəməyə müraciət etməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 bildirdi ki, mübahisəli torpaq sahəsinin 2/3 hissəsi atasına, qalan 1/3 hissəsinin isə iddiaçıya məxsusdur. Torpaq sahəsini 2005-2006cı ildən cavabdeh əkir. Həmin vaxtdan indiyə kimi dəfələrlə cavabdehdən torpaq sahəsini şifahi olaraq tələb etmişlər, başqa torpaq sahəsindən istifadə etdiklərinə, həmçinin qohumluq münasibətlərinə görə hazırkı vaxtadək məhkəməyə müraciət etməmişdilər. Cavabdeh torpaq sahəsini zəbt edərək, çəpərə almışdır. Sonda Nümayəndə2 iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsində 1995-ci ildən ev tikərək yaşayırlar və buna iddiaçı etiraz etməmişdir. X5 atasının anasıdır. Torpaq sahəsi ilə bağlı 2018-ci ildə olmuş məhkəmə proseslərində atası iştirak etməmişdir. Sonda Nümayəndə1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi uzun müddətdir ki, cavabdehin sahibliyindədir. Mülki Məcəlləyə görə torpaq sahəsi kimin sahibliyindədirsə ona aiddir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Sonda Vəkil2 iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, X5 anasıdır. Anası rəhmətə getmişdir. Mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun sahibliyindədir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı vərəsəlik hüququndan istifadə etmir. Cavabdeh uzun müddətdir ki, mübahisəli torpaq sahəsində ev tikərək yaşayır. Sonda Vəkil1 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdilər və bunun səbəbi barədə məlumat verməmişdilər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 1/3 hissədə və İddiaçı 2/3 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 181 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh anası X3r. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilir ki, **********6 reyestr nömrəli çıxarışla X1 və İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi və köməkçi tikililər olduğundan (həmin tikililərə münasibət bildirildikdən sonra) pay torpağının naturada bölünməsi mümkündür. Qanunverciliklə müəyyən edilmiş formada payın naturada ayrılması mümkündür. Torpaq sahəsinin planı və yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********6 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha torpaq sahəsinin faktiki vəziyyətdə üç tərəfdən küçəyə çıxışının olmasını və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərin planlı yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsinin X1 və İddiaçı 1/3 və 2/3 hissədə payına uyğun olaraq təcrid olunmuş şəkildə bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə ki, torpaq sahəsinin qərb küncündən şərq istiqamətdə sərhəd xətti boyunca 60 metr məsafədən sonra və cənub tərəfindəki küncdən şərq istiqamətdə sərhəd xətti boyunca 20.96 metr və 35.81 metr məsafədən sonra torpaq sahəsinin daxilinə doğru 68.73 metr uzunluğunda sərhəd hasarı çəkilməklə həmin torpaq sahəsinin 1/3 və 2/3 hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Rəyə torpaq sahəsinin bölgü sxemi əlavə edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni qərarda həmçinin qeyd edilmişdir ki, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bundan başqa həmin qərarda o da qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Cavabdehin mübahisəli torpaq sahəsində tikililər inşa etməsi iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Cavabdehin digər payçı X4 münasibətdə vərəsə kimi gözlənən mülkiyyət hüququ var. O, mübahisəli torpaq sahəsinə münasibətdə hansı hüquqa sahibdirsə, iddiaçı da həmin hüquqa sahibdir, özüdə iddiaçının daha çox (2/3) payı var. 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, tikililərin mövcud olması və onların cavabdeh üçün ayrılmış torpaq sahəsində yerləşməsi nəzərə alınmışdır. Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etdiyi halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edilə bilməməsi qəbul edilən deyil. Məhkəmə iddiaçının paylı mülkiyyətdə olan payının ayrılmasına münasibətdə qeyd edir ki, müvafiq ekspert rəyi ilə ümumi paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçıya məxsus 2/3 hissənin ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə torpaq sahəsi naturada bölünməlidir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə mövqeyinə münasibətdə bildirir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (MM-in 375.2 maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Göstərilənlərə əsasən məhkəmə iddia müddətinə münasibətdə hər hansı bir araşdırma aparmamışdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının” Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. ...Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.” MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 15 sentyabr 2023-cü il tarixli, 10/6248 nömrəli ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin bölgü sxeminə uyğun olaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat, **********26 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Ləngan kəndində yerləşən 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 2/3 hissə payı naturada ayrılaraq ona verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 (doxsan beş) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar