Məhkəmə qərarları › İş №2(050)-49/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-49/2025

07.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-49/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs DƏDK və X4 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) qarşı “payın naturada müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs DƏDK və X4 Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli çıxarışa əsasən onunla cavabdehin mülkiyyətində olmaqla Masallı rayonu Sərçuvar kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışa əsasən onunla cavabdehin mülkiyyətində olmaqla Masallı rayonu Sərçuvar kəndində yerləşən 0,35 ha kən təsərrüfatı təyinatlı torpaq sahəsində 1/2 payının naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: cavabdehlə onun birgə mülkiyyətlərində Masallı rayonu Sərçuvar kəndində 0,22 ha həyətyanı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi, həmçinin 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan daşınmaz əmlakda hər birinin payı 1/2-dir. Həmin daşınmaz əmlaklara dair hüquqları qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********86-10301 reyestr nömrəli və **********03 reyestr nömrəli çıxarışlar verilmişdir. Daşınmaz əmlaklar üzərində hər biri pay aydındır. Lakin, həmin payın konkret olaraq daşınmaz əmlakların hansı hissəsindən olması məlum olmamaqla, paylarının ayrılması ilə bağlı cavabdehlə aralarında razılıq əldə edilmədiyindən daşınmaz əmlaklarda olan paylarının naturada ayrılması mümkün olmamışdır. Məhz bundan istifadə edən cavabdeh və ailə üzvləri paylı mülkiyyətindən istifadəyə müxtəlif maneələrlə imkan vermirlər. Hətta məhkəmə qərarı ilə paylı mülkiyyətində olan evə köçürülsə də, oradan istifadəsinə şərləməklə, hədə-qorxu ilə onu evə qoymurlar. Cavabdeh paylı mülkiyyətlərinin naturada bölgüsünə nəinki razılıq vermir, hətta bu barədə ona ünvanladığı müraciətini belə almaqdan imtina etmişdir. Bu xüsusat da həmin müraciətin göndərildiyi zərfin üzərində olan poçt qeydi ilə öz təsdiqini tapır. Nəticədə isə daşınmaz əmlakların mülkiyyətində olan hissəsi naturada ayrılmadığından öz payı üzərində faktiki olaraq sərəncam verə bilmir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh onun bacısıdır. Sözügedən evi onların mərhum ataları tikmişdir. Bacısının əri vəfat etdikdən sonra ona dövlət tərəfindən Masallı şəhərində ev verilsə də, o, vaxtı atası və onlar onun üç uşaqla tək yaşamasını istəmədiklərindən onu uşaqları ilə birlikdə həmin evə gətirib saxlamışlar. Atası 1982-ci ildə, daha sonra isə anası vəfat etmişdir. Valideynləri vəfat edənə kimi həmişə onların yanına gəlib-getmişdir. Özü isə həkim işlədiyindən ailəsi ilə Bakı şəhərində yaşamışdır. Daha sonra təqaüdə çıxdığından, bundan sonra həmin evdə, yəni ata evində yaşamağa qərar vermişdir. Lakin, cavabdeh onun həmin evdə yaşamasına icazə verməmiş, ona manelər yaratmışdır. Beş ildir ki, o, evdə yaşamaq istədiyinə görə dövlət orqanlarına və məhkəmələrə gəlib-getmişdir. Məhkəmə qətnaməsi ilə ona verilmiş payından istifadə edə bilmir. Odur ki, ona məxsus payın naturada bölünməsini istəyir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun əri vəfat etdikdən sonra uşaqları ilə həmin evdə yaşamışdır. Hazırda isə özü, oğlu, gəlini və nəvələri həmin evdə yaşayırlar. İddiaçının ora gəlib-getməsinə etiraz etməmişdir. Lakin, iddiaçı ora gələrkən, onlar üçün narahatçılıqlar yaratmış, onları incitmişdir. Evdə və həyətdə səliqəsizliklər yaratdığından onları narahat etmiş və bu səbəbdən də onun həmin evə gəlməsini istəməmişlər. Bundan başqa iddiaçı onların barəsində şikayətlər etmiş, onların üstünə polis gətirmişdir. İddiaçı Bakı şəhərində yaşayır, evi vardır. Onun burada evə ehtiyacı yoxdur. Lakin, o, evi oğlu üçün istəyir. Əvvəllər iddiaçı ona ümumiyyətlə evi tərk etməsini bildirsə də, sonradan qanunla öz payını ala bilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Təsviri hissə Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh xüsusi mülkiyyətlərinə Masallı rayonu, Sərçuvar kəndində 0.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (½ hissə) ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə, Cavabdeh (½ hissə) ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh xüsusi mülkiyyətlərinə Masallı rayonu, Sərçuvar kəndində xüsusi mülkiyyətlərinə 0.22 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 177.1 kv.m olan fərdi yaşayış evi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (½ hissə) ********** qeydiyyat nömrəsi, xx.xx.2024-cü il qeydiyyat tarixi ilə, Cavabdeh (½ hissə) xx.xx.2023-cü il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********86-10301 reyestr nömrəli çıxarışla məhrum X1 adına qeydə alınmış Masallı rayonu Sərçuvar kəndində 0,22 ha torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 177,1 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilir ki,

1. İddiaçı, birgə paylı mülkiyyətində olan Masallı rayonu Sərçuvar kənində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin çıxarışla müəyyən olunmuş ½ payının naturada ayrılması fərdi yaşayış evi və köməkçi tikililər payçıların notarial qaydada razılığı əsasında bölündükdən sonra mümkündür.

2. Masallı rayonu Sərçuvar kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışla müəyyən olunmuş payının naturada ayrılması şərqdən qərb istiqamətində bölünməsi mümükündür. Rəyə əlavə olunmuş yeruqruluşu planında həmin bölgünün yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2024-cü il tarixli, 10/7392 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı, birgə paylı mülkiyyətində olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 177,1 kv.m (yaşayış sahəsi 102 kv.m) olan fərdi yaşayış evinin ½ hissədə paya uyğun olaraq naturada təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü zamanı fərdi yaşayış evinin şərq tərəfində yeni giriş qapısı və pilləkən inşa edilməli, həyətyanı sahədə yerləşən yay mətbəxi bir hissədə, ayaqyolu tikilisi bir hissədə qalacağından mətbəx qalan tərəfdə ayaqyolu tikilisi, digər tərəfdə isə mətbəx tikilisi inşa edilməlidir. Mümkün bölgü variantı və ölçülər rəyin tədqiqat hissəsinə əlavə edilmiş sxemdə göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4430/2024 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışla müəyyən olunmuş 1/2 payının naturada ayrılmasının şərqdən qərb istiqamətində mümkün olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında həmin bölgünün yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir.

Əsaslandırıcı hissə

Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177,1 kv.m olan fərdi yaşayış evi, eyni zamanda 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Masallı Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh hər birinin ½ payları müəyyən edilmişdir. İddiaçı tərəfindən naturada bölünməsi tələb edilən əmlakların iş üzrə alınmış ekspert rəyinə əsasən naturada(fiziki) cəhətdən bölünməsi mümkündür. Cavabdeh ekspert rəyində müəyyən edilmiş bölgü variantına əsasən tərtib edilmiş sxem üzrə əmlakların naturada bölgüsünün aparılmasına etirazının olmadığını qeyd etmişdir. İddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçı cavabdehlə mülkiyyətlərində olan əmlakların naturada bölgüsünün aparılması xahiş etmişdir. Bu səbəbdən də məhkəmə yaranmış mübahisənin həll edilməsi üçün qeyd edilən əmlakların naturada bölünməsi ilə bağlı Mülki Məcəllədə qeyd edilmiş maddi hüquq normalarının tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.2. paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü tarixli qərardadında ümumi mülkiyyətdə olan əmlakların ayrılması və bölgüsü ilə bağlı aşağıdakı hüquqi mövqeyi ifadə etmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi) Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Göründüyü kimi, qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı əmlakların bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş, həm qanunvericiliyin tələbinə əsasən, həm də Ali Məhkəmənin qəradadında ifadə edilmiş mövqeyə əsasən qeyd edilən mübahisənin həll edilməsi üçün ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, əmlakların açıq hərracda satılmaq yolu ilə bölünməsi həyata keçirilməlidir. İş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddia tələbində bölünməsi tələb edilən əmlakların iddiaçı və cavabdehin arasında ½ hissədə naturada (fiziki) bölünməsi texniki cəhətdən mümkün olmuşdur. Belə olan halda, iddiaçının iddia ərizəsində göstərdiyi əmlakların naturada bölgüsü həyata keçirilməlidir. Göstərilənlərə əsasən, 19 noyabr 2024-cü il tarixli, 10/7392 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilmiş bölgü variantını əks etdirən sxemə əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat, **********86 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177,1 kv.m olan fərdi yaşayış evi, eyni zamanda xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********03 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı 1/2 hissə payı naturada bölünməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu100 manat, iddiaçı tərəfindən mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

Nəticə:

Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. 19 noyabr 2024-cü il tarixli, 10/7392 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilmiş bölgü variantını əks etdirən sxemə əsasən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat, **********86 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 177,1 kv.m olan fərdi yaşayış evi, eyni zamanda xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********03 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Masallı rayonu, Sərçuvar kəndində yerləşən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə İddiaçı 1/2 hissədə payı naturada bölünsün. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 (bir yüz) manat və mütəxəssis rəyinə görə ödənilmiş 95 (doxsan beş) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar