Məhkəmə qərarları › İş №2(051)-10/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-10/2025

07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-10/2025 07.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmış, Cavabdeh1 ona məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması, qeyri-yaşayış sahəsinin cavabdehin vəsaiti hesabına bərpa olunmaqla əvvəlki vəziyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin ona məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 47/2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, qeyri-yaşayış sahəsinin cavabdehlərin vəsaiti hesabına bərpa olunmaqla əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlərin ona məxsus qeyriyaşayış sahəsindən çıxarılana kimi hə ay üçün 1000 manat məbləğdə pulun cavabdehlərdən tutulub ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ünvanladığı ərizədə bildirdi ki, iddiaçı və cavabdehlərin hər birinin VÖEN-i olmaqla bərabər vergi ödəyicisi olsa da, iddia məhkəmə aidiyyəti qaydaları pozulmaqla ümumi məhkəməyə verilmişdir. Bundan əlavə, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yer olmaqla, iddiaçının hər ay cavadehlərdən 1000 manat pul tələb etməsi iddianın sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu təsdiq edir. İddia olunan daşınmaz əmlak isə qeyri-yaşayış sahəsi olmaqla mübahisə predmetinin və hüquq münasibətləri xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını göstərir. Beləliklə, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri onu göstərir ki, hazırki iddia məhkəmə aidiyyəti pozulmaqla məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Odur ki, mülki işin məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı bildirdi ki, Cavabdeh2 vergi ödəyicisi deyildir, digər Cavabdeh1 isə vergi ödəyicisi olsa da, fəaliyyətini müvəqqəti dayandırmışdır. Qeyd edilənlərə əsasən vəsatətin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı nümayəndəsinin izahatına uyğun izahat verərək vəsatətin rədd edilməsini xahiş etdi. Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, Cavabdeh1 gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçının cavabdehlərə qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə bağlı olduğundan mübahisəyə Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə sənəddən görünür ki, İddiaçı məxsus ********** nömrəli VÖEN-i hazırda aktiv vəziyyətdədir, Cavabdeh1 məxsus ********** nömrəli VÖEN-i və Cavabdeh2 məxsus ********** nömrəli VÖEN-i hazırda hazırda fəaliyyətini müvəqqəti dayandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi də tərəflərin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, iş materiallarından və iddia ərizəsindən də görünür ki, hazırkı mübahisə iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Ona görə də sözügedən iddiaya baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandrılmış qərardad çıxarır. Həmin məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin məcəllənin 32.7-ci maddəsinə əsasən Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 32, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutub, qəraraaldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahsəinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar