Məhkəmə qərarları › İş №2(051)-1007/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1007/2021

02.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1007/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə və etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Zabit qızının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı «qanun üzrə 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması» tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı qarşı iddia ərizəsi ilə müraciət edərək X1 miras qalmış Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh Zabit qızı onun keçmiş əri X2 rəsmi arvadı olmuşdur. X3 ilə onun arasındaki nikah 25 aprel 2009-cu ildə pozulmuşdur. Birgə evliliklərindən xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları olmuşdur. Aralarındaki nikah pozularkən uşaqlardan biri onun digəri isə atasının yanında qalmışdır. Yaşar Şirinovla ailəli olduğu vaxt Yaşarın anasına məxsus evdə yaşamışlar. X5 həmin mənzili satmış, yeni arvadı Cavabdeh adına Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin, 38 saylı mənzilini almışlar. Mənzil birgə nikah dövründə alındığından Yaşar Şirinovun payı ½ hissədir. Yaşar Şirinov 03 avqust 2018-ci ildə vəfat etmişdir. Qızları isə azyaşlı olduqları üçün iddia onun tərəfindən qaldırılmışdır. Ona görə də X1 miras qalmış Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Vəkil1 iddiaçıların qanuni nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Zabit qızının nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki,bir neçə hala görə iddia tam əsassızdır. Birincisi iddiaçı miras əmlakı nə formal, nə də faktiki qəbul etməmişdir. Belə ki, miras qoyan Şirinov Yaşar 2018-ci ildə vəfat etmişdir, iddiaçılar isə onun vəfat etməsindən xəbərdar olublar, hətta dəfnində də iştirak ediblər, yəni “Vərəsə vərəsəliyə çağırıldığını bilmişdir”. Lakin 3 ildən sonra vərəsənin belə bir addım atması qanunazidd və əsassızdır. İkincisi, AR Mülki Məcəlləsi mirası qəbul etməyin 2 yolunu müəyyən etmişdir: formal və faktiki. Lakin iddiaçı bunların heç birini etməyib. İddiaçıdan fərqli olaraq cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Cavabdeh miras əmlakda miras açılandan əvvəl və hazırda da yaşayır, ona sahiblik edir, onu idarə edir. Cavabdehin şəxsiyyət vəsiqəsinə baxdıqda da bunu görmək olar. Bundan əlavə, həmin miras əmlak tam mülkiyyət hüququ üzrə cavabdehə məxsusdur, dövlət qeydiyyatına alınmış əmlakdır, çıxarışı da cavabdehin adınadır. Həmin mənzil faktiki və real olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Üçüncüsü, iddiaçı həm qanuni, həm də faktiki olaraq Cavabdeh mülkiyyətimdə olan mənzilini hüquqazidd yolla bölməyə cəhd göstərir. O, iddia predmeti olan mənzili öz vəsaiti ilə almış və alındığı gündən indiyədək həmin mənzildə rəhmətlik həyat yoldaşı ilə birgə yaşamışdır. Hazırda həmin mənzildə yalnız cavabdeh yaşayır, həmin mənzilə sahiblik edir, onu idarə edir, kommunal xərclərini ödəyir, təmirini də özü edir. Eyni zamanda, cavabdeh, həmin mənzildə pasport qeydiyyatındadır. Dördüncüsü, iddiaçı nə formal, nə də faktiki olaraq mirası qəbul etmədiyindən, mirasın bölünməsi ilə bağlı iddia tələbi də əsassızdır. Belə ki, miras əmlakın bölgüsü yalnız onu qəbul edən vərəsələr arasında aparıla bilər. Beşincisi, cavabdeh əri rəhmətə gedəndən sonra (yəni miras açılandan sonra) onun banka olan borclarını da tam şəkildə bağlamış və bununla da, miras qoyanın miras aktivini qəbul etdiyi kimi, miras passivini də qəbul etmişdir. Bütün göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarmağınızı Sizdən xahiş etmişdir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat kontorunun 15.03.2021-ci il tarixli 409 nömrəli məktubundan görünür ki, İddiaçı1 26.07.2018-ci il tarixdə vəfat etmiş atası X1 qalmış miras əmlaka digər vərəsələr arasında mübahisə olmasına baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 26.07.2018-ci ildə ölmüşdür və onun ölümü haqqında 03.08.2018-ci il tarixli 251 №-li akt tərtib olunmuşdur. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına 08.02.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin 26.02.2021-ci tarixli qərarından görünür ki, 05.02.1963-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş X2 barəsində Azərbaycan Respublikası Respublikasının Ədliyyə Nazirliyinin “Vətandaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 26.02.2021-ci ilədək aparılmış və 1.Arvadı: Cavabdeh, 2. Qızı: İddiaçı1, 3. Qızı: İddiaçı2 adları aşkar edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 Qanuni nümayəndə Ağakişi qızı ilə nikahından xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları doğulmuşdur. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 Qanuni nümayəndə Ağakişi qızı arasıdan nikahın pozulması 25.04.2009-cu ildə qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyərək, işin faktiki hallarını araşıdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İş materiallarından da görünür ki, X3 26.07.2018-ci ildə vəfat etmişdir. Yaşar Şirinov vəfat etdiyi zaman Cavabdeh ilə ailəli olmuşdur. Bundan əlavə Yaşar Şirinovun birinci evliliyindən xx xxxxxx 2003-cü il təvəllüdlü Həyat və xx xxxxxx 2004-cü il təvəllüdlü Nigar adlı uşaqları olmuşdur. X4 Şirinova ilə birgə nikah dövründə (RX seriyalı, ******* saylı çıxarışa əsasən) 2018-ci il tarixdə Mingəçevir şəhəri R.Rza küçəsindəki 16 saylı evin, 38 saylı mənzilini almış və mənzil Cavabdeh adına qeydə alınmışdır. İddiaçılar qanuni nümayəndələri vasitəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh Y.Şirinov ilə birgə nikah dövründə əldə etdiyi Mingəçevir şəhəri R.Rza küçəsi 16 saylı evin 38 saylı mənzilin ½ hissəsinə övladlarının xx xxxxxx 2003-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı2 miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddia tam olaraq əsassızdır və rədd edilməlidir. Belə ki, iddianın rədd edilməsinin bir neçə əsası vardır. Bunlardan birincisi odur ki, iddiaçılar mirasın qəbul olunması ilə bağlı iki üsuldan biri üzrə mirası qəbul etməli idilər. Mirasın qəbulunun birinci üsulu iddiaçıların mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə olması nəzərdə tutulmuşdur. İddiaçıların qanuni nüməyəndəsi olmasına baxmayaraq miras əmlakı qəbul etmək üçün sözügedən üsulların heç birindən istifadə etməmişdir. Bundan əlavə, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da görünür ki, iddiaçılar həmin mənzildə yaşamamış, atalarının yas məclisində iştirak etsələr də, sonradan həmin mənzilə gəlməmiş, mənzildə qeydiyyatda deyillər və bununla da miras əmlakı da faktiki olaraq qəbul etməmişlər. İddiaçıdan fərqli olaraq Cavabdeh həmin əmlakı faktiki qəbul etmişdir. Həmin mənzil hüquqi və faktiki olaraq cavabdehə məxsusdur, cavabdeh ona sahiblik edir, həmin mənzili normal saxlanmasını o təmin edir, xərclərini özü ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəlləsinin 1244-cü maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. AR Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. AR Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il trixli Qərarına əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə iclasında iddiaçıların qanuni nümayəndəsi olmasına və yas mərasimində iştirak etməsinə baxmayaraq (məhkəmə iclasında iddiaçılar və qanuni nümayəndələrinin özlərinin də etirafına görə) miras əmlakı nə formal, nə də faktiki qəbul etməmişlər. Belə ki, miras qoyan Şirinov Yaşar 2018-ci ildə vəfat etmişdir, iddiaçılar isə onun vəfat etməsindən xəbərdar olublar, hətta dəfnində də iştirak ediblər, yəni “Vərəsə vərəsəliyə çağırıldığını bilmişdir”. Lakin üç ildən sonra vərəsələrnin belə bir iddia ilə müraciət etməsi qanuna müvafiq deyil. Mülki məcəllənin də tələbindən də bilindiyi kimi altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan əlavə məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil Cavabdeh mülkiyyətindədir və mənzil Cavabdeh ilə Yaşar Şirinov arasında bölünməmiş və mərhumun payı ayrılmamışdır. İş üzrə iddiaçılar qanunla müəyyən olunmuş 6 ay ərzində miras əmlakı qəbul etməmişlər. Bundan əlavə iddiaçılar tərəfindən mirasın qəbul edilməli olması barədə heç bir mötəbər sübut təqdim olunmasmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Broniowski v. Poland» işi üzrə 2004-cü il tarixli qərarında birbaşa göstərir ki, 1 saylı Protokolun 1-ci maddəsinin əsas vəzifəsi şəxsi mülkiyyət hüququndan maneəsiz istifadəyə qarşı əsassız müdaxilələrdən qorumaqdır. Lakin bu qayda müvafiq maddənin bütöv mahiyyətini təşkil etmir. Hətta, bəzi qərarlarında Avropa Məhkəməsi qeyd etmişdi ki, dövlət, şəxsin mülkiyyət hüququndan maneəsiz istifadəsini üçüncü şəxslərin təsirindən də qorumalıdır. Əks halda həmin dövlət Avropa Konvensiyası üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh Zabit qızına qarşı «qanun üzrə 1-ci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar