Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-102/2023 27.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 Məhəməd oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 Məhəməd oğluna qarşı birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 Məhəməd oğluna qarşı birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən 225.04 kv. metr yaşayış evinin 105/288 hissəsi onun, 35/288 hissəsi Cavabdeh2, 148/288 hissəsi Cavabdeh1, 0.06 ha torpaq sahəsinin 150/252 hissəsi onun, 62/252 hissəsi Cavabdeh2, 40/252 hissəsi Cavabdeh1nm mülkiyyətindədir və mülkiyyət hüquqları 08 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Evin 82 kv. metr sahəsi, torpağın 0.0357 ha(3.57 sot) hissəsi onun mülkiyyətinə düşür. Buna baxmayaraq cavabdehlər evin böyük bir hissəsinin qapılarını bağlayaraq onun həmin hissələrə girişini qadağan etmişlər. O, 4 nəfər ailə üzvüylə 225.04 kv. metr sahədən ibarət evin 72 kv. metrlik hissəsində yaşayır. Arvadı ilə birgə yaşayan Cavabdeh2 isə qalan hissədən istifadə edir. Cavabdeh1 isə həmin hissədən istifadə etməsə də o da onun həmin hissədən istifadə etməyinə maneçilik törədir. Ancaq 225.04 kv. metrlik yaşayış evinin bütöv sahəsinin kommunal xərclərini özü ödəyir. Qaz üçün artıq 500 manat borc yığılmışdır. Mənzilin sığorta haqqını da ödəyir. 14 otağın yalnız 4-dən istifadə edə bilir. Ona görə də ünvan 1 ünvanda yerləşən 225.04 kv. metr yaşayış sahəsində onun 105/288 hissəsdə, Cavabdeh2 35/288 hissədə, Cavabdeh1nm 148/288 hissədə, 0.06 ha torpaq sahəsində onun 150/252 hissədə, Cavabdeh2 62/252 hissədə, Cavabdeh1nm 40/252 hissədə payının naturada bölünməsi, onun payının 82 kv. metr olması nəzərə alınmaqla 1ci mərtəbədə 8.13 kv. metr sahədən ibarət anbarın, 14.24 kv. metr sahədən ibarət bağlı eyvanın, 29.36 kv. metr yaşayış otağının, 20.15 kv. metr sahədən ibarət yaşayış otağının, 20.35 kv. metr sahədən ibarət dəhlizin yarısının 10.kv. metr sahəsinin və torpağın naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 Məhəməd oğlu və X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölünməsinə razı olmadığını bildirdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 13 №-li yaşayış evə İddiaçı Məhəməd oğlunun 105/288 hissə, torpaq sahəsi 150/252 hissə, Cavabdeh1 qızının yaşayış evə 148/288 hissə, torpaq sahəsi 40/252 hissə, Cavabdeh2 yaşayış evə 35/288 hissə, torpaq sahəsi 62/252 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/7868 №li 17 mart 2023-cü il tarixli rəyində göstərilir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin bir tərəfdən giriş-çıxış yolu, üç tərəfdən qonşu sahələrlə əhatə olunduğunu, həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 225,04 kv.m olan fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini və eləcə də giriş qapısının bir ədəd olduğunu, paylara düşən yaşayış sahələrinə uyğun faktiki yaşayış otqalarının olmadığını nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin və fərdi yaşayış evinin naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddiaçı tələbində Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 13 №-li yaşayış evə onun 105/288 hissə, torpaq sahəsi 150/252 hissə, Cavabdeh1 qızının yaşayış evə 148/288 hissə, torpaq sahəsi 40/252 hissə, Cavabdeh2 yaşayış evə 35/288 hissə, torpaq sahəsi 62/252 hissədə naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mübahisəli evin və torpaq sahəsinin paylara müvafiq olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə ekepertizasının rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, mənzilin paylara uyğun naturada bölünməsi texnki cəhətdən mümkün olmadığına görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 Məhəməd oğluna qarşı birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tərəfindən aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə ödənilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-102/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-102/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver