Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-136/2022 11.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 1700 manat muzdun, həmin muzdun alınması üçün vəkilə və dövlət rüsumuna ödənilmiş 330 manat pulun və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3500 manat məbləğində pulun cavabdehdən alınaraq, onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, İddiaçı2 ilə birlikdə Mingəçevir şəhərində olan usta kimi evlərin təmiri ilə məşğul olurlar. 2020-ci ilin noyabr ayında 4000 manat məbləğində muzd müqabilində cavabdehə məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində təmir işləri aparılması üçün onunla razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən 4 yaşayış otağı, 1 dəhliz, qarderob, sanuzeldən ibarət yaşayış evini təmir etmək üçün həmin evi həmin aydan başlayaraq, razılaşdıqları qaydada təmir etməyə başlamışlar. Materialları cavabdeh almış, onlar isə cavabdehin nəzarəti ilə həmin işləri görmüşdürlər. İş çox olduğundan, özləri ilə bərabər başqa bir Ceyhun adlı şəxsi də öz hesablarına köməkçi kimi gətirib işlərin görülməsində onun köməyindən istifadə etmişlər. 2021-ci ilin fevral ayında işi bitirmişlər. İşi bitirənə qədər hissə-hissə 2300 manat pul almışlar və cavabdeh 3 gün ərzində muzdun qalan 1700 manat hissəsini ödəyəcəyini vəd vermişdir. Bu müddət ərzində cavabdeh, həmçinin onları evə çağırıb razılaşmadan kənar işləri də onlara gördürmüşdür. Cavabdeh 3 günün tamamında pulu ödəməmiş və onlardan yenə 10 gün vaxt istəmişdir. Ondan sonra isə cavabdeh oğlu maşını vurduğunu və xəstələri olduğuna və həmin xəstəni Şəkiyə aparadığına görə yenə vaxt istəmişdir. Daha sonra isə cavabdeh kredit götürəcəyini, obyektini satacağını bildirmişdir. Beləliklə, cavabdeh evə köçüb yaşamasına baxmayaraq, onlara çatası muzdu ödəməmişdir. Ona görə də o və digər iddiaçı cavabdehin hərəkətlərindən Mingəçevir RPŞ-yə şikayət etmişdir. Oradan isə mübahisənin mülki xarakterli olduğu bildirilmişdir. Hazırda isə cavabdeh əsassız olaraq təmir işlərinin yararsız olduğunu bildirməklə, onlara verməli olduğu pulu ödəməkdən yayınır. Halbuki, cavabdeh təmir işləri aparılan zaman hər gün onların yanında olmuşdur. Bütün təmir işləri onun iştirakı ilə görülmüşdür. O müddət ərzində cavabdeh onlara heç bir irad bildirməmiş, nə də işlərin görülməsini dayandırmamışdır. Təmir işləri yekunlaşandan sonra isə ailəsi ilə birlikdə evə köçmüşdür. Hazırda da həmin təmirli evdə yaşayır. Bu müddət ərzində isə heç bir əlavə iş gördürməmişdir. Cavabdeh iddia edir ki, otaqlara vurulmuş düşəmələr qabarmışdır. Halbuki, o, şəxsən cavabdehə material alanda, həmin laminatları keyfiyyətsiz oldunu demişdir. Lakin cavabdeh kefiyyətli laminatların baha olduğuna görə almamış və aldığı laminatların vurulmasını israr etmişdir. O, yenə də cavabdehə xəbərdarlıq etmişdir ki, döşəmə üçün istifadə edilən materiallar aşağı keyfiyyətli olduğundan, bir müddət sonra qalxacaqdır. Həmin vaxt cavabdeh onun dediklərinə əhəmiyyət verməmişdir. Bundan əlavə döşəmə vurulmazdan öncə onlar cavabdehə arakəsmə vurulmasına ehtiyac olduğunu bildirmişlər, lakin cavabdeh arakəsmə olmadan vurulmasını təkid etmişdir. Ona görə də döşəmədə istifadə olunduqdan sonra qabarmalar olmuşdur. Bundan başqa cavabdeh iddia edir ki, guya divar kağızları düzgün vurulmamışdır. Birincisi, həmin divar kağızları bəzəkli deyil, sadə olmuşdur. İkincisi isə həmin divar kağızları vurulan vaxt cavabdeh hər gün onların yanında olmuşdur. Elə bir hal olsaydı, dərhal iradını bidirərdi. Hesab edir ki, cavabdehin bildirdikləri hamısı pulu ödəməmək üçün ortaya atılan boş bəhanələrdir. Dəfələrlə, tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Hansı ki, onun həmin pula çox ehtiyacı olmuşdur. Ona görə cavabdehin hüquqa zidd hərəkətlərindən əsəbləşərək mənəvi iztirab keçirmişdir. O səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh tərəfindən onun hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Hüquqlarının bərpası üçün isə vəkillə müqavilə bağlamış və vəkilin hesabına hər biri 150 manat olmaqla, cəmi 300 manat qonarar, dövlət rüsumu kimi 30 manat pul ödəmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 məhkəmə iclası zamanı iddianı müdafiə etdi əsasən iddia ərizəsinin məzmununa və İddiaçı1 izahatına uyğun izahat verdi, həmçinin onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, iddiaçılar razılaşdıqları işi tamamlamamış, gördükləri işdə isə çoxlu qüsurlar olmuşdur. Onları aradan qaldırmadıqları üçün ödənişi tam etməmişdir. Belə ki, hamamdakı suyun axını düz qurulmamışdır. Ona görə də tullantı suları dəhlizə axır, divar kağızlarının naxışlarının birləşmə hissələri, hamamda metlax və pol düz vurulmamış, trapın bir tərəfdə əymə səviyyəsi səhv olmuş, tavanın suvağı qopub tökülmüş, çat verib aralanmışdır. Bir sözlə gözlə görünən qüsurlar kifayət qədərdir. Döşəməni kvadratı 6 manata, divar kağızının kvadratını 2 manata, kafel-metlaxın kvadratını 8 manata, tavanı isə 1000 manata təmir etməyə razılaşmışdırlar. Təmir üçün materialları alıb vermişdir. 2021-ci ilin mart ayının axırlarında başqa işə getmişdirlər. İddiaçılar işi tam bitirməmişlər, xırda işlər qalmışdır. Həmin vaxt vəsaiti qurtardığı üçün iddiaçılar da işsiz qalmasınlar deyə, onlara fasilə verməyə razılaşmışdır. Vəsait əldə etdikdən sonra gəlib davam edə biləcəklərini bildirmişdir. Fasilə verdikləri müddət ərzində qüsurlar aşkarlanmış, iddiaçılara həmin qüsurları 2 dəfə göstərmiş və bildirmişdir ki, qüsurlar aradan qaldırılan zaman onlara olan borcunu ödəyəcəkdir. Təmir işləri üçün idiiaçılara 2300 manat pul vermiş və 1700 manat məbləğində pul isə ödənilməmiş qalmışdır. İş yarımçıq və keyfiyyətsiz olduğu üçün nəticəsini qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçılar 4 otaq, mətbəx, hamam və tualetin təmir işlərini görmüşdürlər. Qonaq otağının döşəməsini vurmazdan əvvəl isə iddiaçılar ilə onun arasında istədiyi qaydada döşəmə vurularsa, qüsurlar olacağı ilə bağlı söhbət olmuşdur. Bundan əlavə döşəmədə dalğa yaranmış, plintuslar da düz vurulmamış, yaranmış dalğaların məsafəyə aidiyyatı olmadığını bildirmişdir. İddiaçılar əyriləri aradan qaldıracaqları ilə bağlı söz vermiş, lakin əməl etməmişlər. Həmçinin dəhlizdə divar kağızının bəzəyinin bir-biri ilə uyğunlaşmadığını bildirmiş, iddiaçılar onu düzəltsələr də, yekunda yenə də bəzəklər uyğunlaşmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh özünə məxsus fəri yaşayış evini müəyyən edilmiş muzd müqabilində təmir etməyi iddiaçılara sifariş etmişdir. Tərəflər fərdi yaşayış evində təmir işlərinin görülməsini 4000 manat məbləğində muzdla razılaşmışlar. İddiaçılar cavabdehin sifarişini yerinə yetirmiş və cavabdeh onlara ümumilikdə 2300 manat məbləğində muzd ödəmiş, 1700 manat məbləğində isə iddiaçılara borcu qalmışdır. Hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir. Lakin tərəflərin üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməsi, yəni iddiaçıların sifarişi lazımi kefiyyətdə görməsi, cavabdehin icranı qəbul etməsi və iddiaçılara borclu olması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, cavabdeh izahatında iddiaçılar tərəfindən aparılmış təmir işlərinin qüsurlu olduğunu, həmin qüsurlarla bağlı iradlarını təmir işləri aparılan vaxt bildirməsini, icranı qəbul etməməsini, işlərin qüsurlu olması səbəbindən iddiaçılara 1700 manat muzdu ödəməməsini bildirmişdir. Lakin iddiaçılar cavabdehin bildirdiklərini təkzib etmişlər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçılar müəyyən müddət cavabdehə məxsus fərdi yaşayış evində sifariş əsasında təmir işləri görmüş, cavabdeh isə daima onların yanında olmuşdur. Cavabdeh iddiaçılara 4000 manat məbləğində razılaşdıqları muzdun 2300 manat hissəsini ödəmişdir. İddiaçılar təmir işlərini yekunlaşdırdıqdan sonra cavabdeh ailəsi ilə birlikdə həmin fərdi yaşayış evinə köçmüş, lakin iddiaçılara çatası muzdun 1700 manat məbləğində hissəsini ilk vaxtlar imkanı olmadığına, hazırda isə işlərin qüsurlu olduğuna görə ödəməmişdir. Lakin cavabdeh hazırkı vaxta qədər iddiaçıların gördüyü işin qüsurlu olması ilə bağlı heç bir mübahisə qaldırmamışdır. Onun əksinə olaraq, iddiaçılar cavabdehdən pulun ödənilməsini dəfələrlə tələb etmiş, hətta Mingəçevir RPŞ-yə də şikayət etmişlər. İddiaçılar şikayət etdikdən sonra cavabdeh işlərin qüsurlu olmasını bildirmişdir. Halbuki, cavabdehin fərdi yaşayış evində təmir işləri 2021-ci ilin fevral ayında başa çatmışdır. Cavabdeh isə işdə olan qüsurlar barədə iddiaçılar şikayət edənə qədər heç bir tələb irəli sürməmiş, yəni susmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Göründüyü kimi cavabdeh sifarişçi kimi işlərin qüsurlu olduğunu gördüyü istənilən vaxt işi dayandırmaq və yaxud əlavə icra, yəni işləri iddiaçıların hesabına yenidən görülməsini tələb etmək hüququna malik olmuşdur. Lakin işin müəyyən olunmuş həqiqi hallarından görünür ki, cavabdeh iddiaçılara qarşı elə bir tələb irəli sürməmiş, nə də qüsurların olduğuna görə işlərin görülməsini dayandırmamışdır. Cavabdeh işlər qurtardıqdan, hətta bir müddət evdə yaşadıqdan və iddiaçılar ona qarşı tələb irəli sürdükdən sonra işlərin qüsurlu olmasını bildirmişdir. Cavabdehin istinad etdiyi həmin dəlillər işin həqiq hallarına uyğun deyildir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar sifarişi icra etmiş, cavabdeh isə icranı qəbul etmiş, lakin cavabdeh iddiaçıların gördüyü işin müqabilində razılaşdırılmış muzdu tam ödəməmişdir. Məhkəmə cavabdehə öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Məhkəmə tərəflərin məhkəmə iclasında verdiyi izahatlarının tədqiqi nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi təmir işlərini görülməsi ilə bağlı cavabdehlə razılaşdırılmış muzdun ödənilməmiş hissəsinə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106.3–cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4–cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Beləliklə də, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, təmir işlərinin görülməsi üçün iddiaçılar ilə cavabdeh arasında yaranan mülki hüquq münasibətləri inkişaf edərək öhdəlik hüquq münasibətlərinə çevrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında şərtləşdirilmiş muzd müqabilində şifahi podrat müqaviləsi bağlanmışdır. Həmin vaxt iddiaçılar cavabdehin sifarişi əsasında ona məxsus fərdi yaşayış evini təmir etməyi, cavabdeh isə həmin işin görülməsi üçün iddiaçılara 4000 manat muzd verməyi öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçılar həmin işi görmüş, cavabdeh də icranı qəbul etmiş, lakin görülən işə görə muzd vermək öhdəliyini tam olaraq yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 759.1–ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.1–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 770–ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə yuxarıda qeyd edilən maddələrə əsasən hesab edir ki, cavabdehin görülən işlərin qüsurlu olmasını hesab etdiyi və işlər qurtaranadək iddiaçılar ilə aralarında olan şifahi podrat müqaviləsini ləğv etmə imkanı olduğu halda bunu etməmiş, həmçinin iddiaçılar tərəfindən görülmüş təmir işləri cavabdeh tərəfindən qəbul edilsə də, bunun müqabilində razılaşdırılmış məbləğdə muzd ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 768.1.2-ci maddəsinə əsasən sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda podratçı sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar cavabdehi onun göstərişlərini icra edəcəkləri təqdirdə materialın yararsız olduğu haqqında xəbərdar etsələr də, cavabdeh göstərişlərini dəyişməmişdir. Həmçinin cavabdeh qüsurlu hesab etdiyi təmir işlərini qəbul etmiş və bununla bağlı hər hansı pretenziya irəli sürməmişdir. İddiaçıların gördüyü işlərin qüsurlu olması isə iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin cavabdeh tərəfindən qeyd edilən qüsurlarla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların cavabdehə qarşı ödənilməmiş qalan 1700 manat məbləğində pul tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1–ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 769–cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə–hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə, həmçinin iddiaçılar tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, cavabdeh müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçıların subyektiv hüququ pozulmuşdur. Ona görə də iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişlər. Məhkəməyə müraciət edərkən, vəkilin xidmətlərindən istifadə etdikləri üçün vəkilə qonar ödəmişlər. İddiaçılar çəkdiyi həmin xərc cavabdehin öhdəliyin icrasından qərəzli olaraq boyun qaçırması səbəbindən olmuşdur. Hazırda iddiaçıların xeyrinə çıxarılmışdı. Belə olan halda vəkilə ödənilmiş qonara, yəni məhkəmə xərci cavabdehdən alınıb iddiaçılara verilməlidir. Belə ki, iddiaçılar 14.10.2021-ci tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlamış və həmin müqaviləyə uyğun olaraq, 22.09.2021-ci il tarixdə BPM**********66 və BPM**********29 nömrəli mədaxil qəbzləri ilə hər biri ayrı-ayrılıqda Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 hesabına 150 manat, cəmi 300 manat məbləğində pul köçürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla yanaşı, məhkəmə, iddiaçıların vurulmuş mənəvi ziyana görə 3500 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. İddiaçılar cavabdeh tərəfindən aralarında olan şifahi podrat müqaviləsinə əsasən 1700 manat məbləğində pulun ödənilməmiş qalmasını sübuta yetirsələr də, bununla bağlı sarsıntı keçirmələrini və həmin sarsıntının onların şüurlarında mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını, habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlıqlarının pozulmasına səbəb olan iztirab keçirmələrini və fiziki əzab çəkmələrini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsaslı deyildir. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların cavabdehə qarşı aralarında olan şifahi podrat müqaviləsi üzrə ödənilməmiş 1700 manat məbləğində pulun və həmin məbləğdə pulun alınması üçün 300 manat məbləğində vəkil ödənilən qonararın alınaraq onlara verilməsi tələbləri əsaslı olduğundan təmin edilməli və cavabdehdən 1700 manat məbləğində pul və 300 manat məbləğində çəkilmiş xərclər alınaraq iddiaçılara verilməlidir. Ödənilmiş dölət rüsumu da cavabdehə aid edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat məbləğində ödənilməmiş muzd və məhkəməyə müraciət edərkən vəkilin göstərdiyi yardıma görə qonar kimi ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərci, cəmi 2000 (iki min) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-136/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-136/2022
11.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver