Məhkəmə qərarları › İş №2(051)-1498/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1498/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1498/2022 04.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Raul adlı azyaşlı uşağı ilə birlikdə Cavabdeh2 Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzilin yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanda yerləşən yaşayış mənzili onun xüsusi mülkiyyətindədir. O, həmin mənzili 2018-ci ilin mart ayında X8 tərəfindən bağışlama müqaviləsi əsasında əldə etmiş, tam mülkiyyət hüququnun ona məxsusluğu barədə adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. Asan-Mingəçevir Xidmət Mərkəzi tərəfindən verilmiş ******* nömrəli arayışdan məlum olur ki, ona məxsus olan sözügedən mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun azyaşlı uşağı xx.xx.2019-cu il tarixdə doğulmuş X9 qeydiyyatdadırlar. Cavabdeh1 onun qızı, Cavabdeh2 isə nəvəsidir. Qızı Arzu 25 ildən artıqdır ki, ailə qurması səbəbi ilə başqa ünvana köçüb getmişdir. Hazırda onunla eyni blokda 3-cü mərtəbədə yaşayış mənzili vardır və ailəsi ilə birlikdə orada yaşayır. Onun mənzili ilə heç bir bağlılığı yoxdur, onun ailə üzvü deyildir. Onun evinə qeydiyyata düşməsi isə onu yanlış məlumatlarla aldatması ilə bağiı olmuşdur. Digər Cavabdeh2 və onun azyaşlı oğlu Raul cavabdeh Arzu Əhmədovunun təkidi ilə guya müvəqqəti olaraq sosial yardım almaq adı ilə onun mənzilinə qeydiyyata düşmüşlər. Günay həyat yoldaşından boşandıqdan sonra valideynlərinin yanına qayıtmış və hazırda onlarla birlikdə yaşayır. Onun mənzilində heç bir bağlılığı yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun hüquqlarının, xüsusilə əmlak üzərində sərəncam hüququnun həyata keçirilməsində əsaslı maneədir. Qanunvericilik mülkiyyətçiyə hüquq verir ki, özünə məxsus əmlak üzərində öz mülahizəsinə əsasən, istənilən hərəkət edə bilsin. Hesab edir ki, mülkiyyətçi kimi o kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbi irəli sürmək hüququna malikdir və bu hüquqdan istifadə etməyi tamamilə haqlı tələbdir. Belə ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, mülkiyyətçi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığından mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Deməli, hər-hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması, həmin hüququn xitam edilməsi ilə nəticələnir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı onun anası, Cavabdeh2 isə nənəsidir. Qeyd edilən mənzil atası Nuruş Məmmədova məxsus olmuş, vəfat edəndən sonra anası İddiaçı adına keçirilərək ona mülkiyyət barədə çıxarış verilmişdir. Sonradan İddiaçı mənzili oğlu X6 bağışlamışdır. Lakin bir müddət sonra münasibətləri pozulduğundan, yenidən 2018-ci ildə mənzil bağışlama yolu ilə İddiaçı adına keçirilmişdir. O, təxminən 15 ildən çoxdur ki, həyat yoldaşından qeyrirəsmi ayrılmış və anası ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Anası qoca qadındır, ona qulluq tələb olunur və o, ona qulluq etmişdir. Mənzilin bütün kommunal xərclərini anasının adından o, ödəmişdir. İkinci Cavabdeh2 ailəsindən ayrıldıqdan sonra İddiaçı məxsus mənzilə gəlmiş və hamısı birlikdə yaşamışlar, indi də yaşamaqda davam edirlər. Cavabdeh2 cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Həmin mənzildə müxtəlif tədbirlər (ad günü və s.) keçirmişlər və bu barədə foto və video çəkilişlər vardır. İddiaçı 2022-ci ilin fevral ayında Rusiya Federasiyasına getmiş, indiyə kimi də orada yaşayır. Mübahisəli mənzildə isə onlar yaşayır və kommunal xərclərini də ödəyirlər. Hazırkı vaxta qədər anası bir dəfə də olsun onun və qızının evdən çıxmasını tələb etməmişdir. Hesab edir ki, hazırkı iddia onun iradəsindən kənar verilmişdir. Ona görə də anası özünü məhkəmədə təmsil etmək üçün etibarnamə verməmişdir. Ola bilsin ki, verdiyi etibarnaməni də başqa adla ondan almışlar. Bununla belə anası etibarnaməni qısa müddətə, yəni 6 aylıq vermişdir. Hazırda anasının onlara qarşı belə bir tələbinin olmasına inanmır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 3 saylı MİS-də nəzarətçı vəzifəsində işləyir. ünvan 1 ünvanın mülkiyyətçisi İddiaçıdır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Həmin mənzil kommunal və digər xərcləri də hər dəfə cavabdehlər tərəfindən İddiaçı adına ödənilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 3 saylı MİS-də bağban vəzifəsində işləyir. ünvan 1 ünvan 3 saylı MİS-nin ərazisinə daxil olduğu üçün o, hər dəfə həmin ərazidə təmizlik işləri aparan zaman cavabdehlərin həmin mənzildə yaşadığını görmüşdür. Hətta bir neçə dəfə cavabdehlər MİS-in işçilərinə çay belə vermişlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq etibarnamənin yenilənməsi və sorğulara cavab alınması üçün iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş edilmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfin ərizəsinə əsasən mülki işin mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehlərin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 və X1 şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan DƏDRX-dən olan xx.xx.2022-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindir. işdə olan 3 saylı MİS tərəfindən verilmiş tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Rusiya Federasiyasında olan oğlunun yanına yaşamağa getmişdir. Cavabdeh1, Cavabdeh2 və X9 hazırda da Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşayırlar. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədlərin, cavabdeh tərəfin izahatının və şahid ifadələrinin tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 3/1, mənzil 26 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Hazırda cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar. Onlara məxsus bütün əşyalar mübahisəli mənzildə yerləşir. Mübahisəli mənzil üzərində iddiçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Hazırda iddiaçı cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarına kompensasiya verilmədən xitam olunmasını xahiş edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı iddia ərizəsində cavabdehlərin mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmalarına istinad edərək, onların həmin vaxt mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının yarandığını göstərdiyindən, məhkəmə mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərin istifadə hüquqlarının yaranıb–yaranmaması ilə bağlı məsələni işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir və araşdırmır. Belə olan halda məhkəmə nəzərə alır ki, ilk növbədə kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb–qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdehlərin mübahisəli mənzillə hər hansı bir bağlılıqları olduğuna görə mübahisəli mənzillə yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Ona görə də cavabdehlər yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzil hesabına təmin edirlər. Eləcə də, cavabdehlər iddiaçının ailə üzvüdürlər və hazırda da fasiləsiz olaraq mübahisəli mənzildə yaşayırlar. Bununla da cavabdehlərin iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkün deyildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin hazırda həmin mənzilə faktiki sahibliyi də cavabdehlər həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən və ya evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və yaxud kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdehlər hazırda yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışlar. Eləcə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı qalmaqda davam edir və onlar könüllü surətdə evdən çıxmamışlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarını əmələ gətirən əsas aradan qalxmadığından, onların istifadə hüquqlarına xitam verilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda, həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016–cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5–ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262–ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formaladırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2–ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər–arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2–ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz–özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlərin yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edən qanuna zidd hallar müəyyən edilmişdir. Belə ki, cavabdehlər öz istəyi ilə iddiaçının ailə üzvü olmaqla könüllü olaraq iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etmək hüququnu həyata keçirmişlər. Həmin hüququn həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehlərə maneçilik törədilməsi, təqdim olunmuş sübutların tədqiqi zamanı da müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016–cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxmadığından, yəni hazırda onların həmin yaşayış sahəsinə ehtiyacı olduğundan, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün kifayət qədər əsas yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hazırda cavabdehlər fasiləsiz olaraq iddiaçının mənzilində yaşadıqları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmədikləri, həmçinin hazırda həmin yaşayış sahəsinə ehtiyacları olduğu müəyyən edildiyindən, onların istifadə hüquqlarına kompensasiya verilmdən xitam verilməməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM–in 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar