Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1550/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsinin tərkib hissəsindən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 2 ünvanındakı mənzil təmsil etdiyi şəxs İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq təmsil etdiyi şəxsə DƏDRX-nin **********67- 05101-093002 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin mənzildə təmsil etdiyi şəxsin bacısı Cavabdeh1, qardaşı Cavabdeh5 və onun uşaqları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış yeri üzrə qeydiyyatında olmaqla yaşamış və 2000-ci ildən həmin mənzili tərk edib daimi yaşamaq üçün özlərinə məxsus yaşayış yerlərini köçmüşlər. Onların həmin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına olan zərurətlə bağlı Mingəçevir ŞPŞ-nin şəxsiyyət vəsiqəsi və qeydiyyat qrupuna rəsmi müraciət edilmiş, lakin imtina edilmiş və mübahisənin həlli üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinin tələblərinə görə inzbati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia ilə Şəki İnzibatı Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin qərarı ilə mənzildən pasport qeydiyyatından çıxarılması tələb edilən şəxslərin mənzildən istifadə hüququnun olubolmaması məsələsi mülki icraat qaydasında araşdırılması əsası ilə mümkünsüz hesab edilmişdir. Odur ki, cavabdehlərin həmin mənzildə uzun müddət yaşamadıqlarını, başqa yerə köçdüklərini nəzərə alaraq onların mənzilə istifadə hüququna xitam verilməsi mülki icraat qaydasında mümkündür. Təmsil etdiyi şəxs mənzilin mülkiyyətçisi kimi əmlak üzərində istifadə, sahiblik və sərəncam vermək hüququnu həyata keçirir. Cavabdehlər uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Lakin pasport qeydiyyatında olmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən cavabdehlərin həmin mənzildən istifadə hüququna məhkəmə qaydasında kompensasiya verilmədən xitam verilməsi zərurəti vardır. Cavabdehlər 2000-ci ildən sonra iddiaçı ilə birgə yaşamırlar və həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatda olmaları formal xarakter daşıyır. Cavabdehlərin hazırda həmin mənzillə bağlılığı qalmamışdır. Cavabdehlər mənzildən istifadə imkanlarından könüllü imtina etmişlər və uzun müddətdir ki, başqa yerdə yaşayırlar. Odur ki, məhkəmdən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin onlara çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə 3 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuş, həmin qeyddə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamadıqları göstərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 3 saylı MİS tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, ünvan 2 ünvanındakı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2000-ci ildən etibarən həmin mənzildə yaşamırlar. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Məmmədov X1 şəhəri, İ.Qayıbov küçəsi, ev 3\1, mənzil 19 ünvanındakı mənzildə qeydiyyatdadırlar. İşdə olan DƏDRX-nin Yevlax rayon ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində istifadədə olan 0.1122 ha torpaq sahəsində yerləşən 3/1 saylı, 5 mərtəbəli binanın 2-ci girişinin, 2-ci mərtəbəsndə yerləşən 82.79 kv.m ümumi, 60.5 kv.m yaşayış saahəsindən ibarət 4 otaqlı, 19 nömrəli mənzil tam mülkiyyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 31 saylı məktubundan görünür ki, Cavabdeh1, əri X2 və uşaqları X4, X3 və X5 haqqında Məhsəti qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında yaşadığı ilə bağlı məlumat vardır. İşdə olan Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 276 saylı arayışından görünür ki, Cavabdeh5 ailəsi ilə birlikdə Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil xx.xx.2007-ci il tarixdən etibarən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçının bacısı Cavabdeh1, qardaşı Cavabdeh5 və onun uşaqları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamışlar. Lakin 2000-ci il tarixdən etibarən cavabdehlər həmin mənzildə yaşamırlar. Hazırda Cavabdeh1 ailəsi ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində, Cavabdeh5 isə ailəsi, yəni digər cavabdehlər olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayırlar. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, kompensasiya verilmədən cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb-qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdehlər yaşayış sahəsinə ehtiyacları olduğuna görə iddiaçıya məxsus mənzildə yaşamaqla şəxsi ehtiyaclarını təmin etmişlər. Lakin sonradan Cavabdeh1 Gəncə şəhəri, Məhsəti qəsəbəsində, digər Cavabdeh5 isə Daşkəsən rayonu, Xoşbulaq kəndində öz ailələri ilə birlikdə yaşamışlar. Cavabdeh5 uşaqları olan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşına çatmadıqları üçün onunla birlikdə yaşayırlar. Bununla da cavabdehlərin iddiaçıya məxsus mənzilə olan ehtiyacları aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı cavabdehləri mülkiyyətində olan mənzilə qeydiyyata salmış və onlar bir müddət həmin mənzildə yaşamışlar. Lakin 2000-ci il tarixdən etibarən həmin mənzildən köçüb getmişlər. Bundan sonra Cavabdeh1 ailəsi ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Cavabdeh5 isə digər cavabdehlərlə birlikdə Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etmələrinə ehtiyacları qalmamış və könüllü surətdə mənzildən çıxmışlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onların istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formaladırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə etməsini mümkünsüz edən qanuna zidd hallar müəyyən edilməmişdir. Belə ki, cavabdehlər öz istəkləri ilə könüllü olaraq iddiaçının mülkiyyətində olan mənzilin tərkib hissəsindən istifadə etmək hüququnu həyata keçirməmişlər. Həmin hüququn həyata keçirilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehlərə heç bir maneçilik törədilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onların yaşayış sahəsinə ehtiyacı olmadığından, cavabdehlərin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ cavabdehlər tərəfindən pozulmaqdadır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Məhkəmə, həmçinin iddianın Cavabdeh5 yetkinlik yaşına çatmamış uşaqları olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqularına xitam verilməsi ilə bağlı qeyd edir ki, həmin uşaqlar hazırda yetkinlik yaşına çatmayan olduqlarından onların yaşayış yeri valideynlərnin yaşayış yeri sayılır və ya onların razılığı ilə müəyyən edilir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2009-cu il tarixdə, Cavabdeh3 xx.xx.2013-cü il tarixdə və Cavabdeh4 isə xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Belə olan halda Leyla və Mədinə adlı uşaqlar 14 yaşı tamam olmamış, Elcan adlı uşaq isə 14 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan uşaqlar hesab edilirlər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Leyla və Mədinə adlı uşaqların yaşayış yeri ataları Cavabdeh5 yaşayış yeri olan Daşkəsən rayonu, Xoşbulaq kəndi sayılır. Elcan adlı uşağın yaşayış yeri isə valideynlərinin razılığı ilə müəyyən edildiyindən o da hazırda Daşkəsən rayonu, Xoşbulaq kəndində yaşayır. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bu səbəbdən də, iddiaçı mübahisəli mənzilin tərkib hissəsindən Cavabdeh5 yetkinlik yaşına çatmamış uşaqları olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsini tələb etmək üçün hüquqi ixtiyar əldə etmiş, yəni iddiaçı yetkinlik yaşına çatmamış uşaqların istifadə hüququna xitam verilməsi tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmuşdur. Bu hal isə iddianın həmin hissədə də təmin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və bu səbəbdən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1550/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1550/2022
04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver