Məhkəmə qərarları › İş №2(051)-1597/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1597/2022

26.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1597/2022 26.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı kirayə müqaviləsinin ləğvi, kirayə haqqının və kommunal xərclərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən ödənilməli olan 1800 manat kirayə haqqının, kommunal xərclərə görə olan 111.50 manat pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehi əvvəllər tanımamış, yalnız ona məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 41 saylı evin 24 saylı mənzilini kirayə verərkən tanımışdır. Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 41 saylı evin, 24 saylı mənzili MA №0059805 çıxarış əsasında onun mülkiyyətindədir. Sözügedən mənzil ona məxsus olmaqla mülkiyyət hüquqlarının müdafiəsi də ona aiddir. Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə kirayə müqaviləsi bağlanmaqla onun mülkiyyətində olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, 41 saylı evin, 24 saylı mənzili cavabdehə kirayə vermişdir. Aralarında olan razılığa və kirayə müqaviləsinin şərtlərinə görə cavabdeh kirayə haqqını ödəməyi və mənzili lazımi qaydada saxlamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini kobut surətdə pozaraq kirayə haqqını verməmiş, bundan əlavə kommunal xərcləri ödəməməklə ona maddi ziyan vurmuşdur. Cavabdehdən kirayə haqqının ödənilməsini tələb etsə də, müxtəlif bəhanələr gətirməklə onu hədələyir və heç bir halda onu evə buraxmırdı. Müqavilənin şərləri pozulmasına baxmayaraq, cavabdehin ona məxsus evdən çıxmaması onun hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə cavabdehə kirayə haqqının, kommunal xərclərin ödənilməsini və mənzildən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, təhqir və hədələrə məruz qalmışdır. Cavabdeh indiyə kimi kirayə haqqından cəmi bir neçə ayını vermişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən 2021-ci ilin noyabr ayınadək olan müddətin kirayə haqqını ödəmiş, ondan sonra isə heç bir ödəniş etməmişdir. Həmçinin kommunal xərclərə görə isə 111.50 manat borcu vardır. Sözügedən kirayə pulu və kommunal xərclər artmaqdadır və bu xərclər cavabdeh evdən çıxan günə kimi hesablanmalı və ödənilməlidir. O, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, yəni 2022-ci il iyul ayında cavabdeh kommunal xərcləri də ödəmədən mənzildən ona məlumat vermədən çıxmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən İddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzili kirayəçi Cavabdeh hər ay 120 manat məbləğində kirayə haqqı ödəmək şərtilə xx.xx.2023-cü il tarixədək kirayə vermişdir. İşdə olan DƏDRX-dən olan MA seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azəriqaz İstehsalat birliyinə məxsus xx.xx.2022-ci il tarixli bildirişxəbərdarlıqdan görünür ki, İddiaçı **********00240 saylı abonent koduna 57.12 manat məbləğində qaz sərfiyyatı borcu hesablanmışdır. İşdə olan Azərsu ASC-yə məxsus xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı **********240 saylı abonent koduna 52.18 manat məbləğində su sərfiyyatı borcu hesablanmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə kirayə müqaviləsi bağlamaqla mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili kirayəçi Cavabdeh hər ay 120 manat məbləğində kirayə haqqı ödəmək şərtilə xx.xx.2023-cü il tarixədək kirayə vermişdir. Cavabdeh kirayə götürdüyü mənzili və orada yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamağı, mənzildə olan avadanlıqlara dəyən ziyanı ödəməyi və mənzilin kirayə haqqı olan 120 manat pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixdən 2021-ci ilin noyabr ayınadək olan kirayə haqqını ödəmiş, lakin 2021-ci ilin noyabr ayından sonra kirayə haqqını ödəməmişdir. Kirayə haqqı üçün 7 ay üçün 840 manat, su sərfiyyatı üçün 52.18 manat və işıq sərfiyyatı üçün 57.12 manat cəmi 109.30 manat pul ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin kirayə haqqı olaraq 1800 manat, su və işıq sərfiyyatı üçün cəmi 111.50 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kirayə müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin kirayə müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı mülkiyyətində olan mənzili kirayə müqaviləsi əsasında cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə hər ay kirayə müqaviləsi ilə müəyyən edilmiş məbləğdə kirayə haqqını iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh xx.xx.2020-ci il tarixdən 2021-ci ilin noyabr ayınadək olan kirayə haqqını ödəmiş, lakin 2021-ci ilin dekabr ayından iddia ərizəsi verilən 2022-ci ilin iyul ayınadək olan 7 ayın kirayə haqqını və su və qaz sərfiyyatı üçün olan haqları ödəməmişdir. Buna görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Lakin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan borcu iddia ərizəsində qeyd edilən məbləğdə deyildir. Belə ki, 2021-ci ilin dekabr ayından iddia ərizəsi verilən 2022-ci ilin iyul ayınadək olan 7 ayın kirayə haqqı 840 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş Azəriqaz İstehsalat birliyinə məxsus xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan və Azərişıq ASC-yə məxsus xx.xx.2022-ci il tarixli hesabfakturadan görünür ki, cavabdehin qaz və su sərfiyyatı üçün müvafiq olaraq 57.12 manat və 52.18 manat borcu vardır. Odur ki, Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, həmçinin məhkəmə iclasında verdiyi izahatına hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının iddia ərizəsində tələb etdiyi miqdarda deyil, məhkəmə iclası zamanı iddiaçının verdiyi izahat və işin faktiki halları ilə müəyyən olunan miqdarda, yəni 840 manat kirayə haqqı və 109.3 manat kommunal xərclər məbləğində təmin edilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 840 manat kirayə haqqı və 109.3 manat kommunal xərclər olmaqla, 949.3 manat məbləğində pul alınıb İddiaçı verilsin. Dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar