Məhkəmə qərarları › İş №2(051)-169/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-169/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-169/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin iddia ərizəsinə əlavə olunmuş iddiaçının nümayəndəsi Nümayəndə ərizəsində göstəilir ki, məhkəmə iclasında iştirak edə bilməyəcək, iş üzrə bütün məhkəmə hazırlıq və baxış iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsində göstərilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mersedes Benz 24” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmş, toqquşma nəticəsində “Mersedes Benz” makalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdi. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı ardan qaldıraraq “Mersedes Benz” markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 250 manat məbləğində ödəniş həyata keçirmişdir. Bildirilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etmişdir. Ona görə də Cavabdeh qarşı onlaın subroqasiya hüquqları yaranmışdır. İddiaçı, həmçinin,ərizəsində göstərmişdi ki, cavabdeh tərəfindən inzibati xətanın törədilməsi, təqsirli olması işdə olan sənədlərlə, özünün etirafı ilə təsdiq olunur. Bundan başqa Cavabdeh 100 manat cəriməni ödəməsi də müəyyən edilmişdir. Qeyd olunanlara əsasən hesab edilir ki, ziyan vurulmuş avtomobilə görə ödənilmiş 250 manat cavabdeh tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Ona görə də iddianın təmin edilməsi xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun heç bir təqsiri olmamışdır. Ona görə ki, arxadan gələn avtobus sürətlə hərəkət edərək onun idarə etdiyi avtomobili vuraraq keçmişdir. Yol nəqliyyat qaydaları avtobus sürücüsü tərəfindən pozulmuşdur. Doğrudur, hadisə zamanı ona məlum oldu ki, avtomobili idarə etmək üçün nəqliyyat vasitəsini idarə etmək hüququ verilən sənəddə göstərilmiş müddət keçmişdir, avtomobili sürücülük hüququ olmadan idarə edirmiş. Ancaq avtomaşınların toqquşmasına səbəb onun hərəkətləri deyil, digər avtomaşının sürücüsünün hərəkətləri olmuşdur. Toqquşma nəticəsində onun avtomaşınına daha çox zərər dəymişdir, digər avtomaşına cüzi zərər dəymişdir, həmin zərərin aradan qaldırılması üçün tələb olunan 250 manat məbləğ çox şişirdilmişdir. O, avtomaşını sürücülük hüququ olmadan idarə etdiyinə görə müəyyən edilmiş 100 manat cəriməni ödəmişdir. Ancaq avtomobillərin toqquşmasına səbəb olan onun hərəkətləri olmadığına, tələb olunan məbləğ çox şişirdildiyinə görə iddianın təmin olunmamasını xahiş edir. İşdə olan Yevlax rayon PŞ DYPB tərəfindən tərtib edilmiş 290708 №-li xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi 21 №-li evin 18 №-li mənzilində yaşayan Cavabdeh xx.xx.2017-ci ildə saat 10:00 radələrində Yevlax-Xaldan-Mingəçevir yolunda ötmə aparan zaman “Mersedes” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulur. İşdə olan Yevlax rayon PŞ-nin 195-22560-1217 №-li xx.xx.2017-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüvatları barədə arayışda göstərilir ki, Yevlax RPŞ DYPB-i bildirir ki, xx.xx.2017-ci il tarixdə saat 10,00 radələrində Yevlax-Xaldan-Mingəçevir yolunda toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş veməsində təqsiri olan “Mersedes-240” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü, mülkiyyətçisi Cavabdeh, zərər vurulmuş avtonəqliyyat vasitəsinin markası “Mersedes-0403”, dövlət qeydiyyat nişanı 90 FL403, mülkiyyətçi X4, idarə edən X1r. İşdə olan nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2017-ci il tarixli hesabatda göstərilir ki, zədələnmiş avtomobilin markası “Mersedes Benz d403”, dövlət qeydiyyat nişanı ** FL ***. Zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 250(iki yüz əlli) manat olması müəyyən edildi. İşdə olan 044564 №-li xx.xx.2017-ci il tarixli Sığorta aktından görünür ki, sığortalanmış avtomobil olan “Mersedes Benz 240” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2017-ci ildə Mingəçevir-Xaldan istiqamətində hərəkətdə olan zaman “Mersedes Benz” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərərlə bağlı maddi ziyanın məbləği 250 manatdır. İşdə olan 8017 №-li 21 noyabr 2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfində vurulmuş zərərə görə X2 250 manat ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddia tələbinə etirazında yol nəqliyyat hadisəsi nəticəsində toqquşma zamanı ona məxsus avtomaşına zərər vurulduğunu, zərərçəkmiş hesab olunan avtomaşına vurulmuş zərərin çox şişirdildiyini bildirsə də öz etirazını əsaslandırdığı sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 250(iki yüz əlli) manat sığorta ödənişi məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh “Mersedes Benz” makalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 250 (iki yüz əlli) manat, sığorta ödənişi məbləği və dövlət rüsumu kimi ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar