Məhkəmə qərarları › İş №2(051)-188/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-188/2021

02.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-188/2021 02.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı Sərkar oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Sərkar oğlunun Cavabdeh1 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Sərkar oğlunun Cavabdeh1 oğluna qarşı Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin ünvanda yerləşən 0.616 ha torpaq sahəsinin, 4 otaqlı, 72.56 kv.m yaşayış, 104.48 kv.metr köməkçi sahədən ibarət ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması, yaşayış evinə texniki pasportda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə verilməsi Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbini dəqiqləşdirərək Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sərkar oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li ev İddiaçı ilə Cavabdeh1 hər birinin ½ hissə payları müəyyən edilməklə mülkiyyətlərindədir. Həmin evdə iddiaçının və cavabdehin ailə üzvlərindən başqa onların bacıları Cavabdeh2 Sərkar qızı da qeydiyyatdadır. Cavabdeh2 və digər bacıları İlahə Məmmədova atalarından miras qalmış əmlakı qəbul etmədiyindən həmin mülk cavabdehlə iddiaçı arasında bərabər paylar şəklində mülkiyyətlərinə keçmişdir. 01 iyul 2009-cu ildə onların mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin yaşayəş evi 0.616 ha torpaq sahəsində 4 otaqlı, 72.56 kv.m yaşayış, 104.48 kv.metr köməkçi sahədən ibarətdir. İddiaçı razılığı olmadan Cavabdeh1 evin və həyətyanı torpaq sahəsinin çox hissəsini hasara almaqla bölmüş, iddiaçının həyətə darvazadan olan girişini məhdudlaşdırmışdır. İddiaçı məcbur olub kiçik qapı açmaqla az hissədə qalan hissədən yaşayış evinə girir. İş üzrə üçüncü şəxs Cavabdeh2 hazırda həmin həyətə köçüb yaşamaq istəyir. Ancaq Cavabdeh1 onların həmin qapıdan girişlərini, eləcə də ümumi mülkiyyətdə olan tikili və torpaqdan iddiaçının istifadəsini məhdudlaşdırmışdır. Ona görə də Mingəçevir şəhəri, Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişinin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25№-li ev atasından miras qalmışdır. Bacıları atadan qalmış mirası qəbul etmədiklərinə görə, həmin ev ikidə bir hissədə onun mülkiyyət payı, ikidə bir hissədə isə qardaşı, hazırkı iş üzrə İddiaçı miras payları müəyyən edilmişdir. Bir evdə birlikdə yaşamaqları mümkün olmadığına görə hər ikisinin razılığı ilə aradan hasar çəkmişdir. Hasar çəkilməsi nəticəsində evin kvadratmetrinin çox hissəsi iddiaçı tərəfdə, torpağın az hissəsi isə onlar yaşadıqları tərəfdə qalmışdır və uzun müddətdir ki, belə vəziyyətdə yaşamışlar. Lakin son vaxtlar bacısı Kəmalənin ümimi mülkiyyətdə olan həmin evə köçürülməsi ilə bağlı məhkəmə qərarının icrası zamanı mübahisələr yaranmışdır. Ona görə də iddiaçı hər ikisinin razılığı ilə çəkdiyi həmin hasarın sökülməsini tələb edir. İddianın təmin olunmamasını xahiş edir. Çünki onların birlikdə yaşamaqları mümkün deyil. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Mikayıl oğlu da məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, işə oun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MN seriya ******* №-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri X3 küçəsində mülkiyyətdə olan 0.05932 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 72.56 kv.metr yaşayış, 104.48 kv.m köməkçi sahədən ibarət 25 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 ½ hissə, İddiaçı Sərkar oğlunun ½ hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 №-li reyestr kitabının 141 №-li vərəqində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-471/2011 №-li 30 iyun 2011-ci il tarixli qətnməsindən görünür ki, Cavabdeh2 Sərkar qızının Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li evə köçürülməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/4244 №li 19 mart 2021-ci il tarixli rəyində göstərilir: Mingəçevir şəhəri X3 küçəsində yerləşən 25 saylı evin tərəflər arasında ½ və ½ paylarına uyğun şəkildə iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-nun 1.1.,2.1,2.2.,2.4.2.7.,2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. -Mingəçevir şəhəri X3 küçəsində yerləşən 25 saylı evdə çəkilmiş hasar ½ hissəyə uyğun gəlmədiyi müəyyən edilir. -Mingəçevir şəhəri X3 küçəsində yerləşən 25 saylı ev texniki pasportda və çıxarışlara göstərilən sahələrə (əlavə tikililər nəzərə alınmadan) uyğun olraq İddiaçı Sərkar oğlu faktiki olaraq 151,0 m2 və Cavabdeh1 Sərkar oğlu faktiki olaraq 91,8 m2 istifadə etdiklərinə nəzərə alaraq aralarında ½ paya uyğun bölünmədiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri X3 küçəsində 0.05932 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 72.56 kv.metr yaşayış, 104.48 kv.m köməkçi sahədən ibarət 25 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 ½ hissə, İddiaçı Sərkar oğlunun ½ hissə adlarına qeydə alınmışdır. İddiaçı Mingəçevir şəhəri, Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan girişinin təmin olunması, fərdi yaşayış evinin bütün tikililərindən və torpağından iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələrin aradan qaldırılması, maneə yaratmağın qadağan olunması tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində 0,0593 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 25 №-li ev hər birinə ikidə bir hissə olmaqla tərəflərin paylı mülkiyyətindədir. Həmin mülk üzərində tərəflərin paylarına uyğun naturada bölgüsü müəyyən edilməmişdir. Cavabdeh tərəfindən çəkilmiş hasar isə tərəflərin paylarını qeyr-bərabər bölmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının rəyindən də görünür ki, Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 25 №-li evdə çəkilmiş hasar ikidə bir hissəyə uyğun gəlmədiyi müəyyən edilir, ev texniki pasportda və Çıxarışda göstərilən sahələrə uyğun olara İddiaçı Sərkar oğlu faktiki olara 151,02 kvm və Cavabdeh1 faktiki olaraq 91,8 kvm istifadə etdiklərini nəzərə alaraq aralarında ikidə bir paya uyğun bölünmədiyi müəyyən edilir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə məhkəmə-tikinti ekspertizasını sübut kimi qəbul edərək, toplanmış sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia təmin olunmalı, tərəflərin bərabər paylı mülkiyyətində olan Mingəçevir şəhəri H.Z.Tağıyev küçəsi 25 №-li yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar Cavabdeh1 vəsaiti hesabına sökülməli, həmin evin həyətinin texniki pasportunda qeyd olunan darvazadan girişin təmin olunması, paylı mülkiyyətdə olan həmin evdən və torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdeh tərəfindən olan maneələr aradan qaldırlmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi 25 №-li fərdi yaşayış evini faktiki 2 hissəyə bölmüş daş hasar Cavabdeh1 vəsaiti hesabına sökülsün, həmin həyətin texniki pasportunda qeyd olunan darvazadan giriş təmin olunsun, fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən İddiaçı Sərkar oğlunun istifadəsinə Cavabdeh1 tərəfindən olan maneələr aradan qaldırılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh1 oğlundan tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən alınan gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar