Məhkəmə qərarları › İş №2(051)-1968/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1968/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1968/2021 21.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı qızının Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar): Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilkin İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən “əxlaqsız qadın”,”pozğun qadın” və digər təhiramiz sözlərin, məlumatların həqiqəti əks etdirmədiyinin müəyyən edilməsi və həmin sözlərin və məlumatların cavabdehlər tərəfindən rəsmi təkzib edilməsinin onların üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirablara görə cavabdehlər tərəfindən ona 6000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 ilkin İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən şərəf və ləyaqətlərini alçaldan “hər dəfə içkili vəziyyətdə valideynlərinin yaşadığı evə gələndə atası evdən qovurdu ki, bu vəziyyətdə evə gəlməkdənsə, get özünü öldür. Belə hallar tez-tez təkrar olunurdu. Bunların nəticəsi olaraq X9 25 mart 2021-ci il tarixdə Cavabdeh3 məxsus ....ünvanda...intihar etmişdir” ifadəsini təkzib etmək və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada üzr istəmək öhdəliyinin iddiaçının üzərinə vəzifə olaraq qoyulması və məcbur olunması, iddiaçıdan 9000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi və 110 manat ödənilmiş dövlət rüsumunun və vəkillə müqaviləyə görə ödədilkəri 220 manat pulun, həmçinin təmsilçilik üçün etibarnaməyə görə ödədilkəri 11.50 manat məbləğində pulun alınıb onlara verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 övladları olmuş, X9 ilə 2019-cu ildən faktiki nikah münasibətlərinə girməklə ailə kimi birlikdə yaşamışlar. Hər ikisi Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etmişdirlər. X9 ilə bir-birlərini sevmişlər və həddən artıq bağlı olmuşdurlar. X3 alkaqollu içkilərdən mütəmadi istifadə etdiyi üçün valideynləri ilə aralarında daima ona görə mübahisələri olmuşdur. Hər dəfə içkili vəziyyətdə valideynlərinin yaşadığı evə gedəndə atası X7 evdən qovurdu ki, bu vəziyyətdə evə gəlməkdənsə, get özünü öldür. Belə hallar tez-tez təkrar olunurdu. Bunların nəticəsi olaraq X9 25 mart 2021-ci il tarixdə atası Cavabdeh3 məxsus ünvan 1 ünvanında metal naqil ilə özünü asaraq intihar etmişdir. Həmin vaxtdan sonra mərhumun valideynləri özlərinə bəraət qazandırmaq üçün bütün günahları onun üzərinə atmaqla barəsində müxtəlif orqanlara əsassız şikayətlər etməyə başlamışdırlar. Halbuki, onun Əbülfəz Həsənovun özünə qəsd etməsində heç bir əlaqəsi və bağlılığı olmamışdır. Bu barədə o, aidiyyatı orqanlar və şəxslər tərəfindən dəfələrlə dindirilmiş və bununla bağlı kifayət qədər izahatları alınmış və günahsız olduğu sübuta yetirilmişdir. Lakin bütün bunlara baxmayaraq, mərhum Əbülfəz Həsənovun valideynləri olan hazırki cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ondan əl çəkmirlər və barəsində müxtəlif orqanlara şikayətlər etməkdə davam edirlər. Cavabdehlərin bu əsassız hərəkətləri, şikayətləri, əsassız böhtanları nəticəsində o, ailəsində, iş yerində biabır olmuşdur. Bu qanunsuz hərəkətlər nəticəsində cavabdehlər onun işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaldaraq onu cəmiyyət içində hörmətdən və nüfuzdan salmışdır. Məqsədləri onun işdən azad olunmasına nail olmaq, onu və övladını ələ möhtac, işsiz, çörəksiz, ac və susuz qoymaqdır. Bunlardan əlavə guya o, əxlaqsızlıqla məşğuldur, guya ailələr dağıtmış, evlər yıxmışdır kimi cavabdehlər onun haqqında şər və böhtan xarakterli məlumatlar yaymışdırlar. Artıq bu söz-söhbətlər onu intihar həddinə çatdırmışdır. Hazırda elə bir vəziyyətdədir ki, bunlardan canımı qurtarmaq üçün özünə qəsd etməyi düşünür. Cavadehlər əsassız yalan, şər və böhtanları onu biabır etmişdir. Şərəf və ləyaqəti ilə oynamışdırlar. O, cavabdehlərin bu hərəkətlərinin qanuna zidd olduğunu bildirərək cavabdehlərin qəti şəkildə cəzalandırılmasını və ondan üzr istəmələrini zəruri hesab edir. Onun işgüzar nüfuzu, şərəf və ləyaqəti alçaldılıb. Bu baxımdan da, qanunlarımıza söykənərək ədaləti tələb edir. O, cavabdehlər tərəfindən yayılmış məlumatlarla bağlı mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Onların yaydığı məlumatda onun şəxsiyyəti aşağı salınmış, əsassız böhtan və şantajlar nəticəsində o bir insan olaraq əziyyət çəkməklə bərabər həm də, daxili sarsıntı keçirir. Cavabdehlərin bu hərəkətləri onu hörmətdən salmaqla bərabər ümumi qadın şərəfinə, işgüzar nüfuzuna ləkə gətirir. Hər dəfə onların mənasız və əsassız yayılmış məlumatlarına cavab verməklə mənəvi əziyyət çəkmişdir. Onun bu sarsıntı və iztirabları özü ilə bərabər uşağına və ailə üzvülərinə də təsir edir. Cavabdehlərin təqsiri ucbatından dəfələrlə mənəvi sarsıntı və istitablar keçirmişdir. Nəticədə o, xəstəliyə tutulmuşdur. Hazırda həmin xəstəlikdən əziyyət çəkir. Bu baxımdan hesab edirəm ki, cavabdehlər ona mənəvi zərərlə bağlı 6 000 (altı min) manat məbləğində əvəz ödəməlidirlər. O, bu tələbində israrlıdır. Hesab edir ki, cavabdehlərin əsasız, həqiqətə uyğun olmayan, işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaldan məlumatları yayması onun Konstitusiya və qanunlarla qorunan hüquqlarının pozulmasıdır. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşlıqlı iddianın isə rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərin (qarşlıqlı iddia üzrə iddiaçıların) nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı qarşılıqlı iddia tələbini müdafiə etdi, ilkin iddianı qəbul etmədi, əsasən qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxslərin mərhum oğlu X9 24 mart 2021-ci il tarixdə özünə qəsd edərək vəfat etmişdir. Əbülfəz Həsənov 2014-cü ildən Mingəçevir şəhərində yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. Əbülfəz Həsənovun ölüm faktı ilə bağlı Zaqatala Hərbi Prokurorluğunda araşdırılma aparılmış və aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı X4 ayrılmaq istəməsi, X10 Sadıqovanın ondan ayrılmasının səbəbini iş yoldaşı X8 və digər şəxslərdə görməsi, X10 Sadıqova ilə Ceyhun Cavadovun və başqa şəxslərin aralarında sevgi münasibətlərinin olduğunu güman edərək, İddiaçı Ceyhun Cavadova və başqa şəxslərə qısqanaraq, İddiaçı bir daha onunla münasibət saxlamayacağnı və münasibətləri birdəfəlik kəsəcəyini bilməsi, İddiaçı Ə.Həsənovun etdiyi əməllər barədə 18 mart və 21 mart 2021-ci il tarixlərdə Mingəçevir şəhər Polis Şöbəsinə şikayət ərizələri ilə müraciət etməsi nəticəsində Mingəçevir şəhər Polis Şöbəsində araşdırmalar aparılaraq Ə.Həsənovun bununla əlaqədar izahatlarının alınması, Ə.Həsənovun bunları öz şəxsiyyətinə sığışdırmaması, həmçinin X10 Sadıqova ilə uzun müddət qeyri-rəsmi nikah münasibətləri saxlamasından Ə.Həsənovun valideynlərinin və onun arvadı X5 məlumatının olması, buna görə də, Ə.Həsənovla valideynlərinin və arvadı Təranə Həsənovanın tez-tez mübahisələr və dava-dalaş etmələri, ailədə tez-tez narazılıqların yaranması, Ə.Həsənov ilə arvadı Təranə Həsənovanın münasibətlərinin soyuması, Ə.Həsənovla İddiaçı arasında tez-tez mübahisələrin yaranması, Ə.Həsənovla İddiaçı arasında olan qeyri-rəsmi nikah münasibətləri, aralarında baş vermiş problemlər və Ə.Həsənovun ailəsində olan narazılıqlar barədə sonuncunun xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin məlumatı olması, Ə.Həsənovun xidmət yoldaşları arasında nüfuzdan düşməsi, Ə.Həsənovun ölümündən əvvəl spirtli içki qəbul etdikdən sonra tamamilə həssaslaşaraq başqa xarakterli insan olması, nəticədə Əbülfəz Həsənovun üzləşdiyi problemlərlə əlaqədar onda depressiv vəziyyət, yəni sıxıntı, əhvalruhiyyənin enməsi, gələcəyə ümidsizlik, qəmginlik, çarəsizlik, məyusluq və sairin yaranması nəticəsində həyatdan bezməsi səbəbindən vəziyyətdən çıxış yolu kimi intihar etməsi müəyyən olunmuşdur. Zaqatala Hərbi Prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olaraq, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edən İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması məsələsinə baxılması üçün yuxarı komandanlığa müraciət edilməsi üçün N saylı hərbi hissəyə təqdimat göndərilmişdir. Hərbi Prokurorluq orqanlarında aparılmış araşdırmadan da göründüyü kimi cavabdehlərin oğulları Əbülfəz Həsənovun şəxsi və ailə həyatının korlanması, sonda intihar etməsinin əsas səbəbi məhz İddiaçı ilə aralarında yaranmış qeyri-rəsmi münasibətlər olmuşdur. İddiaçı öz ərizəsində bildirir ki, “X9 ilə 2019-cu ildə faktiki nikah münasibətlərinə girməklə ailə kimi birlikdə yaşamışıq”. X2 daima öz ailəsi ilə birlikdə yaşamış və ailəsindən ayrılmamışdır. Nərgiz X1 ailəli və iki uşaq atası olmasını bilmiş, buna baxmayaraq, onunla münasibətləri davam etdirmişdir. İddiaçı çaşqınlıq yaratmaq üçün öz ərizəsində guya caqvabdehlərin oğullarının təəssübünü çəkməsi görüntüsünü yaratmaq istəsə də, reallıq tamamilə başqa cür olmuşdur. İddiaçı öz maddi məqsədləri üçün cavabdehlərin oğlu X4 istifadə etmiş, ondan müxtəlif zamanlarda və məbləğlərdə pul almış, onun götürdüyü kreditlərlə özünə əşyalar aldırmışdır. Getdikcə onun maddi tələbləri artmış və onların oğlu bu tələbləri qarşılamaq imkanına malik olmadığı üçün İddiaçı 2020-ci ildən etibarən öz istəyinə nail olmaq üçün müxtəlif yollara əl atmış, X7 polis orqanlarına mütəmadi və əsassız şikayətlər etməklə, daima kəskin konfliktli şərait yaratmaqla gərginlik altında saxlamış, onun, ailəsinin və valideynlərinin keçirdiyi mənəvi iztirabları nəzərə almadan Əbülfəz Həsənovu çıxılmaz vəziyyətə salmışdır. Bu barədə Ə.Həsənov sağ olarkən bir neçə dəfə cavabdehlərə məlumat vermişdir. Hazırda mərhum Ə.Həsənovun iki azyaşlı övladı atasız qalmışdır və onlar öz atalarının yolunu gözləyirlər. Ə.Həsənovun vaxtsız və faciəli itkisi təmsil etdiyi şəxsləri dərindən sarsıtmışdır və onlar bir valideyn olaraq, təbii ki, onun ölümünün hərtərəfli araşdırılması və həqiqətin üzə çıxarılmasını tələb etmək hüququna malikdilər. Məlum olduğu kimi, evli və uşaqları olan kişi ilə qeyri-rəsmi münasibətlərdə olmaq və bunun nəticəsi olaraq, həmin kişinin ailəsində və şəxsi həyatında problemlərin yaranması, son olaraq həmin şəxsin intihar etməsi ölkədə olan əxlaq normarına uyğun sayılmır. Bütün bu səbəblər araşdırlmış və prokurorluğun gəldiyi nəticələrə görə İddiaçı yol verdiyi əməllər onun hərbi xidmət keçməsini mümkünsüz etmiş və bu səbəbdən də onun ehtiyata buraxılması üçün hərbi hissəyə müvafiq təqdimat verilmişdir. İddiaçı ilə X9 arasında qeyri-rəsmi münasibətlər hərbi hissədə hər kəsə məlum olmuş, İddiaçı aralarında yaranmış mübahisə ilə bağlı polis orqanlarına müraciət etməklə, bu haqda hərbi hissədən kənar da məlumatlar yayılmışdır. Əbülfəz Həsənov intihar etdikdən sonra isə prokurorluq araşdırma aparmış, müxtəlif şəxsləri dindirməklə və işin sonunda İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimat yazmaqla bu haqda bilənlərin dairəsi bir qədər də genişlənmişdir. Cavabdehlərin tərəfindən yalnız dövlət orqanlarına, prokurorluğun gəldiyi nəticəyə uyğun olaraq İddiaçı xidmətdən azad edilməsi ilə bağlı məktublar göndərilmişdir. Məktub göndərilən yerlər məhz dövlət orqanları olmuşdur. Beləliklə, cavabdehlər tərəfindən kütləvi deyil, yalnız aidiyyəti dövlət orqanlarına yazılan məktublarda olan məlumatlar həqiqəti əks etdirməklə prokurorluğun araşdırmasına əsaslanmış və İddiaçı işgüzar nüfuzunun, şərəf və ləyaqətinin ləkələnməsinə yönəlməmişdir. Ümumiyyətlə, cavabdehlər İddiaçı ilə heç bir zaman real təmasda olmamışlar, onunla hər hansı ünsiyyətə girməmişlər. Əksinə, İddiaçı insanlar arasında cavabdehlərin barəsində əsassız və həqiqətə uyğun gəlməyən ifadələr işlətmişdir. İlkin iddia üzrə iddiaçı barəsində bildirilən fikirlər kütləvi informasiya vasitələrində nümayiş olunmamış, şəxsin işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaldan məlumatlar olmamış, yalnız cavabdehlər tərəfindən müxtəlif dövlət orqanlarına məlumat verilməklə öz hüquqlarının bərpa olunması və prokurorluq tərəfindən verilmiş təqdimatın təmin olunması xahiş olunmuşdur. Sözügedən halda şəxsin öz iradə ifadəsini nümayiş etdirməsi hər hansı formada məhdudlaşdırıla bilməz. Bu mənada iddiaçının tələbinə əsas verən cavabdehlərin ərizəsi Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanaraq hər hansı formada dərc edilməmiş və bu müraciətdə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün cavabdehlər heç bir hərəkət etməmişdirlər. Təmsil etdiyi şəxslər tərəfindən iddiaçının qanunsuz hesab etdiyi hərəkətləri barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna edilmiş müraciət, hətta bu müraciətin əsassız olması halında belə, iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndirilə bilməz, əks halda bu, vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi və onları təqib etmək demək olardı. Nəzərə alınmalıdır ki, vətəndaş kiminsə hərəkətləri haqqında məlumat və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinə verdiyi iddia ərizəsində belə bir ifadə qeyd olunur: "Hər dəfə içkili vəziyyətdə valideynlərinin yaşadığı evə gedəndə atası evdən qovurdu ki, bu vəziyyətdə evə gəlməkdənsə get özünü öldür. Belə hallar tez-tez təkrar olunurdu. Bunların nəticəsi olaraq X9 25 mart 2021 -ci il tarixdə Cavabdeh3 məxsus... ünvanda ... intihar etmişdir". İddiaçı bu ifadələri təkcə Mingəçevir Şəhər Məhkəməsinə verdiyi hazırki iddia ərizəsində deyil, eyni zamanda hadisə baş verdiyi vaxtdan müxtəlif şəxslər dairəsindəhərbi hissədə və mülki həyatda cavabdehlərin oğlunu tanıyan şəxslərin yanında da dəfələrlə işlətmiş və bununla da Əbülfəz Həsənovun ölümündə valideynlərinin təqsirkar olması təəssüratını yaratmağa çalışmışdır. Bu haqda tanışlar bir neçə dəfə cavabdehlərə məlumat vermişdirlər. Hazırda da Mingəçevir Şəhər Məhkəməsinə verilmiş iddia ərizəsində həmin məlumatları yaymaqla məhkəmədə, məhkəmə işçiləri arasında da səhv təəssürat yaratmaq və cavabdehləri nüfuzdan salmaq məqsədi güdür. Təmsil etdiyi şəxslər ziyalı ailədirlər və Mingəçevir şəhərində insanlar onları nümunəvi həyat tərzi ilə seçilən şəxslər kimi tanıyırlar. Təmsil etdiyi şəxslər hal-hazırda təhsil müəssisələrində çalışırlar. Onlar istər iş yerlərində, istərsə də, şəxsi münasibətlər çərçivəsində daima öz təmiz adlarını, şərəf və ləyaqətlərini uca tutmuşlar və buna uyğun həyat yolu seçmişdirlər. Bu səbəbdən, İddiaçınm belə ifadələri, atasını övlad qatili kimi qələmə vermək istəyi dərin mənəvi sarsıntı yaratmaqla yanaşı, həmçinin təmsil etdiyi şəxslərin cəmiyyət daxilində nüfuzunun zədələnməsinə yönəlmiş əməl kimi qəbul edilməlidir. Təmsil etdiyi şəxslər Ə.Həsənovu itirdikdən sonra İddiaçı təmsil etdiyi şəxslərin oğlunu və onları tanıyan adamlar arasında həqiqətə uyğun olmayan, hazırda verdiyi iddia ərizəsində də yazdığı məlumatları yayması onların mənəvi iztirablar keçirmələrinə, hər dəfə oğullarını itirməklə aldıqları yaranın yenidən qanamasına, qohum-qonşular və ətraflarında olan şəxslərin yanında səhv təəssürat yaratmaqla şərəf və ləyaqətlərinin ləkələnməsinə səbəb olur. Beləliklə, İddiaçı hərəkətləri nəticəsində təmsil etdiyi şəxslərə fiziki iztirablar formasındada mənəvi zərər vurulmuşdur. Odur ki, məhkəmədən ilkin iddianın rədd, qarşlıqlı iddianın isə təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərə (qarşlıqlı iddia üzrə iddiaçılar) məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə cavabdehlərin (qarşlıqlı iddia üzrə iddiaçılar) iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Xəstəxanasının 18.04.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həmin tarixdə xəstəxanaya müraciət etmiş, beyin MR müayinəsindən keçmişdir. Arayışın qərar hissəsində supratentorial sahədə orta xətdə dislokasiya aşkar edilmədiyi göstərilmişdir. İşdə olan Zaqatala Hərbi Prokurorluğunun 28.06.2021-ci il tarixli HP-23/809 saylı təqdimatından görünür ki, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin səyyar-komanda məntəqəsində baş planşetçı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən qadın hərbi qulluqçu İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması məsələsinə baxılması barədə yuxarı komandanlığa müraciət edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə ilkin və qarşılıqlıiddiaçı tərəfin istinad etdiyi məlumatların məhz ilkin və qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən yayılması, həmin məlumatların yalan olması, işgüzar nüfuzu, şərəf və ləyaqəti ləkələnməsi, habelə ilkin və qarşılıqlı iddiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin ilkin və qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü ilkin və qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə ilkin və qarşılıqlı iddia üzrə cavabdehlərin üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin arasında heç bir qohumluq münasibəti olmamışdır. Bununla belə iddiaçı cavabdehlərin oğlu ilə eyni hərbi hissədə xidmət etmiş və onlar arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. X14 ölümündən sonra cavabdehlər tərəfindən iddiaçının, iddiaçı tərəfindən isə cavabdehlərin işgüzar nüfuzunun, şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatların yayılması, həmçinin hər iki tərəfin mənəvi zərərə məruz qalması haqqında tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə, həmçinin müəyyən etdi ki, tərəflər bir-birinə qarşı qərəzli münasibətdə olmuşlar. Belə ki, iddiaçı ilə cavabdehlərin mərhum oğulları arasında qeyri-rəsmi nikah münasibətləri olmuş və mərhum Əbülfəz Həsənovun valideynləri və arvadı bundan xəbərdar olmuşdurlar. Bu hal Cavabdeh1 tərəfindən Müdafiə Nazirliyinə verilmiş şikayətdə öz əksini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş şikayətdə cavabdeh (qarşlıqlı iddia üzrə iddiaçı) mərhum oğlunun İddiaçı ilə qeyri-rəsmi nikah münasibətində olduğundan, oğlunun ailəsinin dağılmaması üçün oğlu Əbülfəz Həsənovu işğaldan azad edilmiş rayonlardan birinə hərbi qulluqçu olaraq göndərilməsini və İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Əbülfəz Həsənovun intihar etməsindən sonra isə tərəflər onun ölümündə bir-birini ittiham etmişdir.Göründüyü kimi tərəflər arasında Əbülfəz Həsənovun həm sağlığında, həm də ölümündən sonra yaranan mübahisələr qərəzli münasibətin təsiri altında yaranmış mübahisədir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. İlkin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir mötəbər mənbədən əldə edilmiş subut təqdim etməmiş, cavabdeh tərəf isə iddiaçının bildirdiklərini təkzib etmişdir. Ona görə də məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ilkin iddia əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası MM–nin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1–ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999–cu il tarixli 7 nömrəli qərarının 3–cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal–təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı–ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri–müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehlərin onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsini göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, yəni şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclası zamanı cavabdehlər tərəfindən onun haqqında “əxlaqsız qadın”, “pozğun qadın” kimi ifadələrin yayıldığını formal mülahizələr əsasında bildirmiş, bununla bağlı iş materiallarına hər hansı sübut əlavə etməmiş, habelə onların yayılması nəticəsində mənəvi zərərə məruz qalmasını təkzib olunmaz dəlillərlə sübuta yetirə bilməmişdir. Bundan əlavə iş materiallarında olan Zaqatala Hərbi Prokurorluğunun təqdimatından və tərəflərin izahatlarından da görünür ki, iddiaçı mərhum Əbülfəz Həsənov ilə qeyri rəsmi ailə münasibətlərində olmuşdur. Belə olan halda, cavabdehlər tərəfindən adiyyəti dövlət orqanlarına edilən müraciətlərdə iddiaçı haqqında “ailə dağıdan” ifadəsinin işlədilməsi, həm həqiqətə uyğun olmayan yalan ifadə, həm də iddiaçının şərəf və ləyaqətini ləkləyən məlumat kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehlərin iddiaçı haqqında bildirdikləri fikirlər kütləvi informasiya vasitələrində nümayiş etdirilməmişdir. Cavabdehlər tərəfindən yalnız müxtəlif dövlət orqanlarına müraciət edilməklə qanunamüvafiq tədbir görülməsi və prokurorluq tərəfindən verilmiş təqdimatın təmin edilməsi xahiş edilmişdir. Bu hal isə vətəndaşın konstitusiyada təsbit edilmiş hüququnun realizə edilməsidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Həmin maddənin 2-ci hissəsində isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. İşin müəyyən olunmuş hallarından bir daha aydın olur ki, iddiaçının subyektiv hüququ pozulmamışdır. Ona görə də onun cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatların olması, həmçinin həmin məlumatların məhz cavabdehlər tərəfindən onun ünvanına deyilməsi və yayılması, habelə onların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz. Ona görə də məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddiaçının ilkin iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin cavabdehlər (qarşılıqlı iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi də əsassızdır. Belə ki, cavabdehlər (qarşılıqlı iddiaçıların) qarşılıqlı iddia ərizələrində, mərhum oğlulları Əbülfəz Həsənov vəfat etdikdən sonra ilkin İddiaçı müxtəlif şəxslər dairəsində, hərbi hissədə və mülki həyatda cavabdehlərin və onların mərhum oğllarını tanıyan şəxslərin yanında dəfələrlə, həmçinin məhkəməyə verdiyi iddia ərizəsində, “hər dəfə içkili vəziyyətdə valideynlərinin yaşadığı evə gələndə atası evdən qovurdu ki, bu vəziyyətdə evə gəlməkdənsə get özünü öldür. Belə hallar tez-tez tərkarar olunurdu. Bunların nəticəsi olaraq X9 25 mart 2021-ci il tarixdə Cavabdeh3 məxsus ....ünvanda...intihar etmişdir” ifadələrdən istifadə etməsi, Əbülfəz Həsənovun ölümündə valideynlərinin təqsirkar olması, həmçinin Mingəçevir Şəhər Məhkəməsinə verilmiş iddia ərizəsində həmin məlumatları yaymaqla məhkəmə işçiləri arasında da səhv təəssürat yaratmaqla, onları nüfuzdan salmaq məqsədi güddüyünü, bu ifadələrin onlara mənfi təsir göstərdiyini, ona görə də mənəvi sarsıntı və iztirab keçirdiklərini iddia etmişlər. Məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən qeyd olunan ifadənin iddia ərizəsində öz əksini tapması, onun yayılması və cavabdehlərin barəsində cəmiyyətdə, kollektivdə və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəyin formalaşması kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehlərə yönəlmiş tələb, yəni iddianın predmeti iddiaçının şərəf və ləyaqətinin müdafiəsindən ibarət olmuşdur. Cavabdeh tərəfin istinad etdiyi və ilkin iddiaçı tərəfindən iddia ərizəsində göstərilən həmin ifadələr iddianın nə əsasına, nə də predmetinə aid olmamış, yəni iddiaçı tələbini həmin ifadələrlə əsaslandırmamışdır. İlkin İddiaçı iddia ərizəsinin təsviri hissəsində həmin ifadədən istifadə etməklə, yalnız tərəflər arsında mübahisənin yaranmasına səbəb olan hadisəni təsvir etmişdir. Doğrudur, ilkin iddiaçı mərhum Əbülfəz Həsənovun atası, iş üzrə cavabdeh Həsənov İnqilab Famil oğlunun barəsində əssasız olaraq formal mülahizə irəli sürməkdə haqlı olmamış, lakin həmin ifadənin iddia ərizəsinin təsviri hissəsində göstərilməsi, onu deməyə əsas vermir ki, həmin məlumatlar yayılmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi söz və ifadələrdə olan məlumatlar, yalnız iddiaçının tələbinin istiqamətini və iddiaçının məqsədini müəyyən edir, onun yayılmasını ehtiva etmir. İlkin iddiaçı cavabdehlərin onun haqqında aidiyyəti orqanlara etdiyi müraciətlərdə yazdıqları məlumatları təkzib etmək üçün özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir. Göründüyü kimi iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra baxılır və onun əsasında müəyyən bir məhkəmə aktı çıxarılır. Həmin məhkəmə aktından hüquqlarına toxunan şəxsin mülki prosessual qanunvericiliyə uyğun olaraq şikayət vermə hüququ nəzərdə tutulmuşdur. Hazırda isə ilkin iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Eləcə də, iddia ərizəsində göstərilən həmin ifadələrdə əks olunan məlumatlar mətbuatda dərc edilməmiş, radio və televiziya verilişlərində səsləndirilməmiş, kinoxronikal proqramlarda nümayiş etdirilməmiş, əsərlərdə təsvir edilməmiş, yığıncaq və toplantılarda deyilməmiş, sosial şəbəkələrdə yayılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999–cu il tarixli 7 nömrəli qərarının 4–cü bəndində göstərilmişdir ki, Qanunla xüsusi şiayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn. Məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülkiprosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, ilkin iddiaçının iddia ərizəsində göstərdiyi məlumatlar məhkəməyə müraciət etmə hüququ ilə əhatə olunduğundan, məhkəmə sənədlərində olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmədiyindən, həmçinin iddia tələbi rədd edildiyindən, yayılmamış hesab olunmalıdır. Ona görə də həmin məlumatlar cavabdehlərin şərəf və ləyaqətlərini alçaldan məlumatlar hesab edilə bilməz. Odur ki, məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin vəkilin göstərdiyi yardıma görə xərclərin ödənilməsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia təmin edilmədiyi üçün iddia tələbi həmin hissədə də əsasızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin qeyd edir ki, ilkin və qarşılıqlı iddia rədd edildiyindən, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları ilkin və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia rədd edilsin. İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər (qarşlıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 qarşı “əxlaqsız qadın”,”pozğun qadın” və digər təhqiramiz sözlərin, məlumatların həqiqəti əks etdirmədiyinin müəyyən edilməsi və sözlərin və məlumatların cavabdehlər tərəfindən rəsmi təkzib edilməsinin onların üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi mənəvi sarsıntı və iztirablara görə cavabdehlər tərəfindən ona 6000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddia təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdehlər (qarşlıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 ilkin iddiaçı ( qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı şərəf və ləyaqətlərini alçaldan “hər dəfə içkili vəziyyətdə valideynlərinin yaşadığı evə gələndə atası evdən qovurdu ki, bu vəziyyətdə evə gəlməkdənsə get özünü öldür. Belə hallar tez-tez təkrar olunurdu. Bunların nəticəsi olaraq X9 25 mart 2021-ci il tarixdə Cavabdeh3 məxsus ....ünvanda...intihar etmişdir” ifadəsini təkzib etmək və Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada üzr istəmək öhdəliyinin iddiaçının üzərinə vəzifə olaraq qoyulması və məcbur olunması, iddiaçıdan 9000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzi və 110 manat ödənilmiş dövlət rüsumunun və vəkillə müqaviləyə görə ödədilkəri 220 manat pulun, həmçinin təmsilçilik üçün etibarnaməyə görə ödədilkəri 11.50 manat məbləğində pulun iddiaçıdan alınması tələbinə dair qarşlıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar