Məhkəmə qərarları › İş №2(051)-1970/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1970/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1970/2023 04.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Konsensus Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı mülkiyyətində olan avtomobilin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən mülkiyyətində olan JEEP GRAND CHEROKEE” markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması, vəkilə hüquqi xidmət üçün ödədiyi 200 (ki yüz) manat qonararın, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, sənədin notariat qaydada təsdiqi üçün ödənilən 3 manat 40 qəpik, vəkilə verilən etibarnamə üçün ödənilən 17 manat 25 qəpik pulun Cavabdeh Hüseyn oğlundan alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh Hüseyn oğlu ilə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından bir övladları doğulmuş, sonradan ailə münasibətləri pozulduğu üçün Türkiyə Respublikasında məhkəmə qaydasında nikahları pozulmuş, Azərbaycan Respublikası Ali Məhəməsinin qərardadı ilə Türkiyə Respublikasında nikahlarının pozulması haqqında qətnamə tanınmış və nikahlarının pozulması haqqında şəhadətnamə almışlar. 2017-ci ildə nikahlarıı pozulduqdan sonra hər ikisi Azərbaycan Respublikasında yaşayır. Təmsil etdiyi şəxs Bakı şəhərində, cavabdeh isə Mingəçevir şəhərində yaşayır və işləyir. Təmsil etdiyi şəxs öz vəsaiti hesabına xx.xx.2018-ci il tarixdə “JEEP GRAND CHEROKEE” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi-avtomobil almış, avtomobili aldıqdan az müddət sonra keçmiş əri, uşağının atası Cavabdeh Hüsyn oğlu ona “onun Bakı şəhərində, özünün isə Mingəçevir şəhərində yaşadığını, uşağı ilə əlaqə saxlamaq, gəlib-getmək istədiyini, etibarnamə ilə avtomobili ona verməsini, müəyyən müddətə özünə avtomobil alacağını” demişdir. Həmin vaxt təmsil etdiyi şəxsin maşına ehtiyac olmadığına görə cavabdehlə razılaşıb, fikirləşib ki, uşaqları ata görüşündən, nəvazişindən kənarda qalmasın, sonra bəhanə edər ki, maşınsızam, uşaqla görüşməyə gəlib gedə bilmir. Bundan sonra iddiaçı Cavabdeh Hüseyn oğluna mülkiyyətində olan “JEEP GRAND CHEROKEE” markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarnamə vermiş, müəyyən müddətdən sonra avtomobil iddiaçının özünə lazım olmuş, cavabdehdən avtomobilinin qaytarılmasını tələb etmiş, lakin cavabdeh özünə avtomobil alacağını bildirərərək bir az gözləməsini xahiş etmişdir. Təmsil etdiyi şəxs cavabdehə inanıb gözləmişduir. Sonradan təmsil etdiyi görmüşdür ki, cavadeh onu aldatmağa çalışır, ona görə də verdiyi etibarnaməni ləğv etdirmişdir. 2021-ci ilin yanvar ayında isə müraciəti əsasında AR DİN BDYPİ-nin qərarına əsasən mülkiyyətndə olan “JEEP GRAND CHEROKEE” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsinə məhdudiyyət qoyulmuşdur. Fikirləşib ki, məhdudiyyət qoyulduqdan sonra Cavabdeh Hüseyn oğlu avtomobili idarə edə bilməyib qaytaracaqdır. Cavabdeh Hüseyn oğlu gizlicə avtomobili Mingəçevir şəhərində idarə edir, axşamlar isə Mingəçevir şəhəri, Dram Teatrın yaxınlığındakı dayanacaqda saxlayır. Cavabdeh ilə dəfələrlə avtomobilin qaytarılması istiqamətində danışıqlar aparmasına baxmayaraq, o, razılaşmalarına əməl etməyib, avtomobili qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, hazırda cavabdehin qanunsuz istifadəsində olan, təmsil etdiyi şəxsə məxsus avtomobil qaytarılmalı, həmçinin vəkilə hüquqi xidmət üçün ödənilən 200 (ki yüz) manat qonarar, 100 (bir yüz) manat dövlət rüsumu, sənədin notariat qaydada təsdiqi üçün ödənilən 3 manat 40 qəpiyi, vəkilə verilən etibarnamə üçün ödənilən 17 manat 25 qəpik pulun alınıb təmsil etdiyi şəxsə verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə edilmiş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “JEEP GRAND CHEROKEE” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 73, mənzil 14-də qeydiyyatda olan, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır. Nəqliyyat vasitəsinə mülkiyyətçinin xx.xx.2021-ci il tarixli müraciəti əsasında BDYPİ MMX 001-298Ə qərarı ilə məhdudiyyət qoyulmuşdur. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh Hüseyn oğlunun nikahlarına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 25.12. 2021-ci il tarixdə 175 nömrə ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırılması İdarəsi 5 nömrəli MİS-nin 393 saylı xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh Hüseyn oğlu qeydiyyatsız ünvan 1 ünvanında yaşayır. İşə əlavə edilmiş KapitalBank ASC-nin xx.xx.2023-cü il tarixli TT**********017200 nömrəli qəbzindən görünür ki, iddaçı tərəfindən vəkilin hüquqi xidməti üçün 200 manat məbləğində pul ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəmə terminalları vasitəsilə aparılmış qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirilməyən iddialar üzrə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından bir nəfər uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı nikah pozulduqdan sonra öz vəsasiti hesabına xx.xx.2018-ci il tarixdə “JEEP GRAND CHEROKEE” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmişdir. İddiaçı özlərinə məxsus minik avtomobilinin mülkiyyət hüququnu özündə saxlamaqla onu cavabdehin əvəzsiz istifadəsinə vermiş, sonradan iddiaçının müraciəti əsasında cavabdehin adına verilmiş etibarnaməni ləğv edilərək qüvvədən düşmüşdür. Ondan sonra iddiaçı cavabdehdən avtomobilin qaytarılmasını tələb etmiş, lakin cavabdeh avtomobili qaytarmaqdan imtina etmişdir. Belə olan halda iddiaçının müraciəti əsasında mübahisəli avtomobilin üzərinə xx.xx.2021-ci il tarixdən məhdudiyyət qoyulmuşdur. Bütün bu halları cavabdeh bilmişdir. Bununla da iddiaçı ilə cavabdeh arasında əvəzsiz istifadə ilə bağlı münasibətlər başa çatmışdır. Ona görə də cavabdehin əvəzsiz istifadəyə götürdüyü avtomobili iddiaçııya qaytarmaq vəzifəsi yaranmış, çünki hazırda cavabdehin mübahisəli minik avtomobili üzərində heç bir əşya hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. İşin müəyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əvəzsiz istifadə müqaviləsinə xitam verilsə də, cavabdeh istifadəyə götürdüyü minik avtomobilini qanuni sahibinə qaytarmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən özünə məxsus yük avtomobilinin qaytarılmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətinə əsas olmuş etibarnamə ləğv edildiyindən, mövcud mübahisə hazırda əmlak mənsubiyyəti ilə bağlı olduğundan, həmin mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələblərinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, iddiaçının mübahisəli minik avtomobili üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdehin həmin avtomobil üzərində mövcud olmuş istifadə hüququnun xitam verildiyindən, onun həmin mübahisəli avtomobili üzərində heç bir əşya hüququ yoxdur. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı avtomobilin qaytarılması ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29.2-ci maddəyə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.3-cü maddəyə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. 29.4-cü maddəyə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə hesab edir ki, “JEEP GRAND CHEROKEE” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı mübahisəli avtomobil Cavabdeh Hüseyn oğlundan alınıb İddiaçı qaytarılmalıdır. Bundan əlavə məhkəmə məhkəmə xərcləri ilə bağlı hissəyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçının məhkəyə müraciət etmək üçün vəkilə xidmət haqqı kimi ödədiyi 200 (iki yüz) manat qonarar, sənədin notarial qaydada təsdiq edilməsi üçün ödədiyi 3 (üç manat) manat, vəkilə verilən etibarnamə üçün ödədiyi 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 manat dövlət rüsumu, cəmi 320.25 manat məbləğində pul məhkəmə xərcləri hesab edilməli və cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Hüseyn oğlundan 1J8HCE8M17Y564159 BAN nömrəli, buraxılış ili 2007ci il olan “JEEP GRAND CHEROKEE” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil alınıb İddiaçı qaytarılsın. Ödənilmiş məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh Hüseyn oğlundan ödənilmiş məhkəmə xərclərini əvəzi olan 320 (üç yüz iyirmi) manat 25 qəpik məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar