Məhkəmə qərarları › İş №2(051)-2122/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2122/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2122/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyana görə 2500 manat, mənəvi ziyana görə 2000 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 11.09.2017-ci il tarixli əmək müqaviləsi ilə Cavabdehnə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Bağlanmış əmək müqaviləsinə 10.09.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Dəfələrlə əmək kitabçasını almaq üçün müraciət etsə də, əmək kitabçasının verilməsi müxtəlif bəhanələrlə cavabdeh tərəfindən təmin edilməmişdir. Bu barədə 24.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”-nə müraciət etdikdən sonra 12.07.2021-ci il tarixdə əmək kitabçasını ala bilmişdir. Ona görə də 10 ay müddətində işsiz qalmış və işə düzəlmək üçün heç bir təşkilata müraciət edə bilməmişdir. Bununla bağlı X3 X2 etdiyi tədqiqatda Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 87-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulduğu məlum olmuşdur. İşəgötürən, həmçinin poçt vasitəsilə əmək kitabçasını götürməsi barədə ona bildiriş göndərməmişdir. O, əmək hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Odur ki, cavabdehdən işə düzələ bilmədiyi 10 aylıq müddət üçün 2500 manat, mənəvi ziyan kimi 2000 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı verdiyi izahatında irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, 15 sentyabr 2016-cı il tarixdə Mingəçevir X1 Səlimovu müddətli əmək müqaviləsi bağlayaraq bir il müddətinə tarix fənninin tədrisi üzrə 0.5 ştat müəllim vəzifəsinə işə qəbul etmiş və hər ilin tamamında tərəflər arasında razılaşmaya əsasən müqavilə yenilənərək, müqavilənin sonuncusu yenə də müddətli olaraq 10 sentyabr 2019-cu il tarixdə bağlanmışdır. 10 sentyabr 2020-ci il tarixdə sonuncu müddətli müqaviləyə onun müddətinin bitdiyi tarixdə Əmək məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Bundan sonra son haqq-hesab İddiaçı əmək haqqı kartına ödənilmişdir. O, əmək kitabçasını və əmrin surətini təhvil alması, həmçinin Kollecdə işlədiyi müddətdə adına təhkim olunaraq istifadəsi üçün müvəqqəti verilmiş əmlakların təhvil-təsliminə dair gəzdirmə vərəqəsinə məsul şəxslərə imza etdirməklə təhvil verilməsinin təmini məqsədi ilə Kollecə çağırılmışdır. Lakin İddiaçı əmək kitabçasında Kollecdən qabaqkı iş yerində işdən çıxmasına dair müvafiq möhürün olmadığı aşkarlandığından, Cavabdeh direktoru tərəfindən də işdən çıxmasına dair Kollecin möhürü vurulmayaraq, sənədlərin toplusunun verilməsi nöqsanın aradan qaldırılması üçün müvəqqəti olaraq dayandırılmışdır. Bununla bağlı İddiaçı Kollec tərəfindən dəfələrlə şəxsi işində qeyd olunan mobil nömrəsinə zəng etməklə cəhd olunsa da, onu tapmaq mümkün olmamışdır. Ancaq 2021-ci ilin may ayında İddiaçı atası Hamil Səlimov kollecə telefonla müraciət edərək, Realın həmin vaxtlar Mingəçevir şəhərində olmadığını, elə bu səbəbdən də oğlu Reala məxsus əmək kitabçasını götürmək istədiyini bildirmişdir. Hamil Səlimov əmək kitabçasını Kollecdən götürmüş, İddiaçı əvvəlki iş yerindən işdən çıxmasına dair müvafiq möhür vurulduqdan sonra geri təhvil vermişdir və İddiaçı əmək kitabçası Kollecin direktoru tərəfindən möhürlənərək atası Hamil Səlimova təhvil verilmişdir. Beləliklə, İddiaçı Cavabdehndən işdən azad olunduqdan sonra qeyd etdiyi 10 (on) aylıq müddətdə əmək kitabçasını ala bilməməsinin səbəbini iddiaçının özü tərəfindən olan problemin həllinin gecikməsindən baş verdiyini iddia ərizəsində göstərməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində əmək kitabçasını 24.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin '‘142 Çağrı Mərkəzi”-nə müraciət etdikdən sonra əldə etdiyini göstərmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, İddiaçı Cavabdehndən işdən azad olunduğu vaxtdan, yəni 10.09.2020-ci il tarixdən 24.06.2021-ci il tarixədək olan dövrdə müvafiq işlə təmin edilməsi üçün heç bir yerə rəsmi müraciət etməyib, bununla əlaqədar da hər hansı bir qurumdan bu səbəbdən imtina edilməsinə dair rəsmi sənəd də təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin cavab məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”-nə etdiyi müraciətə baxılmış, ona Cavabdeh tərəfindən əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gündən 10 ay 2 gün sonra verilməsi ilə əlaqədar pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə əmək kitabçasının cavabdeh tərəfindən gec verilməsi ilə bağlı iddiaçının işə düzələ bilmədiyi 10 aylıq müddət üçün 2500 manat maddi ziyana, 2000 manat məbləğində mənəvi ziyana məruz qalmasını sübutetmə yükü iddiaçının, lakin əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngiməməsi faktını sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış və 10 sentyabr 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə həmin müqaviləyə xitam verilmişdir. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu hər iki tərəfin izahatları ilə öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı əmək kitabçasının verilməsinin müxtəlif bəhanələrlə cavabdeh tərəfindən təmin edilmədiyini, bu barədə 24.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”-nə müraciət etdikdən sonra 12.07.2021-ci il tarixdə əmək kitabçasını ala bildiyini qeyd edərək, əmək kitabçasının cavabdehin təqsiri üzündən gec verilməsi ilə bağlı işə düzələ bilmədiyi 10 aylıq müddət üçün maddi ziyan kimi 2500 manat, mənəvi ziyan kimi 2000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair tələb irəli sürmüşdür. Cavabdehin nümayəndəsi isə əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçının əmək kitabçasında Kollecdən əvvəlki iş yerində işdən çıxmasına dair müvafiq möhürün olmadığı aşkarlandığından, Cavabdeh direktoru tərəfindən də işdən çıxmasına dair Kollecin möhürünün vurulmadığını, bununla bağlı dəfələrlə iddiaçının mobil nömrəsinə zəng etməklə cəhd olunsa da, onu tapmağın mümkün olmadığını, ancaq 2021-ci ilin may ayında İddiaçı atası X6 Mingəçevir şəhərində olmadığına görə əmək kitabçasını Kollecdən götürərək, İddiaçı əvvəlki iş yerindən işdən çıxmasına dair müvafiq möhür vurulduqdan sonra əmək kitabçasının Kollecin direktoru tərəfindən möhürlənərək atası Hamil Səlimova təhvil verildiyini bildirmişdir. Qeyd edilən hallar üzrə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı 10 sentyabr 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasını cavabdehdən ala bilməməsi ilə bağlı 24 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”-nə etdiyi müraciətə cavab məktubunu məhkəməyə təqdim etmiş, bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mingəçevir regional ərazi şöbəsi tərəfindən araşdırma aparıldığı, İddiaçı əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gündən 10 ay 2 gün sonra verildiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəlki iş yeri tərəfindən əmək kitabçasına möhür vurulmaması, işdən çıxan işçiyə əmək kitabçasının verilməsini istisna edən hal kimi qanunda nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin onunla bağlı istinad etdiyi dəlilləri əsaslı hesab etmir və iddiaçıya əmək kitabçasının gec təhvil verilməsində cavabdehi təqsirli hesab edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 172.6-cı maddəsinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin “f” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə, işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 290.2-ci maddəsinə görə işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçıya əmək kitabçasının gec təhvil verilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Bu da onu deməyə əsas verir ki, əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gündən 10 ay 2 gün sonra verildiyinə görə cavabdeh həmin müddət üçün iddiaçıya orta əmək haqqı həcmində dəymiş ziyanı tam həcmdə ödəməlidir. Belə ki, “Minimum aylıq əmək haqqının məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən, 2019-cu il sentyabrın 1-dən minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Məhkəmə orta əmək haqqının məbləği ilə bağlı qeyd edir ki, iddiaçı 10 aylıq müddətdə işləsəydi, minimum əmək haqqı məbləğində, yəni hər ay 250 manat məbləğində gəlir əldə edəcəkdi. Hazırda cavabdehin hərəkətsizliyi səbəbindən, iddiaçı həmin minumum gəlirdən məhrum olmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin təqsiri üzündən maddi zərərə məruz qalmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, İddiaçı əmək kitabçasının əmək müqaviləsinə xitam verildiyi gündən 10 ay 2 gün sonra verildiyinə görə həmin müddət üçün orta əmək haqqı olaraq 2500 manat məbləğində pulun ödənilməsi işin hallarına uyğundur. Bununla yanaşı, məhkəmə, iddianın vurulmuş mənəvi ziyana görə 2000 manat miqdarında pul tələb etməsi hissəsini əsaslı hesab etmir. İddiaçı cavabdehin əmək kitabçasını təqsirli olaraq gec təhvil verməsini sübuta yetirsə də, bununla bağlı sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını, habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində yaxın qohumlarının və onu tanıyan şəxslərin yanında nüfuzdan düşməmiş, fəal ictimai həyat tərzindən məhrum olmamış, şəxsi, ailə və tibbi sirləri açıqlanmamış, habelə hər hansı başqa təbii hüquqları məhdudlaşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsaslı deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundun qismən təmin edilməli, maddi ziyana görə cavabdehdən 2500 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 2500 (iki min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar