Məhkəmə qərarları › İş №2(051)-2209/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2209/2025

06.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2209/2025 06.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 10 sentyabr 2025-ci il tarixli Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1285 manat borcun tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 10 sentyabr 2025-ci il tarixli İcra qeydi əsasında ondan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1285 manat borcun tutulması barədə icra qeydi çıxarılmışdır. Sözügedən icra qeydində göstərilmişdir ki, Cavabdeh2 Xüsusi notariusu X3 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZİ075, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev 41; məh. 1965 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin /VÖEN: **********/ xeyrinə MİNGƏÇEVİR ŞƏHƏRİ, 10-CU BAĞ KÜÇƏSİ, EV 85 ünvanında qeydiyyatda olan X1 (AA*******, xx.xx.2022 - Asan-Mİngəçevir; FİN: xxxxxxx; d/t: xx.xx.1964) A**********156620G00155 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 690 manat tutulsun. Bundan əlavə, borclu X1 570 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1285 manat pul tutulsun” sözləri yazılmışdır. Hörmətli məhkəmə, sözügedən İcra Qeydinin əsasında İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfində icra işi açılmış və bu barədə ona məlumat verilmişdir. Məlumat verildikdən dərhal sonra o, məhkəməyə müraciət etmişdir. Hörmətli məhkəmə, o, sözügedən icra qeydi ilə tanış olduqda icra qeydində heç bir məlumat görməmiş. İcra qeydi bir növ qətnaməni əvəz edən sənəddir və həmin sənəd şablon formada olması doğru bir hal deyil. Ona göndərilən bildirişlərdə olan borclarla hazırda göstərilən pul məbləği arasında əsaslı şübhələr var. Bu şübhələrin aradan qaldırılması üçün mütləq qaydada icra qeydinə əsas olmuş sənədlər çıxarılmalıdır. Onu da qeyd edir ki, icra qeydində ondan 570 manat məbləğdə cərimə pulu tələb olunur. Hesab edir ki, Mülki Məcəllənin tələblərinə əsasən cərimə pulu məhkəmə tərəfindən azaldıla və ya silinə bilər. Hörmətli Məhkəmə onun tərəfindən daimi olaraq və vaxtı-vaxtında ödəniş olunmasına baxmayaraq ondan 690 manat əsas və 570 manat məbləğdə cərimə tələb olunur. Bu absurt bir yanaşmadır və bu məsələyə icra qeydi çıxarılarkən diqqət edilməli idi. Hesab edir ki, sözügedən mübahisəli hallar məhkəmə iclasında araşdırılmalı və icra qeydi ləğv olunmalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, buna baxmayaraq Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. Sübutların tədqiqi: İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Hacıyev X2 şəhəri, 10-cu bağ küçəsi ev 85 ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-cİ il tarixli icra qeydindən göstərilmişdir ki, “Cavabdeh2 Xüsusi notariusu X3 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə AZİ075, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev 41; məh. 1965 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin /VÖEN: **********/ xeyrinə MİNGƏÇEVİR ŞƏHƏRİ, 10-CU BAĞ KÜÇƏSİ, EV 85 ünvanında qeydiyyatda olan X1 (AA*******, xx.xx.2022 - Asan-Mİngəçevir; FİN: xxxxxxx; d/t: xx.xx.1964) A**********156620G00155 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 690 manat tutulsun. Bundan əlavə, borclu X1 570 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1285 manat pul tutulmalıdır. İş materiallarında olan Notariat icra qeydi haqqında ərizədən görünür ki, AZ1075, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin VÖEN:********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı **********156620G00155 nömrəli müqaviləyə əsasən ödənilməmiş əsas borc, 600 AZN, faiz borcu 90 AZN, dəbbə pulu 570 AZN, cəmi 1260 AZN tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-cİ il tarixli maliyyə arayışından görünür ki, ödənilməmiş əsas borc 600 manat, faiz borcu 90 manat, dəbbə pulu 570 manat və cəmi borc 1260 manat manatdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli A**********156620G00155 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 15 təqvim günü müddəti ilə günlük faiz dərəcəsi 1% olmaqla 600 manat borc götürmüşdür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli A**********156620G00155 arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı 15 gün ödəmə müddəti ilə günlük 1% faiz dərəcəsi ilə 600 manat borc götürmüşdür. Lakin kredit ödənişlərini vaxtında etməmiş və ona cəmi 570 manat məbləğində cərimə penya hesablanmışdır. Bununla bərabər Notarius tərəfindən icra qeydi verilməsinə 25 manat xərc çəkilmişdir. Bu səbəbdən icra qeydində tələbkar borcludan cəmi 1285 manat tələb etmişdir. iddiaçının həmin borcu götürməsi məhkəməyə təqdim edilən mötəbər sübutlar ilə təsdiq edilmişdir. Hazırda iddiaçı icra qeydinin ləğv edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı şəxs müvafiq icra qeydinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması ilə aparıldığını göstərmiş və göstərilən məbləğlə razı olmadığını bildirmişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin: 1-ci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; 3-cü hissəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; 4-cü hissəsinə əsasən icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; 5-ci hissəsinə əsasən fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; 6-cı hissəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; 7-ci hissəsinə əsasən elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; 8-ci hissəsinə əsasən icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bu baxımdan qeyd edilməlidir ki, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və müvafiq sənədlər notariat ofisinə kredit təşkilatı olan BOKT tərəfindən təqdim olunmuşdur. Qeyd edilənlərdən görünür ki, müvafiq icra qeydləri aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinin pozulması barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Bundan başqa, icra qeydində göstərilən məbləğ də, həmçinin məhkəmə hesab edir ki, düzgün hesablanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh1nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar