Məhkəmə qərarları › İş №2(051)-2331/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-2331/2025

04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-2331/2025 04.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, bu şəxslərin əvvəlcədən əlbir olaraq ona qarşı təzyiq kimi ona, ailə üzvlərinə və əmlakına fiziki ziyan vurma niyyətləri nəzərə alaraq onun və ailə üzvlərinin həyatına real təhlükəni nəzərə alaraq cavahdehlər barədə sərt tədbir görülməsini, Səmədin bu hərəkətinin AR CM-in 186.1-ci maddəsi kimi tövsif olunmasını və ona dəymiş maddi və mənəvi ziyan olaraq 10 000 (on min) manat məbləğində vəsaitin alınması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdehlərin soyadı, adı, atasının adı, mobil telefon nömrələri qeyd edilsə də, şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilməmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddiaya cavab verməli olan şəxslərin şəxsiyyətini eyniləşdirmə məlumatlarını qanunda nəzərdə tutulmuş qaydada göstərməmişdir. Bununla da iddiaçı iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Göründüyü kimi qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunda nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən tələb edilən 10.000 manat məbləğində pul tələbi üçün dövlət rüsumu 120 manat ödənilməli olduğu halda, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilsə də, lakin ödənilmiş dövlət rüsumun məbləği «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3cü maddəsinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsində göstərilmişdir ki, müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmçinin iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, hazırki iş pul tələbinə dair mülki işdir və iş üzrə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı qətnamə çıxarılmasını məhkəmədən xahiş etməli olduğu halda, cavahdehlər barədə sərt tədbir görülməsini, Səmədin bu hərəkətinin AR CM-in 186.1-ci maddəsi kimi tövsif olunmasını və ona dəymiş maddi və mənəvi ziyan olaraq 10 000 (on min) manat məbləğində vəsaitin alınması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki məhkəmə icraatı qaydasında əməlin tövsif edilməsinə baxılmalı deyildir. Göründüyü kimi iddia tələbi qeyrimüəyyəndir və iddiaçının təbinin nədən ibarət olması iddia ərizəsinin nəticə hissəsində aydın şəkildə göstərilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 17:12:27-də **********41 nömrəli mədaxil qəbzi əsasında “ASAN ödəniş” sistemi vasitəsilə Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar