Məhkəmə qərarları › İş №2(051)-2338/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2338/2022

19.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2338/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi,Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı evinə olan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin 3\1 hissəsi İddiaçı1, 3\2 hissəsi isə İddiaçı2 paylı mülkiyyətindədir. Cavabdeh İddiaçı1 oğludur. Cavabdeh uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Kamil 2004-cü ildən qeyd edilən fərdi yaşayış evində qeydiyyatdadır. 2004-cü ildə qeyd edilən evə qeydiyyata düşdükdən sonra Cavabdeh yenidən daimi olaraq yaşadığı Rusiya Federasiyasına qayıtmışdır. Bu illər ərzində geri qayıtmamışdır. Bir neçə dəfə telefonla iddiaçı ilə əlaqə saxlayaraq bir daha geri qayıtmaq istəmədiyini, orada vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Hazırda da Cavabdeh Rusiyada yaşayır. Cavabdeh iddiaçıların mülkiyyətində olan evə ehtiyacı qalmamışdır. Qeyd edildiyi kimi artıq uzun illərdir ki, iddiaçıların paylı mülkiyyətində olan evdə yaşamır və yalnız qeydiyyatdadır. Bu qeydiyyat iddiaçıların əmlakla bağlı sərəncam vermək hüquqlarını pozur. Ona görə də iddiaçılar məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İddianın təmin olunmasını, Cavabdeh Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş,lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı1 ilə qonşudur. İddiaçı tək yaşayır. Onun oğlu Kamil 17-18 il olar ki, həmin evdə yaşamır. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 30 ildən çoxdur ki, İddiaçı1 ilə qonşudur. İddiaçının oğlu Kamil 17-18 il olar ki, həmin evdə yaşamır. Kamilin anasının yaşadığı evə gəlib-getdiyini görməmişdir. X3 məhkəmə iclasında ifadəsində bildirdi ki, iddiaçı ilə 1965-ci ildən qonşudur. İddiaçı1 oğlu Kamil 17-18 ildir ki, anasının yanında yaşamır. Məhkəmə iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Yaşar Muradov küçəsi 9 № li fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə üçdə bir hissədə İddiaçı1, üçdə iki hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər MKTİB tərəfindən tərtib edilmiş 27 noyabr 2022- il tarixli aktda göstərilir ki, Cavabdeh 1994-cü ildən Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 №-li fərdi yaşayış evində yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçılar tələbində Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 №-li fərdi yaşayış evinin onların mülkiyyətində olmasını, cavabdehin 2004-cü ildən Rusiyaya getdiyini və həmin vaxtan qeyd edilən evdə yaşamadığını bildirərək cavabdehin mübahisələndirilən evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razlığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam veridiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya odənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 №-li fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri Y.Muradov küçəsi 9 №-li fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar