Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-234/2025 19.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR X12 “Mingəçevir SES Tikinti” Tikinti İdarəsi həyat yoldaşı X8 hal-hazıradək yaşadıqları Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 92 №-li evin 2 otaqlı, yaşayış sahəsi 30.1 kv.metr olan 5 №-li mənzilinə xx.xx.1960-cı ildə 214 №-li order vermiş və onlar həmin order əsasında yoldaşı ilə birgə bu mənzilə köçüb yaşamağa başlamışlar. Həyat yoldaşı X10 ilə onun arasında rəsmi nikah 09 noyabr 1959-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmışdır, nikah bağlandıqdan sonra o “Qurbanova” soyadını dəyişərək ərinin “Ağayeva” soyadını götürmüşdür. Bu mənzildə yaşadıqları müddətdə birgə nikahlarından 14 mart 1972-ci il təvəllüdlü oğulları Şahin, xx.xx.1961-ci il təvəllüdlü qızları Ceyran anadan olmuşlar. X28 Cavabdeh1 ilə 03 oktyabr 1997-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və Cavabdeh1 onların yaşadıqları mənzilə gəlin köçmüşdür. Onların birgə nikahından xx xxxx 2001-ci il təvəllüdlü Sevinc adlı övladları dünyaya gəlmişdir. Lakin oğlu Şahinlə gəlini Ceyran bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə 2004-cü ilin əvvəllərində onlar faktiki olaraq ayrılmış və ər- arvad münasibətləri olmamışdır. Yevlax Rayon Məhkəməsinin 25 iyul 2005-ci il tarixli 2-353/2005 saylı qətnaməsi ilə aralarında olan xx.xx.1997-ci il tarixli 97 saylı nikah qeydi pozulmuş, nikahın pozulması haqqında xx.xx.2005-ci il tarixdə 115 №-li akt qeydi tərtib olunmuş və onlar rəsmi qaydada ayrılmış, məhkəmənin həmin qətnaməsi ilə nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş xx.xx.2001-ci il təvəllüdlü qızı Sevinc anası Cavabdeh1 himayəsində saxlanmışdır. Boşandıqdan bir müddət sonra, yəni 2005-ci ilin payızında Cavabdeh1 qızı Sevinci də götürüb könüllü olaraq mənzildən getmiş, bir daha mənzilə qayıtmamışdır. Mənzildə qalmış ona məxsus əşyaları isə o, 2006-cı ilin aprel-may aylarında aparıb getmişdir. Həmin vaxtdan hal-hazıradək Cavabdeh1 və qızı Cavabdeh2 19 ildir ki, bu mənzildə yaşamırlar, gəlib getmirlər, mənzildə heç bir əşyaları yoxdur, mənzilin idarə olunmasında iştirak etməmişlər və etmirlər, onlarla və mənzillə heç bir əlaqələri yoxdur. X27 xx.xx.2009cu ildə, cavabdehin əri, X28 isə xx.xx.2024-cü ildə vəfat etmişdir. Qeyd etmişdir ki, yaşadıqları mənzil dövlət mənzil fonduna aiddir. Cavabdehlər mənzildə qeydiyyatda qalsalar da, onlar həmin vaxtdan daimi yaşamaq üçün Mingəçevir şəhəri 7-ci Bağ küçəsi 35 nömrəli öz xüsusi mülkiyyətlərində olan 0.0499 ha torpaq sahəsindəki fərdi evə köçüb getmişlər, onların mənzildə qeydiyyatda qalmaları, onun mənzildən istifadə hüququnu məhdudlaşdırır. Eləcə də cavabdehlər hazırda faktiki yaşayış yeri üzrə qeydiyyatdan keçməməklə yaşadıqlarına görə onlar 19 ildir ki, İnzibati Xətalar qanunvericiliyinin tələblərini pozmaqla inzibati məsuliyyət daşıyırlar. Cavabdehlər 2005-ci ilin payızında daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçənədək mənzildən istifadə hüquqları olmuş (yaranmış), lakin sonradan əşyalarını da götürüb daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən və kifayət qədər uzun müddət - 19 il bu mənzildə yaşamadıqları və Cavabdeh1 özünün xüsusi mülkiyyətində olan 0.0499 ha torpaq sahəsindəki fərdi yaşayış evləri olduğu üçün onlar mübahisəli mənzildən istifadə hüququnu itirmişlər. X1 X28in xx.xx.2024-cü ildə vəfatından sonra tək yaşadığı üçün onunla birgə yaşayır və onunla X14 arasında olan nikah xx.xx.2012-ci ildə ləğv edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razılaşmayaraq bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə həqiqətən yaşamışlar və hazırda da mənzildə bəzi əşyaları qalmışdır. Cavabdeh1 həyat yoldaşı olmuş Şahin Ağayev boşanmadan sonra qeyri-rəsmi ikinci dəfə ailə həyatı qurduqdan sonra həmin evdə yaşamaları mümkün olmamışdır. İşə əlavə olunan xx.xx.2006-cı il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh1 Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 92 №-li evin 2 otaqlı, yaşayış sahəsi 30.1 kv.metr olan 5 №-li mənzilinə istifadə hüququ bərpa edilmişdir. Həmin qətnamənin 30 illik qanuni qüvvəsinin olmasını bildirmişdir. Cavabdehlərin İddiaçılə münasibətləri hər zaman yaxşı olmuş, qarşılıqlı gediş-gəlişləri olmuşdur. Əvvəlki iclaslarında verilən şahid ifadələrindən görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Belə ki, onun yaşlı olduğu, öz hərəkətlərini başa düşmədiyi, evlə bağlı mübahisəyə ona kiminsə təzyiq göstərməyi ehtimal olunur. İddiaçının özünün məhkəmə iclasında çıxış edərək iddia tələbi ilə bağlı fikirlərini bildirməsinin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etiraz ərizəsi verərək, xx.xx.2006-cı il tarixli qətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil bölünərək 12 kv.m yaşayış sahəsi olan otağın onun istifadəsinə verilməsi və qızı ilə birlikdə həmin otağa köçürülməsini bildirmişdir. Həmin vaxtdan otaqdan istifadə etdiyini, əşyalarının otaqda olduğunu, tez-tez gedib yoxladığını, İddiaçı ilə aralarının həmişə yaxşı olduğunu, onun qulluğunda durduğunu, Gülsənəmin qızı X4 Novruzov tərəfindən Şahin Ağayevin vəfatından sonra həmin evə buraxılmadığını və onun təkidi ilə işin məhkəməyə verildiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirdi ki, 2006-cı il tarixdə Şahin Ağayevlə ailə quraraq həmin evə gəlin gəlmişdir. Qeyd olunan evdə həmin vaxt qaynanası İddiaçı və əri Şahin Ağayev yaşamışdır. 2006-cı ildən 2016-cı ilədək həmin mənzildə yaşamışdır. 2016-cı ildə özünə Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən binadan ev almış və orada yaşamışdır. Ancaq yenə də həmin evə tez-tez getmiş, əri və qaynanasına özü baxmışdır. Baş vermiş qəza hadisəsindən sonra xəstəxanaya Şahin Ağayevin yanına ziyarətə gedən zaman cavabdehləri yalnız orada bir dəfə görmüşdür. Şahin Ağayevin vəfatından sonra İddiaçı qızı Ceyran onun yanına gəlmiş və yaşlı olduğu üçün qızı ona qulluq etmişdir. Cavabdehlərin o evdə yaşadığı müddətdən gəlib-getdiklərini görməmiş, onların evdə qalan əşyasının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X11 bildirdi ki, İddiaçı onun xalası, Şahin Ağayev isə xalası oğludur. Daimi olaraq gəliş-gedişləri olmuşdur. Gülsənəmin yaşlandığı üçün yaddaş pozuntularının olmasını, daimi gördüyü insanları tanıdığını, digər insanları çətinliklə tanıdığını bildirmişdir. Cavabdehləri uzun müddətdir ki, onlar çıxıb gedəndən görmədiyini, sonuncu dəfə Şahin Ağayevin yasında gördüyünü qeyd etdi. Onların həmin evə gəlmələrinə heç kimin qadağa qoymamasını, çıxıb gedəndən sonra özlərinin gəlməməsini bildirdi. Ceyranın həmin evdə Şahinlə birgə nikahı dövründə Gülsənəmlə yola getmədiyini, mütəmadi olaraq sözlü mübahisələr etdiyini bildirdi. Boşandıqdan sonra Ceyran anası evinə, Mingəçevir şəhərində yerləşən bağlar massivinə getmişdir. Gülsənəmə hazırda qızı Ceyran Novruzovanın baxdığını, əvvəllər isə sağlığında oğlu Şahin və Şahinin ikinci həyat yoldaşı olan Mehriban baxmışdır. Şahin Ağayevlə boşandıqdan sonra Cavabdeh1 bütün əşyalarını götürərək getmiş, hazırda həmin mənzildə onun heç bir əşyası qalmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.1960-cı il tarixdə 214 № ilə verilmiş orderdən görünür ki, X7 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 30.1 kv.m. olan mənzil yaşamaq üçün verilmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ağayeva X5 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 92, mənzil 5 ünvanında xx.xx.2008-ci ildən qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli 674 №li 5 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Mənzil İcra Hakimiyyətinə məxsusdur. xx.xx.1960-ci il tarixdə həmin mənzilə 214 №li order verilmişdir. Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşamaq hüququ olmaqla qeydiyyatdadır. Cavabdeh1 və Cavabdeh2 2005-ci ildən həmin mənzildə yaşamırlar. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, 5 saylı MİS rəisi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzildə yoxlama aparılmışdır. Cavabdeh1 və Cavabdeh2 2005-ci ilin payızından həmin mənzildə yaşamırlar və mənzildə onlara məxsus heç bir əmlak yoxdur. xx.xx.2024-cü il tarixli 670 №li 5 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin icarə haqqı icarəçisi İddiaçı tərəfindən ödənir. Başqa şəxslər tərəfindən bu mənzil üçün icarə haqqı ödənmir. Keçmiş gəlini Cavabdeh1 həmin mənzilin icarə haqqını 2005-ci ildən ödəməyib. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanda yerləşən 0.0499 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 və X3 nikahı haqqında xx.xx.1959-cu il tarixdə 268 №li akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə - Ağayev, arvada – Ağayeva soyadı verilmişdir. X18 xx.xx.2009-cu ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2009-cu ildə 345 №li akt qeydi ilə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. AZ-İİ 449051 №li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə ölmüş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 345 № ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 xx.xx.1972-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə xx.xx.1972-ci il tarixdə 325 №li akt qeydi tərtib olunmuşdur. X2, anası İddiaçıdır. Qeyd edilən şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 333 №li ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 uzun sürən komatoz vəziyyətlə müşayiət olunan kəllədaxili travma səbəbindən xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində ölmüş və ölüm haqqında xx.xx.2024-cü ildə 333 №li akt qeydi tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X13 ilə X15 arasında nikahın pozulması haqqında xx.xx.2005-ci il tarixdə 115 №li akt qeydi tərtib olunmuş, nikah pozulduqdan sonra ərə - Ağayev, arvada – Səfərova soyadı verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-353/2005 saylı qətnaməsindən görünür ki, X13 ilə X15 arasında bağlanmış xx.xx.1997-ci il tarixli 97 saylı nikah qeydinin pozulması qət edilmişdir. xx.xx.2006-ci il tarixli 2-15 saylı Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin yaşayış sahəsi 12 kv.m. olan otağının bölünərək Cavabdeh1 istifadəsinə verilməsi, həmin mənzilə köçürülməsi və mənzildən istifadə hüququnun bərpa edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mübahisəli mənzil iddiaçıya məxsusdur. Cavabdehlər iddiaçının keçmiş gəlini və nəvəsidir. İddiaçının oğlu Cavabdeh1 ilə 03 oktyabr 1997-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və Cavabdeh1 onların yaşadıqları mənzilə gəlin köçmüşdür. İddiaçının oğlu ilə Cavabdeh1 birgə nikahından xx xxxx 2001-ci il təvəllüdlü Sevinc adlı uşaqları doğulmuşdur. xx.xx.2005-ci il tarixdə iddiaçının oğlu ilə Cavabdeh1 nikahları ləğv olunmuş və hazırki iş üzrə cavabdehlər Cavabdeh1 qızı Cavabdeh2 ilə birlikdə həmin mənzildən köçüb getmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 92 saylı evin 5 saylı mənzilindən istifadə hüququ bərpa edilmiş, ona həmin evdən 12 kv.m otaq ayrılmış və həmin evə köçürülməsi müəyyən edilmişdir. Lakin cavabdehlər həmin ünvana köçməmiş, yaşayış yeri üzrə iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ünvanda yaşayırlar. İddiaçı isə həmin mənzildə qızı ilə birlikdə yaşayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə,onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçının X28 Cavabdeh1 ilə 03 oktyabr 1997-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 2001-ci ildə Cavabdeh2 adlı uşaqları doğulmuşdur. 2005-ci ildə onlar ayrılmışlar və cavabdeh qızı Cavabdeh2 ilə birlikdə mənzildən çıxıb getmişdir. 2006cı ildə cavabdehlər həmin mənzilə istifadə hüququnu bərpa etdirsələr də, onlara ayrılan 12 kv.m otağa köçməmişlər. Hazırki mübahisə üzrə cavabdehlərin istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Cavabdehlərin sözügedən mənzildə heç bir əşyaları yoxdur. Cavabdehlər həmin mənzildə qeydiyyatda olsalar da, yaşamırlar. Həmin mənzilə icarə haqqı 2005-ci il tarixdən bəri iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda cavabdehlər uzun müddət ərzində özlərinin istifadə hüququnun pozulması barədə məhkəməyə müraciət etməmişlər. Cavabdehlər həmin vaxt ərzində mənzilin saxlanılması üçün heç bir vəzifəni icra etməmişlər. Evə qayıtmaq üçün hər hansı cəhd göstərməmişlər. Bununla yanaşı cavabdehər onlardan Cavabdeh1 məxsus evdə uzun müddətdir ki, daimi əsaslarla yaşayırlar. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-234/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-234/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver