Məhkəmə qərarları › İş №2(051)-240/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-240/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-240/2024 15.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3225 (üç min iki yüz iyirmi beş) manat məbləğində sığorta ödənişi, 53.40 (əlli üç manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" ASC-də 29 mart 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış "Renault Duster" markalı 77FL892 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 12 dekabr 2022-ci il tarixdə Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Opel Vectra” markalı 45BF848 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma nəticəsində aşaraq zədələnmişdir. Mingəçevir şəhər DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilin zədələnməsi ilə əlaqədar 8125 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərvuranın sığortaçısı olan "xxxx" ASC tərəfindən 4900 manat "xxxx" ASC-yə ödənilmişdir. Hesab edilir ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs–faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin qalıq məbləği cavabdehdən tutularaq iddiaçıya verilməli və Mülki Məcəllənin 936-cı maddəsinə əsasən LPO "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3225 (üç min iki yüz iyirmi beş) manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən Cavabdeh 3225 manat məbləğdə pulun və ödənilmiş 53.40 manat dövlət rüsumunun alınıb LPO "xxxx" ASC-nə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İş materialları :

3. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən “Renault Duster” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Sığorta şəhadətnaməsindən görünür ki, sığortalı X4, Sığorta riskləri – avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın, partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, soyğunçuluqdur, sığorta məbləği 42500 manatdır.

4. TP ******* nömrəli xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh “X7” markalı, **-BF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

5. Azərbaycan Respublikası DİN Abşeron DYP-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:20 dəqiqədə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində baş vermiş toqquşma növlü yolnəqliyyat hadisəsində avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh təqsirli şəxs olaraq müəyyən edilmişdir.

6. “Nurgun Motors” tərəfindən tərtib edilmiş “qüsur aktı”nın surətindən görünür ki, “Renault markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 8225,00 manat təşkil edir.

7. 178282 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC -də olan hesabına "xxxx" ASC tərəfindən sığorta hadisələri üzrə ödəniş təyinatı əsasında 8125.00 (səkkiz min bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2865 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, “Renault markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 7948,00 manat təşkil edir.

9. 05.10.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 53.00 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları : 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirdi ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun müvəqqəti sahiblik və istifadəsinə verilmiş və onun idarə etdiyi “Opel Vectra” markalı, **- BF-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində “Renault Duster” markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobilə 8125 manat məbləğində zərər dəymişdir. Hesab edir ki, dəymiş zərər şişirdilmişdir. “Renault Duster” markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanı, cavabdehin maşını sığorta olunduğuna görə "xxxx" ASC tərəfindən 4900 manatı sığorta ödəyib. İş üzrə ekspertiza rəyı çıxarılmış, lakin həmin məbləğ ilə razı deyil. Hesab edir ki, ekspert rəyində məbləğ şişirdilib. İddia əsassız olduğu üçün təmin olunmamasını xahiş edir.

Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

12.İşin faktiki halı : İddiaçı "xxxx" ASC tərəfindən X2 mülkiyyətində olan “Renault Duster” markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobil “əmlak sığortası” qaydasında sığortalanmışdır (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək). Qeyd olunan avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olan və idarə etdiyi “Opel Vectra” markalı, **-BF-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Toqquşma nəticəsində “Renault Duster” markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Dəymiş zərər iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdehin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti ziyanın bir qismini ödəmişdir. İddiaçı ödənilməyən hissəni tələb edir. Cavabdeh göstərilən məbləğin şişirdildiyini bildirir, iddianı qəbul etmir.

13. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;(...) 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

14. Məhkəmənin mövqeyi :

15. İşin müəyyən olunmuş hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin qanunazidd, təqsirli hərəkəti nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməmiş hissəsi subroqasiya qaydasında iddiaçının xeyrinə ondan tutulmalıdır.

16. Bununla belə müvaviq ekspert rəyi ilə “Renault markalı, 77FL892 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumilikdə 7948,00 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə ekspert rəyini əsas götürür. Sığortalıya ödənilmiş sığorta ödənişi ilə ekspert rəyində göstərilən məbləğ arasında fərq 177 (8125-7948=177) manat müəyyən edilmişdir. Belə olduğu halda həmin fərq iddia tələbində göstərilən məbləğdən çıxılmalıdır (3225- 177=3048).

17. Məhkəmə cavabdehin ekspert rəyində göstərilən məbləğin şişirdilməsinə münasibətdə qeyd edir ki, zərərin məbləği ekspertiza rəyinə əsasən müəyyən edilib, həmin rəy kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur.

Məhkəmə xərcləri.

18. İddiaçı "xxxx" ASC ödənilmiş 53,00 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzinin və 0,40 (qırx) qəpik xidmət haqqının cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

19. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 50.48 (əlli manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ: İddia qismən təmin edilsin. 3048 (üç min qırx səkkiz) manat məbləğində sığorta ödənişi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. 50.48 (əlli manat, qırx səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar