Məhkəmə qərarları › İş №2(051)-2422/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2422/2025

10.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2422/2025 10.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, bu şəxslərin əvvəlcədən əlbir olaraq ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyan olaraq 10 000 (on min) manat məbləğində vəsaitin alınması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə işdə olarkən həyat yoldaşı zəng edərək qardaşı oğlu Səmədin daş ilə yaşadığı ünvanda saxlamış olduğu ona məxsus avtomobilin ön alın süşəsini sındırdığını demişdir. Yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Mətbuat prospekti 33-cü binanın qarşısında 05 oktyabr 2025-ci il tarixindən saxlamış olduğu ona məxsus "Range Rover" markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh1 saat təxminən 18:30 radələrində qabaq alın şüşəsinə kubik- mişar daşı atmaqla sındırmış, ön güzgü, dam hissəsi və müxtəlif yerləri zədələnərək ziyan görmüşdür. Nəticədə, Səməd ona aid əmlakı qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurmuşdur. Onun bu hərəkəti video müşahidə kameralarında öz əksini tapmış və müvafiq foto və video dəlillər Yasamal RPİ-nin 28-ci PŞ-nə təqdim olunmuşdur. Səməd bu hərəkətini əvvəlcədən planlaşdırmışdır, Belə ki, 02-05 Oktyabr tarixlərində ölkədə olmamış və 04 oktyabr tarixində Səməd onun iş yerinə yaxınlaşmış, onunla söhbəti olduğunu bildirmişdir. Onun orada olmadığını bildiriblər. Ofisin yanındakı digər iş yerlərindən də onun işə gəlib-gəlməməyini dəqiqləşdirdikdən sonra, oradan uzaqlaşmışdır. Qonşuların bildirdiyinə görə Səməd təxminən yarım saat onların həyətində gəzmiş və bir neçə nəfərlə ünsiyyət quraraq onun qardaşı oğlu olduğunu bildirmişdir. Cavabdeh1 ən azı 1 il 2 aydır görmür, onunla heç bir ünsiyyəti belə olmamışdır. Ancaq onun atası Cavabdeh2 ilə aralarındakı əmlak məsələsi ilə bağlı bir neçə aydır, məhkəmə çəkişməsi gedir. 15 iyul 2025-ci il tarixdə Səməd ona telefonla hədə tonunda 3-4 cümlə yazmış və daha sonra silmişdir. Məhkəmə çəkişməsi dövründə qardaşları Cavabdeh2 və Cavabdeh3 telefonda onu və övladını Səməd ilə bir neçə dəfə hədələmişdir. Ona görə də o, avtomobili ilə bağlı hadisə baş verən günü Səmədin ofisə məhz atası və əmisi tərəfindən ona xəsarət yetirmək məqsədi ilə göndərilmiş olduğu qənaətinə gəlmişdir. Hadisəni törədərkən sərxoş olan Səməd 28-ci PŞ-də verdiyi izahatında hadisənin səbəbini iddiaçının onun valideynlərini söyməsi ilə əlaqələndirmiş olsa da, Səmədi 2023-cü ilin 31 iyul-01 avqust tarixlərində görmüş olsa belə, heç onda da ünsiyyətləri olmamışdır. Qeyd olunanlar Səmədin bu hadisəni törətməsi üçün əmisi və atası tərəfindən yönləndirildiyinə dəlalət edir. Hadisə günü Səməd içki qəbul edərək daha da cürətlənmiş və bu niyyətlərini həyata keçirmişdir. Onların həyətində avtomobilə zərər vurmamışdan əvvəl qonşulardan avtomobilin onun olduğunu bir daha dəqiqləşdirmiş və hadisəni törətdikdən sonra ərazi polis bölməsini tanıması ehtimalının sıfıra bərabər olduğu halda birbaşa ora gedib etiraf etməsi hadisənin əvvəlcədən planladığının daha bir sübutudur. Hadisəni törətməzdən əvvəl qonşularla ünsiyyət quraraq onun qardaşı oğlu olduğunu qəsdən bildirməklə nəticə etibarı ilə onun qonşular arasında nüfuzuna və hörmətinə qəsdən zərər yetirmək niyyətində olmuşdur. Səmədin niyyəti polisə verdiyi ifadəsindəki kimi olsa idi, avtomobilə zərər vurmaq üçün böyük kubik seçməzdi, yerdən daş götürüb atardı, təpik və ya yumruqla maşına xəsarət yetirərdi. Amma videodan da göründüyü kimi o, bu hərəkətini çox soyuqqanlılıqla törətmiş və hətta hadisəni törətməmişdən əvvəl təxminən 30 dəqiqə hadisə yerində olmuşdur. Hadisənin törədildiyi saat onun işdən qayıtma vaxtı ilə eynidir. Əslində 30 dəqiqə ona xəsarət yetirilməsi üçün gözləmiş, amma iradəsindən asılı olmayaraq bu niyyətini həyata keçirə bilməmişdir. Yəni bu hərəkət hansısa bir hiss və ya emosiyanın nəticəsində deyil, əvvəlcədən yönləndirmə və planlama ilə baş vermişdir. Səmədin əməli Polis orqanı tərəfindən İXM-in 232-1-ci maddəsi ilə tövsif olunur, lakin 1-ci niyyətinə çatmayan Səməd əslində niyyəti avtomobili istifadəyə yararsız hala salmaqla ona xeyli miqdarda ziyan vurmaq olmuşdur. Sadəcə olaraq o, iradəsindən asılı olmayaraq bu nəticəni əldə edə bilməmişdir. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 və Cavabdeh3 avtomobilinə heç bir ziyan vurmamışlar, lakin həmin şəxslərin ona qarşı aqressiyasına görə hazırda da stress keçirir, bu da sağlamlığına ziyan dəyməsinə səbəb olmuşdur. Maddi ziyanın əvəzi olaraq 5000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat, cəmi 10 000 manat məbləğində pul tələb edir. Belə ki, o, avtomobilinin təmir edilməsi üçün 4350 manat ödəniş etmiş, həmçinin təmir emalatxanasına aparılması üçün isə 50 manat evekuator xidmətinə pul ödəmişdir. Ondan başqa, avtomobili təmirdə olan müddətdə onun bir sıra əlavə xərcləri də olmuşdur. Ona görə də maddi ziyanı 5.000 manat məbləğində tələb edir. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı göstərdi ki, iddiaçının avtomaşınına ziyan vurmuşdur. Çünki iddiaçı evlərini əllərindən alıb onları çöldə qoymuşdur, bununla əlaqədar mübahisələr yaranır və iddiaçının qərəzli və qeyri-etik şəkildə onun atasını və əmisini söyüb təhqir etməsi, onu bu hərəkətləri etməyə vadar etmişdir. O da iddiaçının qardaşlarına qarşı etdiyi hərəkətlərindən stress keçirmişdir. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı göstərdi ki, iddianı qəbul etmir. Özü kontuziyalıdır, veterandır. Mərhum anasının adına torpaq sahəsi almış, orada ev tikdirib ailəsi ilə yaşayırdı. Anası vəfat etdikdən sonra Vüsal onları tələsdirdi və anasının adına olan torpaq sahəsinin sənədləşdirilməsi üçün notariusda ərizələri imzalatdırmış, sonradan məlum oldu ki, o tikdirdiyi evi öz oğlunun adına sənədləşdirmişdir. Onunla iddiaçı arasında həmin evə görə mülki mübahisə vardır. Bununla belə o, iddiaçının avtomobilinə ziyan vurmamış, nə də oğlu Səmədə o barədə göstəriş verməmişdir. Hadisənin baş verməsinə səbəb isə iddiaçının ona və qardaşına, hətta öz atasına qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Belə ki, oğlu Səməd Vətən müharibəsində iştirak etmiş və kəllə-beyin travması almışdır. Ona görə də bir az əsəbidir. İddiaçının bu hərəkələri də ona mənfi təsir göstərmişdir. O səbəbdən də özü elə bir hərəkət etmişdir. Hesab edir ki, onun qeyd olunan hadisə elə heç bir əlaqəsi olmamışdır. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq iddianın ona münasibətdə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, iddiaçının fikri, niyyəti ancaq onlardan pul qopartmaqdır. Onun iddiaçının əmlakına vurulmuş ziyanla heç bir əlaqəsi olmamış, nə də heç kimə bu barədə tapşırıq və yaxud sifariş verməmişdir. O, hərbiçi olduğuna görə daima xidmət yerində olmuşdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq ona münasibətdə iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 AR İXM-in 232-1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surətinin Yasamal RPİ-nin 28-ci PŞ-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ROVER CİTY tərəfindən verilmiş qüsur aktından görünür ki, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıqlar aşkar olunmuş və avtomobilə dəymiş ziyan məbləği cəmi 4350 manat məbləğində qiymətləndirilmişdir. Sifarişçi kimi Vüsal göstərilmişdir. İş materiallarına əlavə edilmiş yaddaş kartında olan fotoşəkillərdən və videogörüntüdən görünür ki, iddiaçının avtomobilinə Cavabdeh1 tərəfindən ziyan vurulmuş, avtomobil evakuator xidməti vasitəsilə daşınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçıya maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə isə 5000 manat məbləğində zərər vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus "Range Rover" markalı ** MO *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 AR İXM-in 232-1-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surətinin Yasamal RPİ-nin 28-ci PŞ-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ROVER CİTY tərəfindən verilmiş qüsur aktından da göründüyü kimi ** MO *** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıqlar aşkar olunmuş və avtomobilə dəymiş ziyan məbləği cəmi 4350 manat məbləğində qiymətləndirilmişdir. Həmin avtomobil evakuator xidməti vasitəsilə daşınmışdır. İddiaçıya məxsus avtomobilə Cavabdeh1 tərəfindən ziyan vurulduğu, dəymiş ziyan məbləğinin cəmi 4350 manat təşkil etdiyi, həmçinin avtomobilin evakuator xidməti vasitəsilə daşındığı məhkəmə iclasında tədqiq edilən, mötəbər mənbələrdən əldə edilmiş sənədlərlə sübuta yetirildiyindən, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin hazırkı mübahisə üzrə Cavabdeh2 və Cavabdeh3 cavabdehlik daşıması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan, məhkəmə həmin halları işin mübahisə edilən faktiki halı kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın qanuni həll edilməsi üçün tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar olaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin, yəni maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisənin həlli zamanı qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ona məxsus avtomobilə Cavabdeh1 tərəfindən zərər vurulması nəticəsində, avtomobilinə dəyən zərərin aradan qaldırılması üçün maddi ziyana, həmçinin əmlak toxunulmazlığı hüququnun pozulmasına görə mənəvi zərərə məruz qalmışdır. Belə ki, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuşdur. Avtomobilə dəymiş maddi ziyanın məbləği cəmi 4350 manat təşkil edir. Həmçinin avtomobil evakuator xidməti vasitəsilə daşınmışdır. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh1 hüquqazidd təqsirli hərəkətləri nəticəsində maddi ziyana məruz qalmışdır. Göründüyü kimi hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqə olmuş, yəni iddiaçıya dəymiş maddi ziyan, cavabdehin təqsirli və hüquqazidd hərəkələri nəticəsində baş vermişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, zərərin əvəzinin ödənilməsi vəzifəsi Cavabdeh1 üzərinə düşür. Məhkəmə, iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin ödənilməsi həcmini müəyyənləşdirərkən öz qənaətini belə əsaslandırır ki, iddiaçı avtomobilə dəymiş ziyan məbləği ilə bağlı çəkdiyi xərclərə dair mötəbər sübut təqdim etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş ROVER CİTY tərəfindən verilmiş qüsur aktından görünür ki, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıqlar aşkar olunmuş və avtomobilə dəymiş ziyan məbləği cəmi 4350 manat məbləğində qiymətləndirilmişdir. Həmçinin həmin avtomobilin evakuator xidməti vasitəsilə daşınması nəzərə alınsa, çəkilən xərc 50 manat təşkil edir. Ona görə də məhkəmə iddianın maddi ziyana aid hissəsinin (4350+50) 4400 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olan avtomobilə qəsd edilməsi iddiaçının təhlükəsiz yaşamaq hüququnu pozmuşdur. Məhkəmə mənəvi zərərə görə 5000 manat məbləğində pul tələbi ilə bağlı hissəsinə münasibətdə o qənaətdədir ki, iddiaçının mülkiyyətində olan avtomobilə Cavabdeh1 tərəfindən qəsdən maddi ziyan vurulması, onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla iddiaçının təhlükəsiz yaşamaq hüququ pozulmuşdur. Nəticədə, iddiaçı mənəvi zərərə məruz qalmışdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının 5000 manat məbləğində mənəvi zərər tələb etməsi, işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına uyğun deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 600 manat, maddi zərərin məbləğinin isə 4400 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı, ədalətli və işin həqiqi hallarına uyğundur. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.16-cı bəndinə əsasən kompensasiya tələbləri mülki hüquq pozuntusundan (delikt) irəli gəldiyi halda, həmin tələbin hüquqi əsasını Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin və (və ya) digər aidiyyəti normativ hüquqi aktların müddəaları (məsələn, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Media haqqında” və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və Mülki Məcəllənin 9-cu bölməsinin müvafiq normaları təşkil edir. 4.17.Delikt əsası ilə maddi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən dispozisiya şərtlərinin yoxlanılması ardıcıllığı bu qərarın 4.12-ci bəndində göstərilən qaydada həyata keçirilməlidir. 4.12.Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. 4.10.Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. 4.18.Hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Məsələn, şəxsiyyətin alçaldılması, razılıq olmadan ailə və şəxsi həyat sirrinin ictimailəşdirilməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, tibbi müdaxilənin vaxtında və keyfiyyətli edilməməsi, qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, qanunsuz olaraq ölkədən çıxışa qadağa qoyma, qüsurlu malın satılması və ya xidmətin göstərilməsi, fərdi yaşayış evinin söküntüsünə dair inzibati orqanın qanunsuz inzibati aktı nəticəsində şəxsin yeganə yaşayış yerindən məhrum edilməsi və s. 4.25.Mülki Məcəllədə mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn iki növ məsuliyyət nəzərdə tutulmuşdur: təqsirli məsuliyyət və təqsirsiz məsuliyyət. 4.26.Delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir. 4.27.Hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. 5.5.Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. 5.6. Əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərərin vurulmasının mümkünlüyü ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə bir sıra əşyaların xüsusiyyətlərinə görə qeyri-maddi dəyərə malik olmaları təsbit edilmişdir. Məsələn, Mülki Məcəllənin 1155.1-ci maddəsində ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mədəni sərvətlər və s. Qanunla müəyyən edilmədiyi hallarda isə məhkəmələr zədələnmiş əşyanın qeyri-maddi dəyərə malik olduğunu və ya əşya qeyri-maddi dəyərə malik olmasa da, pozuntunun həmin əşyanın mənsub olduğu şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini araşdırmalıdırlar. Məsələn, birinci halda ailə üçün xüsusi tarixi-mənəvi dəyərə malik olan fərdi yaşayış evinin sökülməsi, yeganə nüsxədə fotoalbomun, antik rəsm əsəri və ya digər incəsənət nümunəsinin yararsız hala salınması şəxsi toxunulmazlıq hüququnu pozur. İkinci halda isə xüsusi mənəvi dəyərə malik olmasa da, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin özbaşına sökülməsi şəxsin təhlükəsiz yaşamaq hüququnu, yaşayış evinin özbaşına sökülməsi isə həm də mənzil toxunulmazlığı hüququnu pozur. 7.1.Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. 7.2.Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. 7.5.Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan avtomobilə qəsdən maddi ziyan vurmuş, onun hüquqazidd təqsirli əməli ilə zərərli nəticə arasında səbəbli əlaqə mövcuddur. Bu hal iddiaçının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilədir. Ona görə də iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə görə cavabdehi mülki məsuliyyət daşıyır. Məhkəmə iddia tələbini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçıya məxsus avtomobilə Cavabdeh1 tərəfindən ziyan vurulmuşdur. Bu hal məhkəmə iclasında öz təsdiqini tapmış, lakin digər cavabdehlərin hadisəni törədilməsində, yəni iddiaçıya maddi və mənvi ziyanın vurulmasında iştirak etmələri öz təsdiqini tapmamış, nə də iddiaçı o barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı Cavabdeh1 hüquqazidd hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığından, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qismən təmin edilməməlidir. Ona görə də iddiaçının mənəvi zərərə görə 5000 manat və maddi zərərə görə 5000 manat məbləğində tələb etdiyi iddiası qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 vurulmuş mənəvi zərərə görə 600 manat, maddi zərərə görə isə 4400 manat pul alınıb iddiaçıya verilməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 4400 (dörd min dörd yüz) manat, mənəvi ziyanın əvəzi olaraq 600 (altı yüz) manat, cəmi 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar