Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-251/2021 18.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı əmlakan paylara uyğun naturada bölünməsi və birgə nikah müddətində əldə edilmiş əmlaklar üzrə pay tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabeh Cavabdeh qarşı əmlakan paylara uyğun naturada bölünməsi və birgə nikah müddətində əldə edilmiş əmlaklar üzrə pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh oğlu ilə 16 oktyabr 2006-cı ildə rəsmi qeyd etdirməkklə aiə qurmuşlar. Tərəflər arasında olan nikah 16 oktyabr 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı cavabdehlə birgə nikah dövründə Mingəçevir şəhəri Xətai küçəsi 6A №-li evin 32 №-li mənzilini, 24.10.2015-ci ildə “VAZ 21093” markalı ** BJ *** nömrə nişanlı və 29.05.2018-ci ildə “VAZ 2106” markalı, **-ZO-*** nömrə nişanlı avtomobili almışlar. Mingəçevir şəhər məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən ümumibirgə mülkiyyətində olan mənzil tərəflər arasında iddiaçının payı 2/3 hissədə, cavabdehin payı 1/3 hissədə müəyyən edilməklə bölünmüşdür. İddiaçının mənzil üzərində mülkiyyət hüquqları 01.10.2020-ci ildə qeydə alınmışdır. Tərəflərin birgə yaşamaqları mümkün olmadığından iddiaçı 2 azyaşlı uşağı ilə birgə başqa ünvanda yaşamağa məcbur qalmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh aralarındakı münasibətlər pozulduqdan, faktiki ayrıldıqdan, o, nikahın pozalıması barədə məhkəməyə iddia ərizəsi verəndən sonra “VAZ 21093” markalı, buraxılış ili 1993-cü il olan, ** BJ *** nömrə nişanlı avtomobili 19.062019-cu ildə, “VAZ 2106” markalı, buraxılış ili 1990-cı il olan, **- ZO-*** nömrə nişanlı avtomobili isə 08.07.2019-cu ildə alqı-satqı müqaviləsi əsasında iddiaçının razılığı və xəbəri olmadan adından qeydiyyatdan çıxarmışdır. Ona görə də Mingəçevir şəhəri Xətai küçəsi 6A №-li evin 32 №-li mənzilinin aralarında hər birinin payına uyğun 2/3 və 1/3 hissədə naturada bölünməsi, birgə nikah dövründə, birgə qazanclarının hesabına satın aldıqları “VAZ 21093” markalı ** BJ *** nömrə nişanlı və “VAZ 2106” markalı, **-ZO-*** nömrə nişanlı avtomobilin cəmi dəyərinin 2/3 hissəsi olan 7000 (yeddi min) manat pulun avtomobillərdə olan payın qismində Cavabdeh alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “VAZ- 2106” ** ZO *** dövlət qeydiyyat nişanlı avtomaşını birgə nikah müddətində almışlar. Lakin həmin atomaşını iddiaçı ilə aralarındakı nikah pozulmamışdan əvvəl satmış, satışdan əldə etdiyi pulla həm özünə, həm iddiaçıya, uşaqlara xərcləmişdir. “VAZ-21093” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşını isə onlar birgə nikah müddətində əldə etməmişlər. Avtomaşını qardaşı Məmmədov Adil Fərrux oğlu almışdır. Lakin qardaşı sosial müavinat aldığı üçün avtomaşını onun adına sənədləşdirilmişdir. Qardaşına sosal müavinatın verilməsi dayandırıldığına görə avtomaşın alqı-satqı müqaviləsi ilə onun adından qeydiyyatdan çıxarılaraq qardaşı Adil Məmmədovun adına sənədləşdirilmişdir. Onların paylı mülkiyyətində olan mənzilin naturada bölünməsinə etiraz edir. Hər bir halda artıq onların hazırda bir mənzildə yaşamaqları mümkün deyil. İddianın təmin olunmamasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia əsassız olduğuna görə təmin olunmamasınıxahiş etdi. Cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadəsində bildirdi ki. “VAZ-21093” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşını o, almışdır. Lakin sosial müavinət almaq üçün avtomaşını öz adına sənədləşdirməmişdir.2018-ci ildə onun ailəsinə verilən sosial-müavinat dayandırılmışdır. Ona görə də 2019-cu ilin iyun ayında avtomaşını öz adına sənədləşdirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 6A №-li evin 32 №-li mənzili paylı mülkiyyət hüququ ilə üçdə bir hissə Cavabdeh, üçdə iki hissə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 idarəsinin 21 avqust 2020-ci il tarixli məktubuna əlavə edilmiş, Cavabdeh adından qeydiyyatdan çıxarılmış nəqliyyat vasitələri barədə məlumatların kompyter Çıxarışından görünür ki, “VAZ-2106” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomaşın 29 may 2018-ci ildə Cavabdeh adına qeydə alınmış, 08 iyul 2019-cu ildə adından qeydiyyatdan çıxarılmışdır. “VAZ-21093” markalı ** BJ *** dövlət eydiyyat nişanlı avtomaşın 24 oktyabr 2015-ci ildə Cavabdeh Fərrux oğlunun adına eydə alınmış, 19 iyun 2019-cu ildə adından qeydiyyatdan çıxarılmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 78 №-li 06 may 2021-ci il tarixli rəyində göstərilir ki, işlək vəziyyətdə, 1990-cı ilin istehsalı olan “VAZ 21016” markalı avtomobilin bazar satış qiyməti 4300(dörd min üç yüz) manat, işlək vəziyyətdə, 1993-cü ilin istehsalı olan “VAZ 21093” markalı avtomobilin bazar satış qiyməti 4200(dörd min iki yüz) manat dəyərindədir. İşə əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 10-21 №-li 8 iyun 2021-ci il tarixli rəyində göstərilir ki, “VAZ-2106” markalı, buraxılış ili 1990-cı il olan “VAZ-2106” markalı avtomobilin bazar qiyməti 12000 manat -1800 manat civarında təşkil edir. İş əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5070 №li 24 sentyabr 2021-ci il tarixli rəyində göstərilir ki, “VAZ 2106” markalı, 1990-cı il buraxılışlı,, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 3500 manat, “VAZ 21093” markalı, 1993-cü il buraxılışlı, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 4000 manat müəyyən olunur. İşdə olan məhkəmə ekspertizasının 10/642 №li 06 aprel 2021-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhəri Xətai küçəsi 6A saylı evin 32 saylı mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4.,2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1600/2019 №-li 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Mikayılova Vüsalə Rafiq qızı arasında 16 dekabr 2006cı ildə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış 616 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində paylı mülkiyyət hüququ ilə ona və cavabdehə məxsus Mingəçevir şəhəri Xətai küçəsi 6A №-li evin 32 №-li mənzilin paylarına uyğun olaraq üçdə iki hissədə və üçdə bir hissədə naturada bölünməsini xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyindən görübür ki, mənzilin paylara uyğun naturada İnşaat Norma və Qaydalarının və metodik əsasların tələbinə uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə ekspertin rəyini sübut kimi qəbul edərək hesab edir ki, iddia paylı mülkiyyətdə olan mənzilin paylara uyğun naturada bölünməsi tələbinə dair hissədə təmin edilməməlidir. İddiaçı tələbində, həmçinin, birgə nikah müddətində əldə etdikləri “VAZ-21093” markalı 45 BJ 80 dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillərin cəmi dəyərinin üçdə iki hissəsi olan 7000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin həmin hissəsinə etiraz edərək “VAZ-21093” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşının qardaşı Adil Məmmədova məxsus olduğunu, ona görə də sonradan qardaşının adına sənədləşdirildiyini, birgə nikah müddətində alınmış “VAZ-2106” markalı ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobili isə aralarındakı nikah pozulmamışdan əvvəl satıb, əldə etdiyi pulu özü, iddiaçı, uşağı üçün xərclədiyini bildirdi. Lakin cavabdeh öz etirazını əsaslandıran sübutu məhkəməyə təqdim etmədi. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasındakı münasibətlər pozulduqdan, onlar faktiki ayrıldıqdan, eləcə də iddiaçı nikahın pozulması haqqında məhkəməyə iddia ərizəsi verdikdən sonra iddiaçı birgə nikah müddətində əldə edilmiş “VAZ-2106” markalı avtomaşını satmışdır. Aralarında yaranmış belə münasibətdən sonra avtomaşının satışından əldə edilmiş vəsaitin iddiaçıya da xərcləməsi barədə cavabdehin izahatı inandırıcı deyil. Cavabdehin vəsatəti məhkəmə iclasında şahid kimi dindirilmiş Adil Məmmədovun verdiyi ifadəsini məhkəmə inandırıcı hesab etmədiyinə görə sübut kimi qəbul etmir. Belə ki, şahid A.Məmmədov sosial müavinət almaq məqsədilə avtomaşını qardaşı Cavabdeh adına sənədləşdirdiyini, sosial müavinatın verilməsi 2018-ci ildə dayandırıldığına görə avtomaşını öz adına keçirdiyini bildirdi. Lakin iş materiallarından göründüyü kimi avtomaşın 2018-ci ildə deyil, 19 iyun 2019-cu ildə, yəni nikahın pozulmasına dair məhkəmənin icraatında mülki iş olan vaxt Adil Məmmədovun adına sənədləşdirilmişdir. Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “VAZ 21093” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomaşınların birgə nikah müddətində əldə edilməsini, həmin avtomaşınların cavabdeh tərəfindən satılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, avtomaşınların dəyərinin ikidə bir hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “VAZ 2106” markalı avtomobilin orta bazar qiyməti təxminən 3500 manat, “VAZ 21093” markalı avtomobilin orta bazar qiyməti təxminən 4000 manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi birgə nikah müddətində əldə edilmiş “VAZ 21093” markalı və “VAZ 2106” markalı avtomaşınların dəyərinin üçdə iki hissəsi olan 7000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair hissədə qismən təmin olunmalı, qeyd edilən avtomaşınların bazar qiyməti olan cəmi 7500 manatın ikidə bir hissəsi, yəni 3750 (üç min yeddi yüz əlli) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 manat İddiaçı, 100 manat cavabdeh Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Birgə nikah müddətində əldə edilmiş “VAZ 21093” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı və “VAZ-2106” markalı ** ZO *** dövlət qeydiyyat nişanlıavtomobillərin satış qiymətinin ikidə bir hissəsi olan cəmi 3750 (üç min yeddi yüz əlli) manat Cavabdeh alınıb İddiaçı verilsin. İddia paylı mülkiyyətdə olan Mingəçevir şəhəri Xətai küçəsi 6A №-li evin 32 №-li mənzilinin naturada bölünməsi tələbinə dair hissədə təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı, 100 (bir yüz) manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-251/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-251/2021
18.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver