Məhkəmə qərarları › İş №2(051)-29/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-29/2024

16.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-29/2024 16.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 4000 manat məbləğində pulun alınıb ona ödənilməsi, ziyan vurulmasının dayandırılması üçün ünvan 1 ünvanında yerləşən mənzilin su və kanalizasiya xətlərinin yenilənməsinin cavabdehin üzərinə vəzifə qoyulması və həmin xəttlərin yenisi ilə əvəz edilənədək su xəttindən istifadənin cavabdeh və qeyri-şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Heydər Əliyev küçəsi 54/16 saylı evin 4 saylı mənzili təmsil etdiyi şəxsin mülkiyyətindədir. Təmsil etdiyi şəxsin mülkiyyət hüquqları 15 dekabr 1998-ci ildə qeydə alınmışdır. Həmin əmlak 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Binanın üst qatında, 7 saylı mənzilin sahibi Cavabdeh mənzildə saxladığı kirayəçilərin səhlənkarlığı nəticəsində həm xx.xx.2019-cu il tarixdə, həm də 23 avqust 2021-ci il tarixdə iddiaçının mənzilinə su axıdılaraq mənzili yararsız vəziyyətə salınmışdır. Ondan sonra da su axıntıları olmuş, yalnız təmsil etdiyi şəxs məhkəməyə müraciət etdikdən və məhkəmə müvəqqəti təminat tədbiri kimi suyun verilməsi dayandırıldıqdan sonra problem müvəqqəti də olsa aradan qalxmışdır. Lakin suyun verilməsi bərpa olunduqdan sonra yenə də axıntı başlayacaq, çünki cavabdehin mənzilində olan su boruları yararsız vəziyyətdədir. Cavabdeh də xarici ölkədə yaşadığına görə gəlmir və mülkiyyətində olan mənzili təmir etdirmir. Ona görə də təmsil etdiyi şəxs əlverişsiz vəziyyətdə qalmışdır. Bununla əlaqədar təmsil etdiyi şəxs Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə müraciət etmiş və aparılan baxış zamanı mənzilin yaşayış otaqları və yardımçı sahələrinə ziyan vurulduğu aşkar olunmuşdur. Bundan əlavə dəfələrlə cavabdehdən onun təqsiri ucbatından yararsız vəziyyətə düşmüş mənzilini təmir etdirməyi və yaxud vurduğu ziyanı ödəməsini tələb etməsinə baxmayaraq, ziyan vurmuş şəxs onun bu tələblərini yerinə yetirməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin məhkəmə tapşırığı əsasında X5 şəhər Məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclas zamanı izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddia tələbinə etirazı var. Belə ki, iddiaçı ona məxsus mənzildən mənzilinə su axması barədə onunla heç vaxt əlaqə yaratmamış, atası 2019-cu il tarixdə vəfat etdikdən 2 il sonra, yəni 2023-cü ilin aprel ayında Azərbaycana getmiş və Mingəçevir şəhərində olmuşdur. Lakin mənzilindən su axması barədə iddiaçı yox, qonşular məlumat vermişlər və aydınlıq gətirmişlər ki, onun yox, başqa mənzildə yaşayan qonşunun mənzilindən iddiaçının mənzilinə su axmışdır. Həmin mənzil atasından ona miras qalmış, atası xəstə olduğu zaman ona bir qadın baxmışdır, mənzili heç kimə kirayəyə verməmişdir, xx.xx.2021-ci il tarixdə iddiaçının mənzilini su basarkən onun mənzilində heç kim yaşamırdı. 2022-ci ilin yanvar ayında vaxtı ilə atasına baxan qadınla aralarında narazılıq olmuşdur, çünki atası vəfat etdikdən sonra mənzilin açarı onda qalmışdır və mənzilindən xəbəri olmadan istifadə edildiyi üçün qohumlarından həmin qadının mənzilindən çıxarılmasını və qapının kilidinin dəyişməsini xahiş etmişdir. Onun mənzilindən iddiaçının mənzilinə su axmayıb və heç kimə ziyan vurmamışdır. İşə onun iştirakı olmadan, nümayəndəsinin iştirakı ilə baxılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək etiraz ərizəsinin və təmsil etdiyi şəxsin izahatının məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddia ərizəsində göstərilən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 54/16 saylı evin 7 saylı mənzili Cavabdeh atası X6 məxsus olmuş, o, həmin mənzili xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır. İsmayıl Məmmədov həmin mənzildə yaşamaqda davam etmiş, lakin xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olmaqla uşaqlıqdan Rusiyada yaşamış, Azərbaycan Respublikasına çox nadir hallarda gəlib-getmiş, o cümlədən atasının sağlığında 2019-cu ildə qısa müddətə Mingəçevir şəhərinə gəlmiş, lakin həmin müddətdə iddiaçının evinə su axması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Bundan sonra yalnız 2023-cü ilin aprel ayının 16-da Mingəçevir şəhərinə gəlib aprelin 21-də yenə də RF-yə qayıtmışdır. Şəhərdə qaldığı dövrdə də iddiaçının mənzilinə su axması ilə bağlı ona heç bir irad bildirilməmişdir. Pandemiya ilə bağlı Respublikaya giriş-çıxışla əlaqədar məhdudiyyətlər qoyulduğundan, Cavabdeh hətta 2021-ci ilin aprel ayında atası vəfat edəndə onun dəfninə gələ bilməmişdir. Cavabdeh atası İsmayıl Məmmədov çox yaşlı və xəstə olduğu üçün onun tanışı olan X9 ilə danışıb razılaşması əsasında Tahirə Şirinova ona qulluq etmiş və buna görə T.Şirinovaya ayda 300 manat əmək haqqı verilmişdir. İsmayıl Məmmədov vəfat etdikdən sonra mənzilin açarları Tahirə Şirinovada olmuş, sonuncu mənzili istədiyi kimi idarə etmişdir. 2021-ci ilin oktyabr-noyabr aylarında T.Şirinova mənzilin mülkiyyətçisi Cavabdeh bildirmədən, onun razılığını almadan mənzili kənar şəxsə kirayəyə vermişdir və özünün deməsinə görə qısa müddət (təxminən 15-16 gün) kirayəçi mənzildə yaşamışdır. Bütün bunları Tahirə Şirinova yazdığı izahatında təsdiq etmişdir. Göründüyü kimi mənzil rəsmi sənədlərlə cavabdehin mülkiyyətində olsa da, mənzildə vəfat etdiyi günə kimi onun atası - mənzilin əvvəlki sahibi İsmayıl Məmmədov yaşamışdır. Hətta mənzil Cavabdeh bağışlanarkən də müqavilə bağlanmasında Cavabdeh özü deyil, onun nümayəndəsi iştirak etmişdir. İ.Məmmədov vəfat etdikdən sonra da mənzilin açarı Tahirə Şirinovada olmuş və mənzili o, idarə etmişdir. Mənzilə kirayəçi qoyulmasından Cavabdeh xəbəri olmamış, onunla razılaşıdırılmamış, hətta bu barədə sonradan bildikdə Tahirə Şirinovaya narazılığını bildirmiş, açarı təhvil verməsini tələb etmişdir. Mənzili idarə edən Tahirə Şirinova izahatında göstərir ki, 2019-cu ilin noyabr ayında ona bildirilmişdir ki, İsmayılın mənzilindən alt mərtəbədə yaşayan İlqar adlı şəxsin mənzilinə su axmışdır. İsmayıl Məmmədovun tapşırığı ilə o, MİS-ə gedib məlumat vermiş, oradan işçilər gəlib İ.Məmmədovun mənzilində tualet, hamam hissəsini sökmüş, mənzili hərtərəfli yoxlamış və alt mərtəbəyə heç bir sızıntının olması aşkar edilməmişdir. Məlum olmuşdur ki, mənzilin yox, binanın ümumi borusu tutulmuşdur. MİS-in işçiləri ümumi borunu təmizləmişlər. Bundan sonra heç bir şikayət olmamışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli aktda göstərilir ki, guya İ.Məmmədovun mənzilinin borularının nasazlığı nəticəsində su axmışdır. Həmin yoxlama keçirilərkən və akt tərtib olunarkən İsmayıl Məmmədovun iştirakı təmin olunmamış və ona görə də əsaslı və qanuni hesab edilə bilməz. İddia ərizəsində göstərilir ki, cavabdehdən dəfələrlə tələb etmələrinə baxmayaraq, mənzilin su borularını təmir etdirmir və yararlı vəziyyətdə saxlamır. Cavabdeh Rusiya Federasiyasında yaşayır və iddiaçı tərəfindən ona heç vaxt xəbərdarlıq edilməyib. Cavabdeh ümumiyyətlə bu barədə məlumatsız olmuşdur və yalnız Rıbinsk Şəhər Məhkəməsində Mingəçevir Şəhər Məhkəməsinin tapşırığı əsasında məhkəmə prosesi keçirilərkən məlumatı olmuşdur ki, buna da etiraz etmişdir. İddia ərizəsində ziyanla bağlı 4000 manat pul tələb edilməsi göstərilir. Lakin vurulmuş ziyanı təsdiq edən heç bir sübut yoxdur. Qeyd edildiyi kimi həmin mənzil Cavabdeh atası tərəfindən bağışlanmış, onun mülkiyyətində olduğu müddətdə heç vaxt özü mənzildə yaşamamış, mərhum atası yaşamışdır. Atası vəfat edəndən sonra da pandemiya ilə əlaqədar Mingəçevir şəhərinə gələ bilməmişdir ki, mənzilin mühafizəsi, təmiri, idarəsi işlərini görə bilsin. Həmin dövrdə mənzil faktiki olaraq onun atasının, vəfat etdikdən sonra isə atasına qulluq edən Tahirə Şirinovanın sərəncamında və idarəçiliyində olmuşdur. Mənzildəki boruların nasazlığı səbəbindən iddiaçının mənzilinə su axması, hesab edir ki, sübuta yetirilmir. Əgər belə bir halın olması sübuta yetirilsə belə, bu əməldə Cavabdeh təqsiri olmamışdır. Cavabdeh 2023-cü ilin aprel ayının 16-dan 21-nə kimi Mingəçevir şəhərinə gələrək həmin mənzildə yaşamış, sudan, kanalizasiyadan istifadə etmiş, lakin iddiaçının mənzilinə su axması halı olmamışdır. Bu o deməkdir ki, əgər mənzilin boruları nasaz idisə, Cavabdeh yaşadığı vaxt da alt mərtəbəyə su sızması baş verərdi. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə–tikinti–texniki ekspertizasının rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan 03 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, H.Əliyev prospekti, bina 54/16, mənzil 7 ünvanında yerləşən ümumi sahəsi 48.18 kv/m, yaşayış sahəsi 32.8 kv/m, yardımçı sahəsi 15.38 kv/m olan 2 otaqlı mənzili Cavabdeh bağışlamışdır. İşdə olan X8 İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, 21 yanvar 1997-ci il tarixdən Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 48.1 kv/m, yaşayış sahəsi 32.8 kv/m, iki otaqdan ibarət olan 54/16 saylı evin, 7 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İşdə olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan X8 İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 15 dekabr 1998-ci il tarixdən Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış sahəsi 32.2 kv/m, iki otaqdan ibarət olan 54/16 saylı evin, 4 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan 15 dekabr 2006-cı il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, ondan üst mərtəbə, yəni 3-cü mərtəbə mənzil 7-də X3 mənzilinin hamam otağından içməli su borularının nasazlığı nəticəsində aşağıda yaşayan İddiaçı mətbəxinə, hamamına, dəhlizinə və mətbəxin divar kağızı, mətbəx mebeli, vanna otağındakı kafel və tavana yığılmış lambirin, dəhlizdəki laminat döşəməyə ziyan dəymişdir. Tavan - 34 kv/m, laminat – 2,40 kv/m. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin məhkəmə tapşırığı əsasında X5 şəhər Məhkəməsində xx.xx.2023-cü il tarixdə saat 14:00-da keçirilmiş və həmin tarixdə tərtib edilmiş məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilmiş, iddia ərizəsi ilə tanış olmuş və münasibət bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə–tikinti–texniki ekspertizasının 03 sentyabr 2024-cü il tarixli 10/1263 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 4 saylı mənzilin yaşayış otağı, mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən 54/16 saylı evin 4 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 7 saylı mənzilin su kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən su axıdıldığı, nəticədə 4 saylı mənzilin yaşayış otağı, mətbəx və dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən 54/16 saylı evin 4 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2154,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut növü kimi qəbulediləndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddiaçıya maddi ziyana görə 4000 manat məbləğində zərər vurulmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Mingəçevir şəhəri Heydər Əliyev küçəsi 54/16 saylı evin 4 saylı mənzili iddiaçının mülkiyyətindədir. Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 48.1 kv/m, yaşayış sahəsi 32.8 kv/m, iki otaqdan ibarət olan 54/16 saylı evin, 7 saylı mənzili isə şəxsi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. 03 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 mənzili Cavabdeh bağışlamışdır. Həmin mənzilin su kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən Mingəçevir şəhəri Heydər Əliyev küçəsi 54/16 saylı evin 4 saylı mənzilinə su axıdılmış, nəticədə 4 saylı mənzilin yaşayış otağı, mətbəx və dəhliz tikilisinə ziyan vurulmuşdur. Həmin ziyan mənzildə kirayədə yaşayan şəxslərin səhlənkarlığı nəticəsində baş vermişdir. Nəticədə iddiaçıya 2154 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3–cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, Cavabdeh məxsus olan Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi, 54/16 saylı evin, 7 saylı mənzilinin su kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən İddiaçı məxsus olan Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi, 54/16 saylı evin, 4 saylı mənzilinə su axıdılmış, nəticədə 4 saylı mənzilin yaşayış otağı, mətbəx və dəhliz tikilisinə ziyan vurulmuşdur. Bununla da iddiaçı maddi ziyana məruz qalmışdır. Belə ki, iddiaçı Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi, 54/16 saylı evin, 7 saylı mənzilində kirayədə yaşayan şəxslərin hüquqazidd təqsirli hərəkətləri nəticəsində maddi ziyana məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3–cü maddəsinin tələbinə əsasən həmin mənzil Cavabdeh məxsus olduğundan, cavabdeh törədilən mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və obyektiv surətdə hüquqa zidd əməl üçün vurulmuş zərərin əvəzini ödəməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıya dəymiş zərərlə Mingəçevir şəhəri, Heydər Əliyev küçəsi, 54/16 saylı evin, 7 saylı mənzilində kirayədə yaşayan şəxslərin hüquqazidd təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş maddi zərərin 4000 manat olmasını iddia etsə də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya 2154 manat məbləğində maddi zərər dəymişdir. Ona görə də məhkəmə iddianın maddi ziyana aid hissəsinin 2154 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin ziyan vurulmasının dayandırılması üçün Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 54/16 saylı evin 7 saylı mənzilinin su və kanalizasiya xətlərinin yenilənməsinin cavabdehin üzərinə vəzifə qoyulması, həmçinin mənzilin su və kanalizasiya xətlərinin yenisi ilə əvəz edilənədək su xəttindən istifadənin cavabdehə və qeyri-şəxslərə qadağan edilməsi hissəsini əsaslı hesab etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdehə məxsus mənzilin su və kanalizasiya xətlərinin yarasız vəziyyətdə olmasıilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilməmiş, nə də məhkəmədən elə bir sübutun alınması barədə vəsatət verilməmişdir. Belə olan halda cavabdehin üzərinə iddia tələbində göstərilən vəzifələrin qoyulması, həmçinin mənzilin su və kanalizasiya xətlərinin yenisi ilə əvəz edilənədək su xəttindən istifadənin cavabdehə və qeyri-şəxslərə qadağan edilməsini qanuni hesab edilə bilməz. Belə ki, iddiaçı tərəf yalnız su sızıntısının olmasına istinad etməklə kifayətlənmişdir. Halbuki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin mülkiyyətində olan mənzildə şəxsiyyəti müəyyən edilməmiş kirayəçilər yaşamışdır. Qeyd olunan mülki hüquq pozuntusu isə həmin şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində baş vermişdir. Cavabdeh isə təqsirli olmasa da, mülkiyyətçi kimi mülkiyyətində olan əmlakdan başqa şəxslərə ziyan vurmadan istifadə etməli olduğu halda, bunu etməmiş və nəticədə, iddiaçının əmlakına maddi ziyan dəymişdir. Ona görə də vurumuş ziyana görə cavabdeh mülki məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi dəlillər, Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 54/16 saylı evin 7 saylı mənzilin su və kanalizasiya xətlərinin yenilənməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması üçün yetərli deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının mənzilin su və kanalizasiya xətlərinin yenisi ilə əvəz edilənədək su xəttindən istifadənin cavabdehə və qeyri-şəxslərə qadağan edilməsi tələbi də özlüyündə qanuni və əsaslı deyildir. Belə ki, iddiaçı formal mülahizələr əsasında mülkiyyətçiyə və qeyri-müəyyən şəxslər dairəsinə qarşı iddia qaldırmışdır. Halbu ki, cavabdeh mülkiyyətçidir və onun öz mülkiyyətində olan mənzildən sərbəst istifadə etmək hüququ vardır. Qeyri-şəxslərə münasibətdə isə nəzərə alınmalıdır ki, iddia tələbi konkret şəxsə qarşı deyil, qeyri-müəyyən şəxslər dairəsinə yönəlmiş, yəni iddiaya cavab verməli olan şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar göstərilməmişdir. Belə olan halda iddiaçının tələbi əsaslı sayıla bilməz. Bununla yanaşı məhkəmə cavabdehə izah edir ki, ona məxsus olan Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 54/16 saylı evin 7 saylı mənzilindən qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmadan, yəni həmin mənzilin su və kanalizasiya xətlərinin saz vəziyyətdə olduğuna əmin olduqdan sonra istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Ona görə də məhkəmə iddia tələbinin Mingəçevir şəhəri H.Əliyev küçəsi 54/16 saylı evin 7 saylı mənzilin su və kanalizasiya xətlərinin yenilənməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması, həmçinin su və kanalizasiya xətlərinin yenisi ilə əvəz edilənədək su xəttindən istifadənin cavabdehə və qeyri-şəxslərə qadağan edilməsi hissəsini əsaslı hesab etmir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2154 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçı və cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materiallarında olan məhkəmə–tikinti–texniki ekspertizası xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2154 (iki min bir yüz əlli dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin yarısı, yəni 25 (iyirmi beş) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdeh məhkəmə–tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərcinin yarısı, yəni 25 (iyirmi beş) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar