Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-299/2022 07.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 1250 manat məbləğində verilmiş sığorta ödənişinin və iddia ərizəsinin verilməsi ilə bağlı 32.5 manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2384/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "VAZ 21074" markali, **-CS-*** dövlət nömrə nişanlı avtomobili 21 dekabr 2019-cu ildən 21 dekabr 2020-ci ilədək "xxxx" ASC-da icbari sığorta növündə sığortalanmışdır. 2020-ci il yanvarın 25-də Cavabdeh idarə etdiyi "VAZ 21074" markali, **-CS-*** dövlət nömrə nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospektində «Mersedes E240» markalı, **-UL- *** dövlət nömrə nişanlı avtomobillə toqquşmudur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə liə bağlı Mingəçevir ŞPŞ DYPB-i tərəfindən 10 fevral 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh-Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin DYPB-nin 10 fevral 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Avtomobillərin qiymətləndirmə fəaliyyətini aparan M.M.Qurbanov tərəfindən verilmiş təmir smetasına əsasən hadisə nəticəsində «Mersedes E240» markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə 1250 manat məbləğində ziyan dəymişdir. İddiaçı 18 mart 2020-ci il tarixdə 493 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Cavabdeh 1250 manat məbləğində verilmiş sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün 32.5 manat dövlət rüsumu cavabdehdən tutularaq "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, törətdiyi əməlinə görə məsuliyyətə cəlb olunaraq 100 manat cərimə olunmuşdur, həmin cəriməni də ödəmişdir. Hesab edir ki, ondan 1250 manat pulun ödənilməsi barədə tələb əsassızdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatda göstərilir ki, «VAZ-21074» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.12.2019-cu ildən 21.12.2020-ci ilin dekabr ayınadək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İşdə olan sığorta aktından görünür ki, 25.01.2020-ci ildə sığorta hadisəsi baş vermiş, Mingəçevir şəhəri H.Əliyev prospektində sığortalanmış «VAZ-21074» markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil «Mersedes E240» markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın məbləği 1250 manat, ödəniləcək məbləğ 1250 manatdır. İşdə olan Mingəçevir şəhər DYPB tərəfindən tərtib olunmuş ******* AP № inzibati xəta haqqında protokolda göstərilir ki, Əliyev X1 şəhəri H.Əliyev prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində svetoforun qadağanedici işarəsinin tələbini pozaraq «Mersedes E240» markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmışdır, nəticədə İXM-nin 527.2 və 527.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Mingəçevir şəhər PŞ-nin DYPB-nin ******* MN №li 10 fevral 2020-ci il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat cərimə olunmuşdur. İşdə olan «Mersedes E240» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya uğraması nəticəsində dəymiş zərərin təmir smetasından görünür ki, həmin avtomobilə 1250 (bir min iki yüz əlli) manat məbləğində zərər dəymişdir. Məbləği alan X3. İşə əlavə olunmuş 493 №li 18.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1250 (bir min iki yüz əlli) manat X2 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən ıəhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 -ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqmda» Azərbaycan Respublikası Qanununun 25.1,3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianı iddiaçının tələbi üzrə təmin edilməsi qənaətindədir və mütəxəssiz rəyinə uyğun qətnamənin çıxarılması iddiaçının hüquqlarını pozar. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı öz sübutlarını təqdim etmiş, cavabdeh isə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nm 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 32.5 manat Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi alınıb "xxxx" ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 32.5 (otuz iki manat 50 qəpik) manat pul Cavabdeh tutulub "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-299/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-299/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver