Məhkəmə qərarları › İş №2(051)-304/2024

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-304/2024

06.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-304/2024 06.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X3 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 1990-cı ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahdan sonra qardaşı həyat yoldaşını ona məxsus olan ünvan 2 ünvanına pasport qeydiyyatına salmışdır. Onlar nikaha daxil olduqdan sonra 2 il müddətinə həmin mənzildə yaşamışlar, daha sonra isə Yevlax rayonu, Tanrıqulular kəndində yaşamağa başlamışlar. O dövrdən sonra onlarla yaşamamışlar. Bu faktı onun qonşuları da sübut edə bilər. Cavabdehin yerinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Cavabdeh sadəcə formal olaraq həmin mənzildə pasport qeydiyyatındadır. Həmin mənzildə cavabdehə aid heç bir əşya yoxdur. 1992-ci ildən o həmin mənzilə gəlməmişdir və həmin mənzillə bağlı heç bir mübahisə açmamışdır. Odur ki, X2 ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilə istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı ilə qonşudur. O, Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı evdə 1987-ci ildən yaşayır. Əntiqə Niftəliyeva həmin binaya gəlin gəlmişdir. Sonra onun 1 oğlu olmuşdur. Uşağın 1 yaşından sonra evdən köçüb getmişlər. Daha X13 vəfat etmiş və Əntiqə Niftəliyeva yas mərasimində iştirak etməmişdir. Sonra məlum olmuşdur ki, Mehmanla Əntiqə faktiki olaraq ayrılmışlar. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı evdə 1956-1957-ci ildən yaşayır. İddiaçılə qonşudur. O, Mehman Niftəliyevı tanıyır, lakin Əntiqə Niftəliyevanı görməmiş və tanımır. Sonra ona məlum olmuşdur ki, Mehman Niftəliyev arvadı ilə Yevlax rayonu Tanrıqulular kəndinə köçüb yaşamışlar. Sonra onlar faktiki olaraq ayrılmışlar. Mehman Niftəliyev vəfat etmişdir. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 30 ildir ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı evdə yaşayır. İddiaçı Gündüz Nifətliyev ilə qonşudur. Mehman Niftəliyev ailəsi ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində yaşayırdı. X13 vəfat etmiş və yas mərasimində Əntiqə Niftəliyevanı görməmiş, eşitdiyinə görə onlar faktiki olaraq ayrılmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: 809 saylı Yevlax rayonu Tanrıqulular kənd ərazisi İED-İ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, X6 ailəsi ilə birlikdə Yevlax rayonu Tanrıqulular kəndində yaşayır. 4 saylı MİS tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 3 ünvanda baxış zamanı X4 adi hər hansı bir əşya aşkar edilməmişdir. 4 saylı MİS tərəfində verilmiş arayışa əsasən ünvan 3 ünvanda yaşayan İddiaçı həmin mənzildə uzun müddət yaşadığı göstərilmişdir. 6804919 nömrəli , xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. 001749 nömrəli orderdən görünür ki, X1 ünvan 4 ünvanında yerləşən 3 otaqdan ibarət, 49,93 kv.metr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Ailənin tərkibi: İddiaçı (özü), Niftəliyeva Tamara (anası), Niftəliyeva Mehparə (bacısı), Niftəliyeva Mehriban(bacısı), Niftəliyev Mehman (qardaşı) xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mingəçevir şəhəri H.Əliyev prospekti 70 saylı evin, 45 saylı mənzil iddiaçıya məxsusdur. Bu barədə Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991-ci il tarixdə qeyd aparılmış və ona bu barədə order verilmişdir. Cavabdeh iddiaçının qardaşı arvadıdır və həmin mənzildə qeydiyyatdadır. Cavabdeh 1992-ci ildə mənzildən köçüb getmişdir. İddiaçı cavabdehin istifadə hüququnun xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdeh yaşayış yeri üzrə iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ünvanda yaşayır. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə,onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçının qardaşı M.Niftəliyev cavabdehlə 1990-cı ildə nikaha daxil olmaqla ailə qurmuşlar və cavabdehin yaşayış sahəsinə ehtiyacı olduğuna görə iddiaçı onu özünə məxsus mənzilə qeydiyyata salmışdır. Sonradan cavabdeh köçüb getmişdir. Cavabdehin sözügedən mənzildə heç bir əşyası yoxdur. Hazırki mübahisə üzrə cavabdehin istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Lakin cavabdeh həmin mənzilə köçsə də cəmi iki il orada yaşamış, daha sonra başqa mənzilə köçmüş artıq 30 ilə yaxındır ki, o digər mənzildə yaşayır. Eyni zamanda o 30 ilə yaxın müddət ərzində özünün istifadə hüququnun pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmişdir. Eyni zamanda cavabdeh mənzilin saxlanılması üçün 30 il ərzində heç bir vəzifəni icra etməmişdir. Mənzilə qayıtmaq üçün hər hansı cəhd göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X2 İddiaçı məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 70 saylı evin, 45 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh X6 qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilərlər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar