Məhkəmə qərarları › İş №2(051)-371/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-371/2022

11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-371/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı fiziki şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000, manat maddi ziyan kimi nəqliyyat xərci 1000 manat, vəkilə ödənilən 1500 manat pulun və 188 manat dövlət rüsumunun, cəmi 32.688 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iddiaçı haqqında 30.12.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq uzun müddət istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq iddiaçı həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona görə ki, guya o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin İİİ siyahısına daxil olan alprazolam adlı dərman preparatına aid təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram olan bir ədəd qutuda bir ədəd konvalyutda 10 həb «Xanax(alprazolom) 0,5 mq» psixotrop maddəsini əldə edib əczaçı işlədiyi "xxxx" MMC-yə aid 084603 saylı lisenziya əsasında ünvan 1 ünvanda fəaliyyət göstərən «Mingəçevir-7» adlı aptek məntəqəsində qanunsuz saxlamış, 24 dekabr 2017- ci il tarixdə saat 22 radələrində həmin psixotrop maddəsini aptek məntəqəsində X1. Həmin ittiham ona 07.03.2018-ci il tarixdə elan olunduqdan sonra onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bundan sonra iddiaçının haqqında olan həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsində uzun müddət ərzində işə baxılıb araşdırma aparılmış və tamamilə qanunsuz və əsassız olaraq o, həmin cinayəti törətməkdə təqsirli bilinib 01 il müddətinə əczaçılıq fəaliyyəti ilə məşğul olamaq hüququndan məhrum edilməklə , barəsində Azərbaycan Respublikası CM-nin 62- ci maddəsi tətbiq olunmaqla, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmağı barədə 18 oktyabr 2018-ci il tarixli hökm çıxarılmışdır. Hökmdə üzərinə müəyyən məhdudiyyətlər qoyulması qeyd edilmişdir. Həmin hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında işə baxılmış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2019-cu il tarixli 1- 1 (107)-17/2019 nömrəli hökmü ilə apellyasiya şikayətim təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin onun haqqında çıxardığı ittiham hökmü ləğv edilərək ona ittiham olunduğu maddə ilə bəraət verilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması ona mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması onun işgüzar nüfuzuma da mənfi təsir etmiş, işlədiyi aptek əhalinin şüurunda «narkotik və psixotrop maddə satan aptek» kimi qalmış, bu hesaba alıcıları kəskin azalmışdır. Bundan başqa iddiaçının barəsində gedən cinayət işinin ibtidai istintaqı dövründə çağırış üzrə iş və yaşayış yeri olan Mingəçevir şəhərindən istintaqın aparıldığı Bakı şəhərinə dəfələrlə gedib-gəlmiş, həmçinin işə birinci instansiya məhkəməsində və Şəki Apelyasiya Məhkəməsində baxılarkən dəfələrlə məhkəmələrə gedib gəlmişdir. Bununla əlaqədar yollara 1000 manat civarında xərc çəkməklə maddi ziyan çəkmişdir. Eləcə də müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 1500 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmişəm və cəmiyyət içərisində hörmətdən düşmüşdür. Hər kəs iddiaçıdan nə baş verdiyini soruşmuş, bunun da nəticəsində sarsıntı keçirmişdir. Ona görə də Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000, manat maddi ziyan kimi nəqliyyat xərci 1000 manat, vəkilə ödənilən 1500 manat pulun və 188 manat dövlət rüsumunun, cəmi 32.688 manat pulun cavabdehdən tutulub iddiası İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1980-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 18 oktyabr 2018ci il tarixli 1(051)-50/2018 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələri ilə 1 il müddətinə əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmşdir. İş materiallarına əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 1(107)-17/2019 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin qismən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri şərəf və ləyaqətin müdafiəsi ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 1980-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 1(107)-17/2019 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İddiaçının uzun müddət bu araşdırma getdiyindən barəsində müxtəlif şayiələr gəzmişdir. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması iddiaçıya mənəvi iztirab vermişdir. Barəsində müxtəlif şaiyələr gəzmiş, «narkotik satıcısı» kimi şərəf və ləyaqətimi ləkələyən informasiyalar yayılmışdır. Belə informasiyaların yayılması iddiaçının işgüzar nüfuzuna da mənfi təsir etmiş, işlədiyi aptek əhalinin şüurunda «narkotik və psixotrop maddə satan aptek» kimi qalmış, bu hesaba alıcılarımız kəskin azalmışdır.. Bütün bunların nəticəsində iddiaçı sarsıntı keçirmiş və bununla da ona maddi və mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkanı tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəlı şəxslərinin təqsirindən asılı, olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada taftı həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fıziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, 4 prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fıkrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfı nəticələr mənəvi ziyan hesab edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən şəxsin tutulma, həbsdə olma, cəza şəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işlədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 30.000 manatın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbini həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq barəsində cinayət işini açılması, qətimkan tədlbirinin seçilməsi və barəsində birtinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 5000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 31.05.2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən aslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002- ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcələləri üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Məhkəmə iddlia tələbinin nəqliyyat xərci ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı nəqliyyat xərci ilə bağlı məhkəməyə sübutlar təqdim etmədiyndən məhkəmə hesab edir ki, İddiaçı barəsində aparılmış istintaq hərəkətləri nəticəsində dəfələrlə Bakı şəhərinə getmiş, birinci instansiya məhkəməsi və Şəki Apellyasiya məhkəməsində məhkəmə prosesseslərində iştirak etmiş və bunun üçün nəqliyyat vasitələrinin xidmətindən dəfələrlə əvəzi ödənilməklə istifadə etmişdir. Bütün bunları, həmçinin Respublika daxili şəhərlər arası nəqliyyat vasitələrinldən istifadə xərclərini real nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində göstərilən məbləğ mövcud reallıqa uyğun olmadığı üçün nəqliyyat xərci ilə bağlı 500 manat tutulması daha məqsədə müvafiqdir. Bundan əlavə məhkəmə iddia tələbinin vəkilə ödənilən 1500 manat pulun və 188 manat ödənilən dövlət rüsumu onun xeyrinə tutulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «hüququi yardımın göstərilməsi haqqında» 20 dekabr 2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Vəkil arasında hüquqi yardım göstərilməsi ilə bağlı İddiaçı 1500 manat məbləində pul ödəmişdir. İş materiallarında olan № ********* Mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciəti ilə bağlı 188,40 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesabğ edir ki, iddia tələbi qsmən təmin edilməli cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 5000 (beş min) manat, nəqliyyat xərci ilə bağlı 500 (beş yüz) manat, vəkilə ödənilən 1500 (min beş yüz) manat və 188,40 (yüz səksən manat qırx qəpik) mana məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllə in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı Qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyan kimi 5000 (beş min) manat, nəqliyyat xərci ilə bağlı 500 (beş yüz) manat, vəkilə ödənilən 1500 (min beş yüz) manat və 188,40 (yüz səksən manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar