Məhkəmə qərarları › İş №2(051)-404/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-404/2021

23.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-404/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın, tikililrəin, darvaznın cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı bir tikili tikmək, dəyişiklik aparılmasının qadağan edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın, tikililrəin, darvaznın cavabdehlərin hesabına sökülməsi, cavabdehlər tərəfindən həyətdə hər hansı bir tikili tikmək, dəyişiklik aparılmasına qadağan edilməsi, fərdi yaşayış evinin bütün tikililərindən, torpağından istifadəyə cavabdehlər tərəfindən maneələrin aradan qaldırıması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək fərdi yaşayış evini faktiki iki hissəyə bölmüş hasarın icazəsi olmadan aparılan tikililərin, darvazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasına cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 86/3 №-li fərdi yaşayış evi və 0,0619 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 da Cavabdeh1 arvadıdır. Cavabdehlər də onun mülkiyyətində olan evdə yaşayırlar. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin ortasından şiferlə hasar çəkərək iki hissəyə bölmüş və bununla da mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə mane olmuşlar. Şiferdən çəkilmiş hasar onun yaşadığı evə çox yaxın olduğuna görə isti havada normal nəfəs almaq mümkün olmur.Cavabdehlər hasarın digər tərəfində onun razılığı olmadan tikililər tikirlər, həmçinin, ayrı darvaza qoymuşlar. Nəticədə o, mülkiyyətində olan fərdi yaşayış evində, mülkiyyətçi kimi normal şəraitdə yaşaya bilmir, torpaq sahəsindən tam istifadə edə bilmir. İddianın təmin olunmasını, ünvan 1 evin həyətini iki hissəyə bölmüş, texniki pasportda qeyd olunmayan hasarın, onun icazəsi olmadan aparılan tikililərin, darvazanın, cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətin əvvəlki vəziyyətə qaytarılması, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Vəkil Neymət qızı da məhkəmə iclasında iddia əsaslı olduğuna görə təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 86/3 ünvanda yerləşən 0,0619 ha həyətyanı sahəsi olan ev əvvələr atası Vahid Qasımovun mülkiyyətində olmuşdur. Həmin həyətyanı sahədə faktiki olaraq 2 yaşayış evi var. Evlərin biri köhnədir, digəri isə 2020-ci ildə tikilmişdir. Atasının sağlığında, eləcə də atasının ölümündən sonra da ailə üzvləri ilə birlikdə köhnə evdə o, yaşayırdı. Yeni tikilmiş evdə isə atası və anası yaşayırdı. Atasının ölümündən sonra anasının təklifi ilə o, miras paydan imtina etməsi barədə ərizə ilə notariusa müraciət etdi, ona görə də miras ev bütünlüklə anasının mülkiyyətinə verildi. Onun və ailə üzvlərinin yaşadıqları, həyətdə yerləşən köhnə ev qəzalı vəziyyətdə olduğuna görə həyətdə öz ailəsi üçün ev tikdirmək qərarına gəldi. Eləcə də anası ilə münasibətləri pisləşdiyinə görə şiferlə hasar çəkməklə həyəti iki yerə böldü, həyətə öz ailəsinin giriş-çıxışı üçün ayrı darvaza qurdurdu. Lakin anası ona həyətdə ev tikdirməyə, hər hansı tikili aparmağa icazə vermir. Hesab edir ki, iddia əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir. Cavabdeh2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh2 Mikayıl qızı iş üzrə əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ev, 0,0619 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşə əlavə olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/1945 №-li 23 sentyabr 2021-ci il tarixli rəyində göstərilir ki, ünvan 1 ünvanda cavabdeh tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri İddiaçı mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşdüyü müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi ev və 0.0619 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin evə və ya torpaq sahəsinə mülkiyyət payları olması müəyyən edilmədi. Cavabdehlər iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini iddiaçının razılığı olmadan şiferlə iki hissəyə bölərək torpağın digər hissəsində tikinti işləri aparırlar, eləcə də torpağın həmin hissəsinə giriş-çıxış üçün darvaza qoymuşlar. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertiza rəyində də göstərilir ki, ünvan 1 ünvanda cavabdehlər tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan 0, 0619 ha torpaq sahəsinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab eddir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalı, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasar, iddiaçının razılığı olmadan aparılan tikililər, darvaza cavabdehlərin vəsaiti hesabına sökülməli, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparması qadağan edilməlidir. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasar, iddiaçının razılığı olmadan aparılan tikililər, darvaza cavabdehlərin vəsaiti hesabına sökülsün, cavabdehlərə həyətdə hər hansı tikili tikmək, dəyişiklik aparması qadağan edilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən alınan gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar