Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-526/2021 07.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 2583 (iki min beş yüz səksən üç) manat məbləğində maddi ziyanın, 1000 (bir min) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 13583 (on min beş yüz səksən üç) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, o, Musayev X3 şəhərində anadan olmuşdur. Hal-hazırda da Mingəçevir şəhərində yaşayır, 26 dekabr 2020ci il tarixdə saat 14:20 radələrində idarə etdiyi “Mercedec Benz C240” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri Gəncə şosesi ilə Kür çayı istiqamətində hərəkət edərkən cavabdeh idarə etdiyi “VAZ 2106” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozaraq ona yol verməli olduğu halda yol verməyərək onun hərəkət etdiyi zolağa çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh barəsində MN № ******* saylı, 26.10.2020-ci il tarixli qərar çıxarılmış və 60 manat inzibati cərimə edilmişdir. Lakin cavabdehin sığortası olmadığı üçün ona dəymiş ziyan ödənilməmişdir. Ona cavabdehin hərəkətləri nəticəsində 2583 manat ziyan dəymişdir. Lakin cavabdeh indiyə kimi həmin puldan heç bir ödəniş etməmişdir. Ona maddi ziyan vurmaqla bərabər işiylə əlaqədar daim maşına ehtiyacı olduğu üçün və bu imkandan məhrum olduğu üçün ona bir daha maddi və mənəvi ziyan vurmuşdur. Halbu ki onun maşınsız olmağı onun hər gün əlavə pul xərcləməyə vadar edir. O ona dəymiş ziyanın ödənilməsini istəyir. Bundan əlavə cavabdehlərin hərəkəti nəticəsində o sarsıntı keçirtmişdir.Əsəblərini müalicə etdirmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən ona heç bir ziyan ödənilməmişdir. Ona görə də məhkəmən Cavabdeh 2583 (iki min beş yüz səksən üç) manat məbləğində maddi ziyanın, 1000 (bir min) manat əldən çıxmış faydanın, 10000 (on min) manat mənəvi ziyanın, cəmi 13583 (on min beş yüz səksən üç) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmyərək izahatında göstərmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli, 9/2315 saylı rəyi ilə razı deyil. O, iddiaçının daşınar əmlakına (avtomobilinə) deyil, əksinə iddiaçı onun avtombilinə zərər vuraraq ona maddi ziyanla nəticələnən avto-qəza törətmişdir. Həmin avto-qəzanın baş verməsinin səbəbi və günahkarı da iddiaçının özüdür. Həmçinin onun barəsində tərtib olunmuş protkolun əsassız və qanunsuz olduğunu hesab edir. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş edir. İşə əlavə olunmuş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təsərrüfatları barədə arayışdan görünür ki, 26.10.2020-ci il tarixdə saat 14:20 radələrində Mingəçevir şəhəri Gəncə şosesi ndə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs VAZ-2106 markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin vaxt sürücüsü Cavabdeh müəyyən olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs Mercedes Benz C240 markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı müəyyən olunmuşdur. İşə əlavə olunmuş İnzibati Xəta haqqında AP ******* №-li 26 oktyabr 2020-ci il tarixli Protokoldan görünür ki, 26.10.2020-ci il tarixdə saat 14:20 radələrində Vaz-2106 markalı **-RS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Nəsibov X5 şəhəri Gəncə şosesində idarə etdiyi avtomobillə manevr etmə qaydasını pozaraq Mercedes C240 markalı, **-HK-*** dövlət qeydiyyta nişanlı avrobillə toqquşmuşdur. Nəticədə Azərbaycan Respublikasının 327,2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş İnzibati tənbeh Vermə haqqında MN ******* №-li 26 oktyabr 2020-ci il tarixli Qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 26.10.2020-ci il tarixli AP ******* nömrəli protokola baxılaraq Cavabdeh Mingəçevir şəhəri Gəncə şosesində idarə etdiyi avtomobillə manevr etmə qaydasını pozaraq Mercedes C240 markalı, **-HK-*** dövlət qeydiyyta nişanlı avrobillə toqquşduğu müəyyən edilmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327,2 –ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Beləliklə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327,2 –ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə olunmuş X1 Edilməsinə dair 26 oktaybr 2020-ci il tarixli Etibarnamadən görünür ki, X2 2016 minik markalı 2006-cı il buraxılış illi XTK**********4717 Ban nömrəli nəqliyyat vasitəsini idarə etdilməsini Cavabdeh etibar etmişdir. İşə əlavə olunmuş 26 oktyabr 2020-ci il tarixdə tərib olunmuş 711 və 712 №li Sərxoşluq Vəziyyətinin tibbi müayinəsi Aktlarından görünür ki, Cavabdeh və İddiaçı şüuru aydındır və nitqi rabitəlidir. İşə əlavə olunmuş Nəqliyyat Vasitələrinin təmirinə dair SMETA-dan görünür ki, İ təmir işlərinin dəyəri-760 manat, İİ Nəqliyyat vasitəsinn təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri- 1563 manat , İİİ Təzə materialların dəyəri- 260 manat məbləğində hesablanmışdır. İşə əlavə olunmuş Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının 9/2315 №-li 16 may 2021-ci il tarixli rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti- 1563,0 manat, Təmir-bərpa işlərinin qiyməti-900,0 manat olmaqla, cəmi 2463,0 manat məbləğində dəyərləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı mənəvi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi əsassız və maddi ziyanın ödənilməsi tələbi isə qismən əsaslıdır. Məhkəmə iddia ərizəsi və digər iş materiallarını müqayisəli şəkildə təhlil edərək, iddiaçıya vurulmuş vurulmuş maddi ziyanın real olması müşahidə olunmuş, mənəvi ziyanın və əldən çıxmış faydanın mövcud olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh iddiaçıya onun tərəfindən maddi ziyan vurulmasını inkar etsə də, bu, iş materiallarında olan mötəbər sübutlarla təkzib olunmuşdur. Lakin iddianın mənəvi ziyan və əldən çıxmış fayda olan hissələri sübut oluna bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmiş ki, Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Hazırki işin faktiki hallarından da görünür ki, zərəçəkənin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair heç bir əsaslı sübut işə əlavə olunmamışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda dedikdə zərərçəkmiş şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Lakin həmin əldən çıxmış faydanın mövcudluğunu sübut edə biləcək, habelə nə qədər məbləğdə olduğunu göstərə biləcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Belə vəziyyətdə cavabdehdən yalnız maddi ziyanın tutulması məqsədə müvafiqdir. Lakin məhkəmə iş materialları arasında olan ekspert rəyini mötəbər sübut kimi qəbul edir və maddi ziyan tələbinin rəydə gödtərilən məbləğdə tutulması qənaətinə gəlir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mənəvi ziyan və əldən çıxmış fayda tələbi rədd olunmalı, maddi ziyan tələbi isə qismən, yəni ekspert rəyinə uyğun təmin olunmalı və Cavabdeh dəyişilməli hissələrin qiyməti 1563,0 manat, Təmir-bərpa işlərinin qiyməti 900,0 manat olmaqla, cəmi 2463,0 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən aslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002- ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcələləri üzrə Avropa Məhkəməsinin yuridiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericliyin müddəları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfusunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cü il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətta ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə ekspertiza xərci kimi hesablanmış 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdəcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəyişilməli hissələrin qiyməti 1563,0 (bir min beş yüz altmış üç) manat, Təmirbərpa işlərinin qiyməti 900,0 (doqquz yüz) manat olmaqla, cəmi 2463,0 (iki min dörd yüz altmış üç) manat məbləğində pul alınıb iddiaçıya verilsin. İş üzrə ekspertiza xərci kimi hesablanmış 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilsin. İddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-526/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-526/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver