Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-55/2021 21.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı “qeyri yaşayış binasının paylara uyğun naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünavıvda yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 741.3 kv.m-dir. Qeyri yaşayış binası hazırda ticar\t obyekti kimi fəaliyyət göstərir. Qeyd edilən qeyri yaşayış binasının 3/2 hissəsi "xxxx" MMC-nin, 3/1 hissəsinə isə özünün paylı mülkiyyətindədir. 3/1 hissədə paya ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Reyestri Xidməti tərəfindən 19.01.2018-ci il tarixdə Seriya RX ******* saylı çıxarış verilmişdir. Buna Baxmayaraq o, öz payından istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Belə ki, hal-hazırda qeyri yaşayış binası bütövlükdə cavabdeh "xxxx" MMC-nin istifadəsindədir və 3/1 hissədə paydan istifadəyə görə ona icarə haqqı belə ödəmir. Paylı mülkiyyətdə olan qeyri yaşayış binasından birlikdə istifadə olunması mümkün deyil. Ona görə də Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən "xxxx" MMC-nin və İddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının paylara uyğun naturada bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, nümayənədisi vəkilini izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəməyə təqdim olunmuş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı HÜQUQLARİN Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın notariat qaydasında surətindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünvanında yerləşən ümumi sahəsi 741,3 kv.m olan qeyri yaşayış sahəsi mülkiyyət hüququ üzrə 2/3 hissədə "xxxx" MMC-nin və 1/3 hissədə İddiaçı adına 19.01.2018-ci il tarixdə, **********8 nömrə ilə qeydiyyata alınmışdır İddia ərizəsinə əlavə olunmuş Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Regional Miqrasiya İdarəsinin 14.02.2020-ci il tarixli 15/106 saylı arayışndan görünür ki, xx.xx.1964cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı İddiaçı 24.03.2020-ci il tarixənədək ünvan 3 ünvanında qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 sentyabr 2021-ci il tarixli, 10/2460 saylı rəydə göstərilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69 B ünvanında yerləşən qeyriyaşayış sahəsi binasının faktiki vəziyyətini, planlı yerləşməsini, sənəd üzrə iki giriş-çıxış yolu olduğunu nəzərə almaqla həmin qeyri yaşayış sahəsinin 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada təcrid şəkilndə iki hissəyə bölündüyü halda həmin obyektin bölünmüş hissələrinin təyinatı üzrə istifadəsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Mcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2 və 220.3. maddələri). Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İddiaçı ümumi birgə paylı mülkiyyətdə olan qeyri yaşayış sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, keçirilmiş ekspertiza tədqiqatı ilə qeyri yaşayış sahəsinin naturada ayrılmasının mümkünlüyü müəyyən edildiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, tərəflərin izahatı, iş materiallarında olan sənədlər və ekspert rəyi müqayisəli şəkildə təhlil edərək müəyyən olunmuşdur ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69B ünavıvda yerləşən qeyri-yaşayış binası İddiaçı 1/3 hissə və "xxxx" MMC-ə 2/3 hissə olmaqla bölünmüşdür. Tədqiq olunan qeyri yaşayış sahəsinin təkiliof olunmuş variantda bölgüsü zamanı tərəflərdən birinə öz 1/3 payından 23,5 kv.m çox tərəflədən digərinə isə 2/3 payından 23.5 kv.m az sahə düşür. Ekspertin rəyindən və ona əlavə olunmuş sxemdən də aydın görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 69 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi binasının faktiki vəziyyətini, planlı yerləşməsini, sənəd üzrə iki giriş-çıxış yolu olduğunu nəzərə almaqla həmin qeyri yaşayış sahəsinin 1/3 və 2/3 paylardan kənara çıxmaqla naturada təcrid şəkilndə iki hissəyə bölündüyü halda həmin obyektin bölünmüş hissələrinin təyinatı üzrə istifadəsi texniki cəhətdən mümkündür, tam qanuni və əsaslıdır. Həmin Məcəlləsinin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri Heydər Əliyev prospekti, 69B ünvanında yerləşən "xxxx" MMCnin və İddiaçı paylı mülkiyyətdə olan qeyri-yaşayış binası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 10/2460 saylı rəyində göstərildiyi qaydada naturada bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-55/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-55/2021
21.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver