Məhkəmə qərarları › İş №2(051)-690/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-690/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-690/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı oğlunun Cavabdeh qızına qarşı mənzildən əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qızına qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehə məxsus qonaq otağı dəstinin, həmin dəstin içərisindəki qab-qacağın və bir ədəd xalçanın mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 45, mənzil 8 ünvanından çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 45, mənzil 8 ünvanında yerləşən mənzil təmsil etdiyi şəxsin mülkiyyətindədir. Cavabdeh təmsil etdiyi şəxsin mərhum qardaşı Mürvət Qurbanovun arvadıdır. Onlar 2018-ci ildə ailə quran zaman cavabdehə məxsus cehiz əşyaları ona məxsus mənzilə yerləşdirilmişdir. Ancaq onlar ailə qurduqdan sonra Ucar şəhərində mənzil alaraq orada yaşamışlar. Təmsil etdiyi şəxsin qardaşı vəfat etdikdən sonra əlaqələri kəsilmişdir. Bundan sonra təmsil etdiyi şəxs cavabdehə bir neçə dəfə mənzilində olan əşyalarının çıxarılması ilə bağlı məlumat versə də, cavabdeh bu günə qədər əşyalarını təmsil etdiyi şəxsə məxsus mənzildən könüllü çıxarmamışdır. Hazırda təmsil etdiyi şəxs mübahisəli mənzilin mülkiyyətçisi kimi cavabdehin bir daha mübahisəli mənzilə köçüb yaşamasına razılıq verməmişdir. Hazırda mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh özü mübahisəli mənzildən birdəfəlik çıxmasına, başqa yaşayış sahəsində yaşamasına baxmayaraq, özünə məxsus cehiz əşyalarını onun mülkiyyətində olan mənzilin yaşayış otağında saxlamışdır. Təmsil etdiyi şəxs həmin yaşayış otağından faktiki olaraq istifadə etmək imkanından məhrum olmuşdur. O hal isə onun öz mənzilində rahat yaşamasına maneə olmuşdur. Halbuki, təmsil etdiyi şəxsin mülkiyyətçi kimi özünə məxsus fərdi yaşayış evinin bütün yaşayış sahəsindən sərbəst istifadə etmək hüquq vardır. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan MH seriyalı, ******* saylı, 11.02.2009–cu il tarixli, ********** qeydiyyat nömrəli, **********10-05101-093011 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində istifadədə olan 0.0799 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 4 mərtəbəli binanın birinci girişində, 2-ci mərtəbədə yerləşən, 43.76 kvm ümumi, 31.02 kvm yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına 11.02.2009–cu il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahaının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdeh 2018-ci il tarixdə iddiaçının qardaşı ilə evlənmiş və toy zamanı cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə yığılmışdır. Toy şənliyindən sonra iddiaçının mərhum qardaşı və cavabdeh Ucar şəhərinə köçərək orada yaşamağa başlamışlar. İddiaçının qardaşı vəfat etdikdən sonra əlaqələri kəsilmiş və cavabdeh bir daha mübahisəli mənzildə gəlməmiş, lakin ona məxsus cehiz əşyalara mübahisəli mənzildə qalmışdır. İddiaçı cavabdehə əşyalarının çıxarılması ilə bağlı məlumat vermiş, lakin cavabdeh imtina etmişdir. Hazırda da cavabdehin özü yaşamasa da, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus mənzildə qalmaqda davam edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranıb-yaranmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qardaş arvadı “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayının qardaşı arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan mənzilin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, İddiaçı oğlunun özünə məxsus mənzilin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh qızı tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan mənzildə yerləşir. Bununla belə cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ olmadığından, iddiaçının cavabdehə qarşı əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qızına məxsus qonaq otağı dəsti, həmin dəstin içərisində yerləşən qabqacaq, həmçinin yaşayış otağında olan bir ədəd xalça 11.02.2009–cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, **********10-05101-093011 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı oğlunun mülkiyyətində olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 45, mənzil 8 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılna elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar