Məhkəmə qərarları › İş №2(051)-707/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-707/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-707/2021 31.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Cuma qızına qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 12900 manat vurulmuş maddi zərər və 5000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildiridi ki, İddiaçı ilə Cavabdeh bir müddətdir ki, bir-birlərini tanıyırlar. İddiaçı gül mağazası işlədir, həmçinin Cavabdeh ilə birlikdə qızıl alış-verişlə də məşğul olurdular. Cavabdeh bir neçə dəfə iddiaçıdan qızıl-zinət əşyaları alıb-satıb, pulu da vaxtında qaytarıb və beləliklə onun etibarını qazanmışdır. Sonuncu dəfə 2019-cu ilin sentyabr ayında cavabdeh iddiaçıdan 12960 manat qiymətində qızıl əşyaları almış, lakin pulunu ödəməmişdir. Dəfələrlə iddiaçı qızıl əşyalarının pulunu ödəməyi, ya da həmin əşyaları qaytarmağı xahiş etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu və qızıl əşyalarını qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də onların arasındakı münasibətlər pozulmuşdur. İddiaçı Bakı şəhəri Xətai rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etməyə məcbur olmuş, ona aralarındakı mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olmasını izah etmişlər. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı stress, mənəvi sarsıntı keçirmişdir, hətta özünü öldürmək həddinə çatmışdır. Ona görə də iddianın təmin olunmasını, cavabdehdən vurulmuş maddi ziyan olan 12900(on iki min doqquz yüz) manat və mənəvi ziyan olaraq 5000 (beş min) manat alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Xəlilova Lalə Cuma qızına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Cavabdeh Cavabdeh iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı ilə bir neçə il bundan əvvəl tanış olmuşdur. Pərvanə ilə qızı alış-veriş ilə məşğul olur, qazanc əldə edirdilər. Belə ki, Pərvanədən qızıl-zinət əşyaları götürüb satır, əldə etdikləri qazancı bölürdülər. Sonuncu dəfə Pərvanə bir neçə qızıl əşyalarını satmaq istədiyini bildirdi. O, Zamiq adlı bir adamla söhbət zamanı Zamiq həmin qızılları alıb, satdıqdan sonra pulu verəcəyini bildirmişdir. Bu barədə o, Pərvanəyə bildirmiş, Pərvanə də razılaşmışdır. Razılaşdıqları gün Zamiq onun evinə gələrək həmin qızılları ondan götürüb getmişdir. Həmin vaxt da Pərvanə onun yaşadığı binanın yanında dayanmışdı və Zamiqi görmüşdü. Lakin Zamiq ya vəd etdiyi vaxtda, ya da sonradan qızılların pulunu gətirmədi. Bu səbəbdən də Pərvanə ilə onun münasibətləri pisləşdi. Onun iddiaçıya cəmi 11700( on bir min yeddi yüz) mant borcu qalmışdır. Zamiq Rzayev onlardan aldığı qızılların pulunu qayartdıqdan sonra həmin borcu ödəyəcəkdir. Zamiq Rzayevin hərəkətləri barədə polis idarəsinə şikayət vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər birlikdə qazanc əldə etmək məqsədi ilə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh sonuncu dəfə iddiaçıdan götürdüyü qızılların pulunu ödəməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibətlər mülki hüquq münasibətləridir və münasibətlər mülki qanunvericiliyin tələblərinə uyğun tənzimlənməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.3-cü maddəsində göstərilir ki, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehin ona 12900 manat maddi zərər vurduğunu iddia edir, cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçıya cəmi 11700 manat borcu qaldığını bildirmişdi. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona 12900 manat borcu qalmasını, ona həmin məbləğdə zərər vurmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədiyinə görə iddia maddi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməli, 11700(on bir min yeddi yüz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçı, həmçinin, tələbində cavabdeh tərəfindən ona mənəvi zərər vurduğunu və vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000(beş min) manat alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı hallar nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia mənəvi ziyan tələbinə dair hissədə də təmin olunmamalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 11700 (on bir min yeddi yüz) manat pul alınıb İddiaçı qızına verilsin. İddia mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat tələbinə dair hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar