Məhkəmə qərarları › İş №2(051)-720/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-720/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-720/2024 16.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 13/62 saylı evin 2 otaqdan ibarət 1-ci mənzilinin istifadəçisidir. Həmin mənzil xx.xx.1986-cı il tarixdən ailə üzvlərilə birlikdə onun istifadəsinə verilmişdir. Həmin mənzildə iddiaçı ilə birlikdə ailə üzvləri yaşayırlar. O, və ailə üzvləri həmin mənzildə qeydiyyatdadırlar. Onun keçmiş həyat yoldaşı Cavabdeh sözügedən mənzil iddiaçının istifadəsinə verilən zaman qeydiyyata alınmışdır. Cavabdeh ilə aralarında olan nikah xx.xx.1988-ci il tarixdə pozulmuş və bundan sonra o, Rusiya Federasiyasına getmişdir. Hazıradək Cavabdeh Azərbaycana qayıtmamışdır. Cavabdeh iddiaçının istifadəsində olan mənzilə ailə üzvü kimi qeydiyyata alınmışdır, hazırda artıq o, onun ailə üzvü deyil. Cavabdehin hazırda harada yaşaması barədə məlumatı yoxdur. Mübahisəli mənzil dövlət fonduna aiddir, həmin mənzili uzun müddətdir ki, özəlləşdirmək istəyir, lakin Cavabdeh bu mənzildə 1988-ci ildən yaşamamasına baxmayaraq adının orderdə olması buna maneçilik törədir. Cavabdeh bu günə kimi onunla əlaqə saxlamamışdır, bu müddət ərzində onun Azərbaycana gəlməsini təsdiq edən kimsə yoxdur. Cavabdeh orderdə adının qeyd edilməsinə baxmayaraq, ünvan 2 ünvanında 1986-1988-ci illərdə yaşamış və boşandıqdan sonra Rusiya Federasiyasına çıxıb getmişdir. Bu da onu göstərir ki, artıq Cavabdeh həmin mənzilə dair hər hansı bir istifadə hüququ yoxdur. Cavabdehin mübahisəli mənzildə yaşamadığını qonşuları və MİSnin əməkdaşları təsdiq edə bilərlər. Odur ki, Cavabdeh Mingəçevir şəhəri, Hüseynov küçəsi ev 13/62, mənzil 1-ə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə bildirişi cavabdehə təqdim edilməsi üçün müvafiq icra hakimiyyətinə ünvanlanmış, bildirişə cavabdehin qeyd olunan ünvanda yaşamaması barədə qeyd yazılaraq məhkəməyə göndərilmişdir. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. O, 1984-cü ildən ünvan 3 ünvanında yaşayır. Cavabdeh iddiaçının keçmiş arvadıdır. O, cavabdeh O.Alekseyevnanı 30 ildən çoxdur ki, görməmişdir. Belə ki, onlar boşanmışlar və cavabdeh çıxıb Rusiya Federasiyasına getmişdir. İddiaçı həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. O, 30 ildən çoxdur ki, ünvan 4 ünvanında yaşayır. Cavabdeh O.Alekseyevnanı tanımır, heç görməmişdir. Uzun müddətdir ki, cavabdeh çıxıb Rusiya Federsiyasına anasının yanına getmişdir. Ərizəçi tərəfindən şahid qismində çağırılmış X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. Eşitdiyinə görə cavabdeh Olqa Alekseyevna iddiaçının keçmiş arvadı olmuşdur. Sonra onlar boşanmışlar və cavabdeh çıxıb Rusiya Federasiyasına getmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1986cı il tarixdə qeyd aparılmış və bu barədə Mingəçevir şəhər icra Hakimiyyəti tərəfindən verilmiş 4374 nömrəli orderdən görünür ki, İddiaçı ünvan 5 ünvanında yerləşən 2 otaqdan ibarət, 27.81 kv.metr mənzil sahəsini tutmağa ixtiyarı vardır. Ailənin tərkibi: Cavabdeh (arvadı), X3 (qardaşı) xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ seriyalı, 462822 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.1988-ci ildə 115 nömrəli ilə qeyd edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Atakişiyev X4 şəhəri, V.Hüseynov küçəsi ev 13/62, mənzil 1 ünvanda qeydiyyatdadır. Yaşayış yeri üzrə qeydiyyat haqqında 58-33 nömrəli arayışdan görünür ki, Cavabdeh Yevlax rayonunda xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.1986-cı il tarixdən ünvan 1 ünvannda qeydiyyatdadır. xx.xx.2024-cü tarixli 5 saylı MİS-in rəisi R.R.Əsgərov və digər şəxslər X.İddiaçı, E.Ə.Hidayətova, N.V.Hüseynova və A.Z.Abdullayeva tərəfindən tərtib etdiyi aktdan görünür ki, Atakişiyev X4 şəhəri, V.Hüseynov küçəsi ev 13/62, mənzil 1 ünvanında yaşayır. Həmin mənzildə İddiaçı keçmiş arvadı Cavabdeh hal- hazırda sözügedən mənzildə yaşamır. Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 1 iddiaçıya məxsusdur. Bu barədə Mingəçevir Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1986-cı il tarixdə qeyd aparılmış və ona bu barədə order verilmişdir. Cavabdeh iddiaçının keçmiş arvadıdır və həmin mənzildə qeydiyyatdadır. Cavabdeh 1988-ci ildə mənzildən köçüb getmişdir. İddiaçı cavabdehin istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdeh yaşayış yeri üzrə iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, daimi olaraq başqa ölkədə yaşayır. İddiaçı isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə,onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçı cavabdehlə nikaha daxil olmaqla ailə qurmuşlar və cavabdeh iddiaçıya məxsus mənzilə qeydiyyatda alınmışdır. İddiaçı ilə cavabdehin nikahı 1988-ci ildə pozulmuşdur və cavabdeh köçüb başqa ölkəyə getmişdir. Cavabdehin sözügedən mənzildə heç bir əşyası yoxdur. Hazırki mübahisə üzrə cavabdehin istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Lakin cavabdeh həmin mənzilə köçsə də, sonra başqa ölkəyə köçmüş və artıq 30 ilə yaxındır ki, o, Rusiya Federasiyasında yaşayır. Eyni zamanda o, 30 ilə yaxın müddət ərzində özünün istifadə hüququnun pozulması barədə nə məhkəməyə, nə də digər hüquq mühafizə orqanına müraciət etməmişdir. Eyni zamanda cavabdeh mənzilin saxlanılması üçün 30 il ərzində heç bir vəzifəni icra etməmişdir. Mənzilə qayıtmaq üçün hər hansı cəhd göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Mingəçevir şəhəri, V.Hüseynov küçəsi 13/62 saylı evin, 1 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar