Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-734/2021 04.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən 3 otaqlı mənzildən anası X1 miras qalmış hissəsindən ona 13,9 kvadrat metr hissəsində pay düşmüşdür. Həmin mənzildən ona düşən paya nisbətdə özəlləşdirərək, xüsusi mülkiyyətinə keçirmiş və ayrıca Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 A, 4-cü giriş qapısı, 1-ci mərtəbə kimi daimi ünvan, mənzilə dair texniki pasport və AR DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da almışdır. Qeyd olunan mənzilin ona aid ünvanında ayrıca işıq, qaz və su sayğacları vardır və o, mənzilin kommunal xərclərini özü ödəyir. Artıq həmin mənzildə bir yerdə yaşamaq mümkün olmadığından payının naturada ayrılmasını istəyir. Bu səbəbdən cavabdehlərlə onun arasında Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən 3 otaqlı mənzilin 13,9 kvadrat metr hissəsində naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə\ baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 13,9 kvadrat metr olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.08.2018–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 34,5 kvadrat metr olan Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən mənzil üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 15.09.2021–ci il tarixli, 10/3448 nömrəli ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən mənzilin tərkib hissəsində yerləşən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 13,9 kv.m. hissənin ayrıca daimi ünvanla təchiz olunmuş şəkildə ümumi binanın təyinatına tənasübsüz zərər vurulmadan naturada bölünməsinin (ayrılmasının) inşaat norma və qaydalarının və məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən mənzilin 13,9 kv.m hissəsi üzərində İddiaçı, həmin mənzilin 34,5 kv.m olan hissəsi üzərində isə Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzilin yaşayış sahəsi üzrə paylar müəyyən olunsa da, mənzilin köməkçi sahələri ümumi istifadədə qalmışdır. Belə olan halda tərəflər ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının naturada ayrılmasına dair məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən mənzilin tərkib hissəsində yerləşən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 13,9 kv.m. hissənin ayrıca daimi ünvanla təchiz olunmuş şəkildə ümumi binanın təyinatına tənasübsüz zərər vurulmadan naturada bölünməsi (ayrılması) mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan mənzildən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından, iddiaçıya düşən pay naturada ayrılmamalıdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mənzilin bölgüsü zamanı tərəflərin hər birinin sərəncamına yaşayış və yardımçı tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən mənzilə isə yalnız bir giriş-çıxış yolunun olması, tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, hamam, dəhliz və s.) yeganə olması və iddiaçıya düşən sahədə yardımçı otağın yaradılmasının mümkün olmaması mənzilin naturada bölünməsini istisna edir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-734/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-734/2021
04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver