Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-84/2024 22.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh: Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən, paylı mülkiyyət olan fərdi yaşayış evindən onun payının dəyəri miqdarında, yəni cəmi 40.000 (qırx min) manat məbləğində pulun, mənzilin dəyərinin müəyyən edilməsi barədə ekspertiza üçün ödənilən 100 (bir yüz) manat məbləğin və dövlət rüsumu olaraq ödənilən 210 (iki yüz on) manat pulun isə yarısı olan 105 (yüz beş) manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi təmsil etdiyi şəxs və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında paylı mülkiyyət olaraq bərabər şəkildə bölünmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********75-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, 0.06 ha torpaq sahəsi üzərində olan 225.04 kv.m sahəli fərdi yaşayış evi, yaşayış evi (148/288 hissə); torpaq sahəsi (40/252 hissə) payla İddiaçı, yaşayış evi (35/288 hissə); torpaq sahəsi (62/252 hissə) payla Cavabdeh2, yaşayış evi (105/288 hissə); torpaq sahəsi (150/252 hissə) payla Cavabdeh1 məxsusdur. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 evin bölünməsinə razı deyildir. Evin çox hissəsini zəbt edib və təmsil etdiyi şəxsin orada yaşamağına mane olurlar. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 Məhəməd oğluna qarşı birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin olunmamışdır. Lakin onların bir evdə yaşamaqları mümkün deyildir. Evin dəyəri 150.000 (yüz əlli min) manatdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi Vəkil2 məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, iddia ərizəsində göstərilən evin dəyəri şişirdilmişdir. Yaşayış evi və torpaq sahəsi birgə qiymətləndirilmişdir. Halbuki, iddiaçının torpaq sahəsi üzərində payı azdır. Təmsil etdiyi şəxs iddiaçının tələb etdiyi məbləği ödəməyə razı deyildir və maddi imkanı həmin məbləği ödəməyə yetmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********275-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı payı (148/288 hissə); torpaq sahəsi üzərində (40/252 hissə), Cavabdeh2 payı yaşayış evi üzərində (35/288 hissə); torpaq sahəsi üzərində (62/252 hissə), Cavabdeh1 payı yaşayış evi üzərində (105/288 hissə); torpaq sahəsi üzərində (150/252 hissə) daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyat alınmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 Məhəməd oğluna qarşı ümui paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 85 saylı "xxxx" MMC-nin rəyindən görünür ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi üzərində tikilmiş, 2 mərtəbəli, 6 otaqdan ibarət, təmirsiz fərdi yaşayış evinin yerləşdiyi ərazini nəzərə alaraq hal-hazırda bazar satış qiyməti 150.000 (yüz əlli min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş ƏQ-267/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMCnin rəyindən görünür ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən, paylı mülkiyyətdə olan, 0.06 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 225.04 kv.m ümumi, 116.41 kv.m yaşayış, 108.63 kv.m köməkçi sahədən ibarət, 2 (iki) mərtəbəli, 6 (altı) otaqlı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə likvid dəyəri 55650 manat, real bazar dəyəri 62500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ƏQ-268/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMCnin rəyindən görünür ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən, 0.06 hektar həyətyanı torpaq sahəsinin xx.xx.2023-cü il tarixə likvid dəyəri 84300 manat, real bazar dəyəri 89500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ƏQ-269/2023 saylı xx.xx.2023-cü il tarixli "xxxx" MMCnin rəyindən görünür ki, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, İddiaçı yaşayış evi (148/288 hissədə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 28597 manat, real bazar dəyəri 30026 manat təşkil edir. Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, İddiaçı torpaq sahəsi (40/252 hissədə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 13380 manat, real bazar dəyəri 14049 manat təşkil edir. Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, Cavabdeh2 yaşayış evi (35/288 hissədə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 6763 manat, real bazar dəyəri 7439 manat təşkil edir. Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, Cavabdeh2 torpaq sahəsi (62/252 hissədə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 20740 manat, real bazar dəyəri 21777 manat təşkil edir. Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, Cavabdeh1 fərdi yaşayış evi (105/288 hissədə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 20289 manat, real bazar dəyəri 21303 manat təşkil edir. Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında 0.06 hektar yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən, Cavabdeh1 torpaq sahəsi (150/252 hissədə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 50178 manat, real bazar dəyəri 52686 manat təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş və sonradan əldə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin **********75-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, 0.06 ha torpaq sahəsində ümumi sahəsi 225.04 kv.m olan, Mingəçevir şəhəri, X1 küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin 148/288 hissəsi, torpaq sahəsinin 40/252 hissəsi üzərində İddiaçıının, yaşayış evinin 35/288 hissəsi, torpaq sahəsinin 62/252 hissəsi üzərində Cavabdeh2, yaşayış evinin 105/288 hissəsi, torpaq sahəsinin 150/252 hissəsi üzərində Cavabdeh1 paylı mülkiyyət hüquqlarıdaşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə paylı mülkiyyətçi Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 Məhəməd oğluna qarşı paylı mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası, payın naturada ayrılması mümkün olmadığna görə təmin olunmamışdır. Bununla belə paylı mülkiyyətçilər arasında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçı öz payının dəyərinin ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəf maddi imkanı olmadığına istinad edərək iddiaçın tələb etdiyi məbləği qəbul etməsə də, konkret məbləğ təklif etməmiş, həmçinin ekspertin və mütəxəssisin rəylərində göstərilən qiymətlərlə də razılaşmamış, nə də öz təşəbbüsü ilə ekspert və yaxud mütəxəssiz rəyi təqdim etməmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221–ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarınada formalaşdırıdığı hüquqi mövqeyə görə payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən öz payının dəyərinin ödənilməsini məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Paylı mülkiyyətin Cavabdeh tərəfin iddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı olmadığına istinad edərək, iddiaçının təklifini qəbul etməmiş, nəticədə tərəflər arasında payın dəyərinin ödənilməsi ilə bağlı razılıq olmamışdır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3–cü maddəsinə əsasən birgə mülkiyyətdə olan evin və torpaq sahəsinin naturada bölgü tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcılıqla tətbiq edilməsini göstərmişdir. Hazırda isə iddiaçı öz payının dəyərinin ödənilməsini tələb edir. Lakin cavabdeh tərəf isə maddi imkanı olmadığına istinad edərək iddiaçının tələb etdiyi məbləği qəbul etmir. Ona görə də tərəflər payın dəyərinin ödənilməsi ilə bağlı razılığa gələ bilməmişlər. Tərəflər arasında razılaşmanın mümkün olmaması iddiaçının payının dəyərinin cavabdehlər tərəfindən ödənilməsini istisna edir. Bununla belə iddiaçı tərəf ümumi paylımülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair məhkəməyə vəsatət təqdim etməmişdir. İddiaçının tələbi yalnız payın dəyərinin ödənilməsindən ibarət olmuşdur. Məhkəmə tərəflərə ümumi paylımülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib bölünməsinə dair vəsatət vermək hüquqlarını izah etsə də, tərəflər o barədə məhkəməyə vəsatət verməkdən imtina etmişlər. Ona görə də məhkəmə verilmiş tələb üzrə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Azərbaycan Respublikası MPM–in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 250 manat məhkəmə xərci İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərcinin 125 (bir yüz) manat məbləğində hissəsi alınıb "xxxx" MMC-nin hesabına köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada məhkəmə– əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə xərcinin 125 (bir yüz) manat məbləğində hissəsi alınıb alınıb "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-84/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-84/2024
22.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver