Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-99/2021 30.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «xxxx» ASC-nin iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, “Skoda Fabia” markalı, H 023081 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 3603 manat sığorta ödənişinin və məhkəmə hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. «xxxx» ASC-nin iddia ərizəsində göstərilmişdir ki, "Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X3 tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə 05.09.2016-cü il tarixdən 04.09.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh atasına məxsus olan “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək 14 oktyabr 2016-cı il tarixdə saat 7:30-da Mingəçevir şəhəri Samux küçəsi ilə hərəkədə olduğu zaman manevretmə qaydasını pozaraq “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin maşına maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Mingəçevir RPİŞ-nin DYPŞ tərəfindən araşdırma aparılmışdır. Araşdıırma nəticəsində cavabdehin avtomobili etibarnamə olmadan idarə etməsi məlum olunmuş, buna görə də onun barəsində 197997 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur.“Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC- də icbari sığorta ilə sığortalandığından kasko sığorta ilə sığortalanmış “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobillə dəymiş 3603 manat məbləğində zərər “xxxx” ASC-nin subqroqasiya qaydasında ödənilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə sığorta həcmində, 3603 manat məbləğində ödəniş edildiyinə görə İddiaçı ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdehə iddiaçı tərəfindən vurulmuş ziyana görə ödənilmiş məbləği geri qaytarması «xxxx» ASC-yə ödəməsi barədə 11.05.2018-ci il tarixdə bildiriş göndərilsə də cavabdeh buna məhəl qoymamışdır. Ona görə də “Skoda Fabia” markalı, H 023081 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 3603 manat sığorta ödənişinin və məhkəmə hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun atasına məxsusdur. Sözügedən avtomobili etibarnamə olmadan idarə edərək 14 oktyabr 2016-cı il tarixdə saat 7:30-da Mingəçevir şəhəri Samux küçəsi ilə hərəkədə olduğu zaman “SKODA FABİA” markalı, H 023081 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, yol- nəqliyyat hadisəsi baş vermiş, nəticədə həmin maşına maddi ziyan dəymişdir. Hadisə ilə bağlı araşdırmsa aparılaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş olsa və cərimə olunsa da hesab edir ki, həmin yol- nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olmamışdır. Bundan əlavə “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun atasına məxsus olduğuna görə, həmin avtomaşını idarə etmək üçün etibarnaməyə zərurət olmamışdır. Eləcə də həmin avtomaşın sığortalı olduğuna görə o, dəymiş zərəri ödəməməlidir. İddianın təmin olunmamasını xahiş edir. Cavabdeh vəkili X2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş 18.10.2016-cı il tarixli, KYP №197994 saylı protokoldan və qərardan görünür ki, Cavabdeh atasına məxsus olan “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə olmadan idarə edərək 14 oktyabr 2016-cı il tarixdə saat 7:30-da Mingəçevir şəhəri Samux küçəsi ilə hərəkədə olduğu zaman manevretmə qaydasını pozaraq “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, yol- nəqliyyat hadisəsi törətdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə olunumşdur. İşə əlavə olunmuş 24 may 2017-ci il tarixli və 22 iyun 2017-ci il tarixli sığorta aktlarından və ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC-də icbari sığorta ilə sığortalandığından kasko sığorta ilə sığortalanmış “SKODA FABİA” markalı, H 023081 dövləıt qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 3603 manat məbləğində zərər “xxxx” ASC-yə subqroqasiya qaydasında ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən «icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmuu qaydada qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 3603 (üç min altı yüz üç) manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstəridiyi hallarla bağlı öz sübutlarını təqdim etmiş, cavabdeh isə etirazını əsaslandıran hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub iddiaçı «xxxx» ASC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3603 (üç min altı yüz üç) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb «xxxx» ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-99/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-99/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver