Məhkəmə qərarları › İş №2(052)-100/2023

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-100/2023

17.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-100/2023 17.04.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1. İddiaçı “ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətin natura qaydasında bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətin natura qaydasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi əmlakın paylı mülkiyyət kimi onun payına düşən hissəsinin natura qaydasında bölünməsində icra vərəqəsi tərtib etməklə qərar verilməsini xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və iddia ərizəsi aşağıda sadalanan əsaslara görə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsinin forması və məzmununa riayət etmədən ərizəni məhkəmə təqdim etmişdir. Belə ki, iddia ərizəsində cavabdeh qismində hər hansı şəxs göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-cu maddəsində qeyd edilmişdir ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa iddiaçı dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətin natura qaydasında bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar