Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-129/2023 03.07.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X3 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh və üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan ünvan 3-dən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 iyul 2007-ci il tarixli çıxarışa əsasən ünvan 3 onun xüsusi mülkiyyətindədir. Cavabdeh keçmiş arvadıdır. Cavabdeh ilə 11 noyabr 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş, Naftalan Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(052)-15/2023 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinə artıq tam şəkildə xitam verilmişdir. Cavabdeh onun mülkiyyətində olan həmin mənzildə pasport qeydiyyatındadır. O, dəfələrlə tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək könüllü olaraq qeydiyyatdan çıxmamışdır. Cavabdeh hazırda başqa ünvanda yaşayır, ona məxsus mənzildə formal olaraq qeydiyyatdadır. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mülkiyyət hüququnu pozur. O, cavabdehə görə əlavə kommunal xərclərin ödənilməsində çətinlik çəkir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, o, iddiaçının anasıdır. Cavabdeh vaxtı ilə iddiaçının arvadı olduğu üçün ona məxsus evdə yaşamış olsa da, hazırda cavabdehin harada yaşaması barədə ümumiyyətlə heç bir məlumatları yoxdur. Belə ki, cavabdeh könüllü olaraq evdən çıxıb getdikdən sonra oğlu ilə aralarında olan nikah da, məhkəmə qaydasında pozulmuşdur. Buna baxmayaraq cavabdeh hazırda formal olaraq iddiaçıya məxsus evdə pasport qeydiyyatında qalmaqdadır. Bu isə iddiaçının bir mülkiyyətçi kimi mənzildən sərbəst istifadə etmək, barəsində sərəncam vermək hüquqlarını pozur. Həmçinin müəyyən kommunal xərclər də vardır ki, qeydiyyatda olan şəxslərin sayına uyğun ödənilir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 08 iyun 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar şöbənin əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Odur ki, məhkəmə iclasının Naftalan ŞPŞ-nin Q və ŞVQ-nin əməkdaşlarının iştirakı olmadan keçiriməsi xahiş olunur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Aslanova X1 şəhəri, Ş.Qurbanov küçəsi, ev 02, mənzil 03 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan Naftalan ŞİHB-nin 1 nömrəli SİƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Aslanova X1 şəhəri, Ş.Qurbanov küçəsi, ev 02, mənzil 03 ünvanında daimi pasport qeydiyyatında olmasına baxmayaraq, hazırda həmin ünvanda yaşamır. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(052)-15/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11 noyabr 2014-cü il tarixdə Naftalan şəhər Qeydiyyat şöbəsində 75 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 14 sentyabr 2016-cı il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikaha 05 may 2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 3 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə vaxtı ilə mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və daimi pasport qeydiyyatına düşmüşdür. Daha sonra məhkəmənin müvafiq qərarı ilə tərəflər arasında olan nikah pozulmuşdur. Həmçinin cavabdeh iddiaçıya məxsus mənzildən çıxaraq digər yaşayış sahəsində yaşamağa davam etsə də, formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmışdır. Qeyd edilən hal isə iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarını şərbəst şəkildə həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdeh uzun müddətdir iddiaçıya məxsus mənzildə yaşamır və hazırda onun harada olması müəyyən deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamamaları müəyyən edildiyindən, onların həmin yaşayış evindən əvvəllər mövcud olmuş istifadə hüquqları itirilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli və cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 6 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(052)-129/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-129/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver