Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-158/2025 09.10.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən cavabdehin və ona məxsus əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların onun Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 25 oktyabr 2022-ci il tarixdə Tərtər rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqavilələrinə (AN-İ №1094322 və AN-İ №1094323) əsasən Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən və əvvəllər Cavabdeh məxsus 0,09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evini ümumilikdə 10900 (on min doqquz yüz) manat müqabilində satın almışdır. Əmlak üzrə alqı-satqı müqavilələri notarial qaydada rəsmiləşdirilmiş, ödəniş tam şəkildə nağd olaraq həyata keçirilmişdir. Əldə etdiyi 0,09 ha torpaq sahəsi və 2 otaqlı yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 18 noyabr 2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və ona Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 54 kvadratmetr fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış verilmişdir. Beləliklə həmin əmlak xüsusi mülkiyyət hüququ əsasında 18 noyabr 2022-ci il tarixdən ona məxsusdur. Alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl cavabdeh bildirmişdir ki, yaşı çox olduğu üçün tənha yaşamaq ona çətindir. Əldə edəcəyi vəsait ilə borclarını ödəyəcək, sonra isə sanatoriya və ya qocalar evinə köçəcəkdir. O, əmlakı təxminən bir il müddətində boşaldacağına dair şifahi öhdəlik götürmüşdür. Razılaşmalarına əsasən ödəniş tam şəkildə və nağd olaraq edilmişdir. O, əmlakı əldə etdikdən sonra ev yaşayış üçün yararsız vəziyyətdə olduğundan, onun göstərişinə əsasən atası tərəfindən təqribən 8.000 (səkkiz min) manat məbləğində təmir və tikinti işləri aparılmışdır. Belə ki, həyətyanı sahədə hasarlar yenidən tikilmiş, həyətdə hamam, sanitar qovşaq, mətbəx, su hovuzu, çardaq, kanalizasiya sistemi və çirkab sular üçün şambo inşa edilmiş, mənzilə məişət əşyaları, mebel, paltaryuyan maşın, su qızdırıcısı və digər avadanlıqlar yerləşdirilmişdir. Tikinti işlərinin həyata keçirilməsi ustalar, fəhlələr və material daşıyan sürücülər tərəfindən də təsdiq oluna bilər. Alqı-satqı müqavilələrinin bağlanmasından 2 il 10 ay müddət keçməsinə baxmayaraq, Cavabdeh əmlakı boşaltmaqdan və onun evindən çıxmaqdan imtina etməkdədir. Həmçinin cavabdeh onun ailə üzvlərini hədələyir, onların əmlaka daxil olmalarına maneçilik törədir və əmlakına zərər vurur. Hesab edir ki, cavabdeh bu hərəkətləri ilə faktiki olaraq onun mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavabdeh onun mərhum bibisinin yoldaşı olmuşdur. Cavabdeh 2022-ci ildə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən evini satmaq niyyətində olduğunu onlara demiş, onlar da ailə üzvləri ilə məsləhət etdikdən sonra, həmin evi almaq qərarına gəlmişlər. Bu məqsədlə onlara məxsus evdə cavabdehə 10900 manat pul vəsaitini nağd şəkildə verərək onunla evin alınması barədə razılığa gəmişlər. Daha sonra isə Tərtər rayon notariat ofisində torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin alqı-satqısını rəsmi şəkildə həyata keçirmişlər. Bundan sonra onun adına əmlak barədə mülkiyyət hüququna dair çıxarış alınmışdır. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən cavabdeh həmin evdə ən çoxu bir il altı ay müddət yaşayamalı, sonra isə evi boşaltmalı idi. Lakin aradan üç ilə yaxın müddət keçsə də, cavabdeh hələ də əmlakdan çıxmamışdır. Həmçinin cavabdeh onun atası barədə müxtəlif orqanlara şikayətlər etmiş, şikayətlərində guya atasının cavabdehi aldadaraq evi əlindən aldığını qeyd etmişdir. Lakin bu belə deyildir. Onlar əmlakın pulunu ödəyərək, onu satın almışlar. Şikayət əsasında atası polis şöbəsinə çağırılmış və orada izahatı alınmışdır. Bundan başqa həmin evi aldıqdan sonra atası tərəfindən evə 8000 manat məbləğində əlavə xərclər çəkilmişdir. Belə ki, evin mətbəxi, hamamı və sanitar qovşağı ümumiyyətlə olmamış, həmçinin ev yaşayış üçün tam yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən atası evi yaşayış üçün tam yararlı vəziyyətə gətirmişdir. Cavabdehin dedikləri isə tam olaraq yalandır. Əslində cavabdehi bu addımı atmasına səbəb başqa şəxslər tərəfindən məqsədli şəkildə öyrədilməsidir. Əgər cavabdeh aldadılmış olsa idi, alqı-satqıdan sonra keçən bir neçə ilə müddət ərzində bununla bağlı narazılığını bildirmiş olardı. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı onun ilk həyat yoldaşının qardaşı qızıdır. Həyat yoldaşı 2010-cu ildə vəfat etsə də, iddiaçı və onun atası Rəhim ilə münasibətləri yaxşı olaraq qalmışdır. O, yenidən ailə qurmuş olsa da, arvadı ilə xasiyyətləri uyğun gəlmədiyindən 2021-ci ildə ayrılmışlar. Daha sonra iddiaçının atası Rəhim ona kömək edəcəyini demiş və bunun müqabilində qızını ona məxsus evə vərəsə olaraq yazmasını istəmişdir. O da bu təkliflə razı olmuş və birlikdə Tərtər rayon notariat ofisinin notariusu olan Şəhriyar adlı şəxsin yanına getmişlər. O, Baharı vərəsəsi kimi qeyd etdirmək niyyəti ilə notariusa getmiş olsa da, iddiaçı və atası Rəhim onu aldadaraq vərəsəlik sənədi əvəzinə ona alqı-satqı müqaviləsi imzalatmışlar. O isə, həmin vaxt imzaladığı sənədin vəsiyyətnamə olduğunu hesab etmişdir. Beləliklə aldadılmış və əmlakı əlindən alınmışdır. Hazırda evinin özünə qaytarılmasını istəyir. Müqavililərdə guya ona 10900 manat pul ödənildiyi yazılsa da, əsl həqiqətdə ona heç bir məbləğ pul ödənilməmişdir. Onun ümumiyyətlə evi satmaq kimi bir niyyəti olmamışdır. Düzdür, müqavilələri şəxsən özü imzalamışdır. Lakin imzalayarkən bunun alqı-satqı müqaviləsi olduğunu bilməmişdir. Həmçinin notarius imzalanan sənədin alqı-satqı müqaviləsi olduğunu ona deməmişdir. Əgər pul almış olsa idi imzaladığı sənədin vərəsəlik yox, alqı-satqı müqaviləsi olduğunu bilmiş olardı. Ötən müddət ərzində həqiqətən də, iddiaçının atası tərəfindən evində müəyyən təmir işləri aparılmışdır. Lakin təmirin ümumilikdə dəyəri 8000 manat yox, 5000 manat olmuşdur. O, uzun müddət iddiaçının atası Rəhimə məxsus mal qaraya və toyuq-cücəyə baxdığı üçün elə fikirləşmişdir ki, Rəhim təmir işlərini ona mal-qara saxladığı və evi qızına vəsiyyət etdiyi üçün edir. Buna görə də, Rəhimdən nə üçün evini təmir etdiyini soruşmamışdır. Daha sonra banka yaxınlaşaraq özunə məxsus həmin evi təmir etdirmək üçün əmlakını girov qoymaq şərtilə kredit götürmək istəmişdir. Bu zaman ona məlum olmuşdur ki, ev və yerləşdiyi torpaq sahəsi artıq ona məxsus deyildir və uzun müddət əvvəl iddiaçının adına rəsmiləşdrilmişdir. Tərtər rayon notariat ofisinə yaxınlaşaraq vərəsəlik kağızının ləğv edilməsini tələb etsə də, oradan ona hər hansı vəsiyyətnamənin olmadığını, evin Baharın adına alqı-satqı ilə keçdiyini bildirmişlər. O, kimsəsiz bir şəxsdir və başqa gedəcək yeri yoxdur. Bu səbəbdən evdən çıxmaq niyyəti yoxdur. Odur ki məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməlidir. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 54 kv fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə X6 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndi 0 ünvanında yerləşən 0.09 ha torpaq sahəsini 5450 manat qiymətə X2. AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kəndi 0 ünvanında yerləşən ümumi sahəsi 54 kv/m, yaşayış sahəsi 45.6 kv/mş yardımçı sahəsi 8.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evini 5450 manat qiymətə X8 5450 manat qiymətə satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evi Cavabdeh məxsus olmuş, daha sonra Tərtər rayon notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən əmlak (torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi) iddiaçı İmanova X1. Hazırda iddiaçı mübahisəli əmlakın ona mülkiyyət hüququ əsasında məxsus olmasına istinad edərək, cavabdehin əşyaları ilə birlikdə əmlakdan çıxarılmasını tələb edir. Cavabdeh isə əslində xx.xx.2022-ci il tarixli alqısatqı müqavilələrinin əsl niyyətini əks etdirmədiyini, həmin müqavilələri bağlamaq və əmlakını satmaq niyyətində olmadığını, əmlaka dair vəsiyyətnamə imzalamaq niyyətində olduğu halda, aldadılaraq alqı-satqı müqaviləsini imzaladıldığını, bu səbəbdən əmlakdan çıxmaq istəmədiyini bildirmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə qeyd edir ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iradəsinə zidd olaraq hazırda cavabdehin ona (mülkiyyətçiyə) məxsus fərdi yaşayış evində yaşamaqda davam etməsi iddiaçının əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında təbiət etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Odur ki, iddia təmin edilməli və Cavabdeh ona məxsus əşyaları ilə birlikdə İddiaçı məxsus Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.09 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən 02 otaqlı fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X11