Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-218/2023 24.10.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Naftalan şəhəri, Q.Namazəliyev məhəlləsi, küçə 11, ev 39-dan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş həyat yoldaşı olmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda cavabdeh onun evində deyil, Daşkəsən rayonu, Bayan kəndində yerləşən atası evində yaşayır. Lakin cavabdeh ona məxsus olan evdə pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Naftalan şəhəri, Q.Namazəliyev məhəlləsi, küçə 11, ev 39 mülkiyyət hüququna əsasən onun adına qeydə alınmışdır. Cavabdeh hazırda onun mənzilinin qeydiyyatından çıxmır. O, mənzilin kommunal xərclərininin ödənilməsində çətinlik çəkir. Hal-hazırda cavabdeh ona məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qalmaqdadır. Cavabdehin ona məxsus evdə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, iddianı müdafiə edir. Belə ki, cavabdehə şifahi olaraq pasport qeydiyyatından çıxması barədə müraciət etsə də, o, bundan imtina etmiş və məhkəməyə müraciət etməsini ona bildirmişdir. Hazırda hesab edir ki, cavabdehin onun mülkiyyətində olan evdə qeydiyyatda qalmaq hüququ yoxdur. Çünki onlar cavabdeh ilə rəsmi olaraq boşanmışlar və ayrı yaşayırlar. Cavabdeh hazırda Daşkəsən rayonu, Bayan kəndində yerləşən atasına məxsus fərdi yaşayış evində daimi yaşamaqdadır. Bu səbəbdən cavabdeh onun evindən istifadə hüququnu itirmişdir. Ev həyət evidir və 2017-ci ildə tikilmişdir. Onlar isə 2019-cu ildə rəsmi nikaha girmiş, 2022-ci ilin dekabr ayından isə ayrı yaşayırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar şöbənin əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Odur ki, məhkəmə iclasının Naftalan ŞPŞ-nin Q və ŞVQ-nin əməkdaşlarının iştirakı olmadan keçiriməsi xahiş olunur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 11 №li küçə, 39 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Naftalan ŞİHB-nin 1 nömrəli SİƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Cavabdeh Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 11 №li küçə, 39 ünvanında daimi pasport qeydiyyatında olmasına baxmayaraq hazırda həmin ünvanda yaşamır. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(052)-70/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 aprel 2019-cu il tarixdə Gəncə regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində 727 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarında olan Naftalan Şəhər Polis Şöbəsindən İddiaçı ünvanlanmış məktubda Cavabdeh Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 11 №li küçə, 39-dan pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 11 №li küçə, 39 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh isə mülkiyyətçinin ailə üzvü olmaqla vaxtı ilə həmin mənzildə yaşamış və pasport qeydiyyatına alınmışdır. Cavabdeh daha sonra həmin mənzildən çıxaraq digər yaşayış sahəsində yaşamağa davam etsə də, formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmışdır. Qeyd edilən hal isə iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarını şərbəst şəkildə həyata keçirməsinə mane olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, eləcədə işin faktiki halları ilə müəyyən olundu ki, cavabdeh uzun müddətdir iddiaçıya məxsus evdə yaşamır və yaşamaq üçün özünə daimi olaraq başqa yaşayış yeri seçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri cavabdehin iddiaçıya məxsus evə köçdüyü 2019-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığı üçün məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinə dair istifadə hüququ barədə mübahisələr hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi mübahisənin hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaların uyğun həll edilməli olması nəzərə alınarsa, həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququ saxlanılmır. Belə ki, tərəflər arasında olan nikah münasibətlərinə xitam verilmiş, həmçinin cavabdehin mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır (cavabdeh daimi yaşayış üçün könüllü olaraq atasına məxsus Daşkəsən rayonu, Bayan kəndinə yerləşən fərdi yaşayış evinə köçmüşdür). Beləliklə məhkəmə işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli və cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Naftalan şəhəri, Q.Namazəliyev adına yaşayış məhəlləsi 11 nömrəli küçə, 39 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-218/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-218/2023
24.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver