Məhkəmə qərarları › İş №2(052)-30/2024

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-30/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-30/2024 31.01.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsinin Şəxsiyyət və Qeydiyyat Şöbəsinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 onun mülkiyyətində olan Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Cavabdehlər onun oğlu, oğlunun arvadı və nəvələridir. Cavabdehlər əvvəllər onun evində yaşamış olsalar da, hazırda onun evində yaşamırlar. Onlar ailəliklə özlərinə məxsus evdə yaşayırlar. Lakin ona məxsus mənzildə pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, bina 15, mənzil 11 mülkiyyət hüququna əsasən onun adına qeydə alınmışdır. Cavabdehlər onun mənzilindən qeydiyyatdan çıxmırlar. O, hazırda mənzilin kommunal xərclərinin ödənilməsində çətinlik çəkir. Cavabdehlər ona məxsus mənzildə formal olaraq pasport qeydiyyatında qalmaqdadırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, bina 15, mənzil 11 onun xüsusi mülkiyyətindədir. 2008-ci ildə ev özəlləşdirilmiş və adına buna dair çıxarış almışdır. Məzahir onun oğlu, Mehriban gəlini, Nicat və Məhəmməd isə nəvələridir. Onlar uzun illərdir ona məxsus evdə yaşamırlar. Lakin buna baxmayaraq onun evində formal passport qeydiyyatındadırlar. Halbuki onların özlərinə məxsus evləri vardır. 1995-ci ildən qızının əri öldükdən sonra qızı və onun bir uşağı ata evinə qayıtmış və uzun illərdir birlikdə yaşayırlar. Həmçinin o, xəstə və yaşlı adamdır. Qızı bu illər ərzində ona baxmış, qulluğunda durmuşdur. Hər bir əziyyətini qızı çəkmişdir. Bu səbəbdən mülkiyyətində olan evi başqa yaşayış yeri olmayan həmin qızına bağışlamaq niyyətindədir. Oğlu Məzahirin isə özünə məxsus torpaq sahəsi və orda tikilmiş həyət evi vardır. Hazırda evi qızına bağışlamaq istəsə də, bunu edə bilmir. Çünki bunun üçün mənzildə pasport qeydiyyatında olan şəxslərin də razılıq verməsi tələb olunur. Oğlu Məzahir isə buna razılıq vermir. Oğlu pasport qeydiyyatından çıxmaq üçün ondan 5000 manat istəsə də, hazırda bunu verməyə maddi imkanı yoxdur. Həmçinin o, həmin evi satmır, qızına bağışlayır. Əgər evi satmış olsa idi, həmin təqdirdə oğluna da bundan pay verərdi. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun doğma anası, digər cavabdehlər isə ailə üzvləridir. Ailə üzvlərini yaxın günlərdə mübahisəli evdən pasport qeydiyyatından çıxararaq, öz evinə qeydiyyata salacaqdır. Oğlu Nicatın hazırda şəxsiyyət vəsiqəsi özündə olmadığından bunu edə bilmir. Lakin qısa zamanda məsələni həll edəcəkdir. Onun hazırda Naftalan şəhərində özünəməxsus fərdi yaşayış evi vardır. Həmin evin çıxarışı öz adınadır. Buna baxmayaraq anasının adına olan evdən qeydiyyatdan çıxmaq fikri yoxdur. Çünki, həmin ev onun ata yurdudur. Ata yurdunda isə onun da payı vardır. Əgər anası onun pasport qeydiyyatından çıxmasını istəyirsə, ona payına düşən 5000 manat pulu ödəməlidir. Yalnız həmin təqdirdə evdən pasport qeydiyyatından çıxacaqdır. Əks təqdirdə qeydiyyatdan çıxamayacaqdır və bununla bağlı narahat edilməsini istəmir. İkinci qrup əlil olduğundan hər dəfə məhkəməyə gəlib gedərkən əziyyət çəkir. Mübahisəli ev 1976-cı ildə tikilmiş və dövlətə məxsus olmuşdur. Sənədi isə order olmuşdur. Daha sonra isə 2008-ci ildə ev anasının adına özəlləşdirilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 yanvar 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar şobənin əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Odur ki, məhkəmə iclasının Naftalan ŞPŞ-nin Q və ŞVQ-nin əməkdaşlarının iştirakı olmadan keçiriməsi xahiş olunur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11 ünvanda yerləşən mənzil İddiaçı adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naftalan şəhər 1 saylı MİS tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Həsənova X5 şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, halhazırda həmin ünvanda yaşamırlar. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu məlumatlarından görünür ki, Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi 2 saylı küçə, ev 00 və Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi 2 saylı küçə, ev 12 fərdi yaşayış evləri Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı X3 məxsusdur. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh3 və X6 nəvələri, Cavabdeh2 isə gəlinidir. Həmin şəxslər mülkiyyətçinin ailə üzvləri olmaqla ona məxsus mənzildə pasport qeydiyyatına alınmışlar. Onlar hazırda iddiaçıya məxsus mənzildə deyil, daimi olaraq Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evində yaşasalar da, formal olaraq iddiaçının mənzilində pasport qeydiyyatında qalmaqdadırlar. İddiaçı qeyd edilən halın onun mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə mane olduğunu qeyd edir. Bu səbəbdən həmin şəxslərin onun mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 isə iddianın ona aid hissədə əsassız olduğundan rədd edilməsini xahiş edir. Bunu isə onunla əsaslandırır ki, mübahisəli mənzil onun ata yurdu olduğu üçün mənzildə onun da payı vardır. Bu səbəbdən anası ona payının müqabilində 5000 manat məbləğində pul ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabr ayının 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublıkasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin. 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Göründüyü kimi, hazırki mübahisə üzrə hüquq münasibətləri Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11 ünvanında yerləşən mübahisəli mənzilin dövlət qeydiyyatına alınması tarixində, yəni xx.xx.2008-ci ildə yaranmışdır. Odur ki, münasibətin 2009-cu il oktyabr ayının 1-dək yaranmış olması nəzərə alınarsa, mübahisə qüvvədə olan Mülki Məcəllənin müddəalarına uyğun qaydada həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, həmçinin işin faktiki halları ilə müəyyən olundu ki, cavabdehlər və onların ailə üzvü olan azyaşlı X6 hazırda iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özlərinə daimi olaraq başqa yaşayış yeri seçmişlər. Bu isə o deməkdir ki, həmin şəxslərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyacları aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi nəzərə alınmaqla iddia təmin edilməli və həmin şəxslərin iddiaçının mülkiyyətində olan mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 11 ünvanda yerləşən mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar