Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-33/2023 10.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı, onun vəkili X1 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı əsaslandıraraq bildirdi ki, ünvan 2 ünvanında yerləşən mənzili 2006-cı ildə alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh isə oğlunun keçmiş arvadıdır. Oğlu Vüsal ilə cavadbeh arasında olan nikah isə 2017-ci ildə pozulmuşdur. Cavabdeh ona məxsus mənzildə demək olar ki, yaşamamışdır. Belə ki, cavabdeh onun oğlu ilə nikaha girdikdən sonra Rusiya Federasiyasına köçmüş, hazırda da orada yaşayır. 2011-ci ildə sənəd məsələlərinin həlli ilə bağlı cavabdeh Azərbaycana gəlmiş və ondan rəsmi olaraq hər hansı bir ünvana pasport qeydiyyatına düşməsi tələb edildiyi üçün gəlnini öz mənzilinə pasport qeydiyyatına saldırmışdır. Cavabdeh həmin vaxtdan ona məxsus mənzildə pasport qeydiyyatında olsa da, Rusiya Federasiyasında yaşamaqdadır. Hazırda hesab edir ki, cavabdehin ona məxsus məznildə qeydiyyatda qalması onun hüquqlarını pozur. Belə ki, cavabdeh artıq onun oğlunun arvadı deyildir. Həmçinin cavabdehin qeydiyyatda olması əlavə kommunal xərclərin ödənilməsi zərurətini yaradır ki, həmin xərcləri də o çəkir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh hazırda Rusiya Federasiyasında daimi olaraq yaşayır. Lakin formal olaraq iddiaçıya mülkiyyət hüququ ilə məxsus məznildə pasport qeydiyyatında qalmaqdadır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmaqdadır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X2 və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında fərdi yaşayış fondu kimi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh 20 iyul 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah pozulmuş və 03 may 2017-ci il tarixdə bu barədə Naftalan şəhər qeydiyyat şöbəsində 12 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh isə mülkiyyətçinin oğlunun keçmiş arvadı olmuş və 2011-ci ildən həmin mənzildə pasport qeydiyyatındadır. Cavabdeh qeyd edilən ünvanda pasport qeydiyyatında olsa da, daimi olaraq Rusiya Federasiyasında yaşamaqdadır. İddiaçı hazırda cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında olmasını mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirilməsinə mane olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Eyni Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə işin müəyyən edilmiş halları ilə belə qənaətə gəlir ki, iddia əsassızdır. Belə ki, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mübahisəli mənzilə münasibətdə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Bununla yanaşı məhkəmə iclasında cavabdehin həmin mənzildə daimi yaşamadığı, daimi olaraq Rusiya Federasiyasında yaşadığı, sözügedən mənzildə isə formal olaraq qeydiyyatda olduğu da müəyyən edilmişdir. Şəxsin pasport qeydiyyatında olması isə onun birmənalı olaraq həmin mənzilə istifadə hüququnun olmasını deməyə əsas vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov
Məhkəmə qərarları › İş №2(052)-33/2023
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-33/2023
10.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver