Məhkəmə qərarları › İş №2(052)-37/2023

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(052)-37/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(052)-37/2023 23.02.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X17 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, cavabdehlər Cavabdeh1 Rakuf oglunun və Cavabdeh2 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 Rakuf ogluna, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5, üçüncü şəxs Naftalan şəhər Polis şöbəsinin Şəxsiyyət və Qeydiyyat şöbəsinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Rakuf oglunun, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 ona məxsus ünvan 1-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 nəvəsi, X6 gəlini, Cavabdeh4 və Cavabdeh5 nəvələridir. O, 1965-ci ildə X1 ilə evlənib ailə qurmuş, nikahlarını 1974-cü ildə keçmiş Qasım İsmayılov, indiki Goranboy rayon Qeydiyyyat Şöbəsində qeyd etdirmişlər. Nikahlarından 21 mart 1966-cı il təvəllüdlü X8, 23 avqust 1967-ci il təvəllüdlü Cavabdeh1, 12 noyabr 1969-cu il təvəllüdlü X9, 19 yanvar 1972-ci il təvəllüdlü X11 və 12 dekabr 1973-cü il təvəllüdlü X10 adında beş nəfər övladları olmuşdur. ünvan 1 1978-ci ildə mülkiyyət hüququ əsasında onun adına sənədləşdirilmiş və həmin yaşayış mənzili özəlləşdirilmiş mənzil kimi ona məxsusdur. Bu 1978-ci ildə verilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu və həmin ildə verilmiş qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. X12, İradə Əliyeva və Alimə Əliyeva ailə qurduqdan sonra hər üçü də onun adına olan mənzildən qeydiyyatdan çıxmışlar. Oğlu Cavabdeh1 evləndikdən sonra yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmiş, o, həmin sahədə 3 otaqdan və mətbəxdən ibarət fərdi yaşayış evi tikdirmiş, üç övladı ilə həmin yaşayış evinə köçmüş, hazırda da 15-20 il olar ailəsi ilə birlikdə Naftalan şəhəri, H.Kazımov küçəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Nəvəsi Cavabdeh5 ərə gedərək onun evindən çıxmış, hazırda uşaqları ilə birlikdə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, mənzil 6-da yaşayır və onun evi ilə heç bir əlaqələri yoxdur. Cavabdehlər onun evində qeydiyyatda olmalarına baxmayaraq, onların hər biri başqa-başqa evdə və mənzildə yaşayırlar. Onlar hazırda ona məxsus mənzildə formal olaraq qeydiyyatdadırlar. Dəfələrlə tələb etsə də, cavabdehlər müxtəlif bəhanələr gətirərək könüllü olaraq mənzilindən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin həmin mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun mülkiyyət hüququnu pozur. Naftalan şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2022-ci il tarixli 1066 №li arayışından görünür ki, Cavabdeh1 həqiqətən ünvan 1 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, hazırda Naftalan şəhəri, H.Kazımov küçəsində özünə məxsus olan fərdi yaşayış evində beş ildən artıqdır ki, arvadı X6, qızı Cavabdeh4 və oğlu Cavabdeh2 ilə birlikə yaşayır. Həmin nümayəndəliyin 02 noyabr 2022-ci il tarixli 1067 №li arayışından görünür ki, Cavabdeh5 altı övladı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Cavabdehlərin onun adına olan mənzildən qeydiyyatdan çıxarılması üçün Naftalan şəhər Polis Şöbəsinə müraciət etməsinə baxmayaraq, şöbənin ona ünvanladığı cavab məktubunda cavabdehlərin ünvan 1 ünvanında pasport qeydiyyatından çıxarılmasının Naftalan şəhər X5 və Şəxsiyyət vəsiqəsi qrupunun səlahiyyətində olmadığı qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və 1978-ci ildə verilmiş qeydiyyat vəsiqəsindən isə görünür ki, ünvan 1 ünvanında yerləşən özəlləşdirilmiş 4 otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Odur ki, onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı və cavabdehlərin ünvan 1-dən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə izahat verərək bildirdi ki, iddia tam əsaslıdır. Belə ki, cavabdehlər vaxtı ilə iddiaçıya məxsus evdə yaşamış olsalar da, hazırda hər birinin yaşayış üçün ayrıca yerləri vardır. Buna baxmayaraq formal olaraq iddiaçıya məxsus evdə pasport qeydiyyatında qalmaqdadırlar. Bu isə iddiaçının bir mülkiyyətçi kimi mənzildən sərbət istifadə etmək, barəsində sərəncam vermək hüquqlarını pozur. Həmçinin müəyyən kommunal xərclər də vardır ki, qeydiyyatda olan şəxslərin sayına uyğun ödənilir. Cavabdehlərin isə mənzildə qeydiyyatda olmaları həmin xərclərin əsassız olaraq artmasına gətirib çıxarır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 Rakuf oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun atasıdır. O daha əvvəllər ailə üzvləri ilə birgə atasına məxsus evdə yaşamış olsa da, uzun illərdir oradan çıxmış və özünə məxsus fərdi yaşayış evində yaşayır. Ailə üzvləri də hazırda onunla birlikdə öz evində yaşayır. Atasına məxsus mənzildən pasport qeydiyyatından könüllü olaraq çıxmamasına səbəb həmin mənzildə payının olmasını hesab etməsindədir. Əgər atası onun payına deşən hissənin pulunu ona ödəyərsə, pasport qeydiyyatından könüllü çıxmağa razı olacaqdır. Bu səbəbdən hazırda iddianı qəbul etmir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun babasıdır. Hazırda onun hansı səbəbdən babasına məxsus mənzildə pasport qeydiyyatında olmasından hər hansı bir məlumatı yoxdur. Ümumiyyətlə həmin mənzildə pasport qeydiyyatında qalmaqda heç bir marağı yoxdur. Belə ki, hazırda qeydiyyatda olduğu babasına məxsus mənzildə deyil, ailə üzvləri ilə birlikdə atasına məxsus fərdi yaşayış evində yaşayır. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Digər cavabdehlər X6, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Naftalan Şəhər Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 06 fevral 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar şobənin əməkdaşlarının məhkəmə iclasında iştirak etməsi mümkün deyildir. Odur ki, məhkəmə iclasının Naftalan ŞPŞ-nin Q və ŞVQ-nin əməkdaşlarının iştirakı olmadan keçiriməsi xahiş olunur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 1066 №li arayışda qeyd edilmişdir ki, Cavabdeh1 həqiqətən ünvan 1 ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq, hazırda Naftalan şəhəri, H.Kazımov küçəsində özünə məxsus olan fərdi yaşayış evində beş ildən artıqdır ki, arvadı X6, qızı Cavabdeh4 və oğlu Cavabdeh2 ilə birlikə yaşayır. İş materiallarında olan Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli 1067 №li arayışda qeyd edilmişdir ki, Cavabdeh5 altı övladı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 6123831, ******* və ******* nömrəli arayışlardan görünür ki, Cavabdeh1 Rakuf oglu, Cavabdeh2, X6, Cavabdeh4 və Məhərova X4 şəhəri, İ.Həsənzadə küçəsi, ev 15, mənzil 13 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə mülkiyyətçinin ailə üzvləri olmaqla vaxtı ilə həmin mənzildə yaşamış və pasport qeydiyyatına alınmışlar. Cavabdehlər daha sonra həmin mənzildən çıxaraq digər yaşayış sahələrində yaşamağa davam etsələr də, formal olaraq həmin mənzildə pasport qeydiyyatında qalmışlar. Qeyd edilən hal isə iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarını şərbəst şəkildə həyata keçirməsinə mane olur. Yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdehlər uzun müddətdir iddiaçıya məxsus mənzildə yaşamır və yaşamaq üçün özlərinə daimi olaraq başqa yaşayış yeri seçmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiyindən və iddiaçıya məxsus yaşayış evində yaşamamaları müəyyən edildiyindən, onların həmin yaşayış evindən əvvəllər mövcud olmuş istifadə hüquqları itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatda qalmaları iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüquqları məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli və cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Rakuf oglunun, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar