Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(052)-54/2025 04.03.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ Naftalan Şəhər Məhkəməsinin hakimi X14, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı «********** nömrəli çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun varisləri olan bacısı 1965-ci il təvəllüdlü X6, bacısı 1973-cü il təvəllüdlü X4 və onun razılığı olmadan atasından miras qalan Naftalan şəhəri İ.Həsənzadə küçəsi ev 16 mənzil 4-ə dair xx.xx.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, anası rəhmətə getdikdən sonra atası bir başqa qadın ilə, yəni X11 ilə rəsmi evlənmişdir. X1 xx.xx.2002-ci ildə rəhmətə getmişdir. O, kasıbçılıq olduğundan məcbur qalaraq Rusiya Federasiyasına getmişdir ki, bir az qazanc əldə etsin. X2 isə xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Atası ölümündən qabaq onu özü ilə Gəncə şəhərinə aparmış və demişdir ki, “bacıların sənə əmanət, mən indi sənə vəsiyyətnamə verəcəm evə görə ki, məndən sonra evimiz sizə qalsın.” Atası dediyi kimi etmiş, vəsiyyətnaməni alıb ona vermiş və demişdir ki, bacıları ona əmanətdir. O, sonradan eşitmişdir ki, analığı Validə və bacıları evi ələ keçirmək üçün onun bacısını aldadaraq notariusa aparıb demişlər ki, evi sənin adına keçiririk, sən də sənədlərə qol çək. O, da savadsız olduğundan acqurdların sözünə inanmış və imza etmişdir. Bacısının atası tərəfindən ona verilmiş vəsiyyətnamədən xəbəri olmamışdır. Onun ağlına gəlməzmiş ki, Validə və bacısı onun atasının evinə şərik çıxsınlar. O, həmin evdə qeydiyyatdadır və bacıları ilə birlikdə vərəsədirlər. Validə bacısı Xalidə ilə dələduzluq edərək, notarius ilə əlbir olmuş, onun və bacısı Fəridənin razılıqları olmadan, atası tərəfindən verilmiş vəsiyyətnamə ola-ola, onlara məxsus evi öz adına rəsmiləşdirmişdir. O, arxayın imiş ki, bacısı evdədir, vəsiyyətnamə verilsə də, bacılarının payları vardır və onlar da, həmin mirasdan yararlanacaqlar. Onlar vərəsə olaraq sağ ikən Validənin bacısı və yeznəsi onlara məxsus evə sahiblik etmək istəyirlər. Bacısı ona deyəndə o da bacısına bildirmişdir ki, bu şey ola bilməz. Çünki atası ona 24 il əvvəl vəsiyyətnamə vermişdir. Hazırda bacısı həmin evdə yaşayır. Validənin bacısı evin bütün kommunal xərclərini öz adına rəsmiləşdirmişdir ki, evdən bacısını qovsun. Analığı Validənin ölən günü bacısı Xalidə əri ilə evə gəlmiş və evdə olan atasından və anasından qalma qızıl-ziynət əşyalarını, bacısının saxlancı olan pulu əlindən almış və özünə xəbərdarlıq etmişlər ki, evdən çıxsın. Lakin onun bu işlərdən xəbəri olmamışdır. O, kasıbçılıq üzündən Rusiya Federasiyasında işləyir. Əlində vəsiyyətnamə ola-ola, atasının vərəsəsi o və bacıları ola-ola, hazırda analığının bacısı onların mülkünə sahiblik etmək istəyir. O və bacılarının hər ikisi yetkinlik yaşına çatmışlar. Qanunda isə nəzərdə tutulmuşdur ki, ölmüş şəxsin adına olan mülkü başqasının adına rəsmiləşdirmək üçün yetkinlik yaşına çatmış övladların hər birinin notarial qaydada razılıq ərizələri alınmalıdır. Atası tərəfindən ona verilmiş vəsiyyətnamə dəyişdirilməmiş, nə də ləğv olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsində qeyd edilmişdir ki, vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. İş materiallarında olan 13 mart 1978-ci il tarixli X9 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş orderin surətindən görünür ki, X5 1 nəfər ailə üzvü ilə birlikdə mənzil sahəsini tutmaq hüququ verilmişdir. (Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 16-da, mənzil 4, blok 1, mərtəbə 2, otaqların sayı 1, kvadratmetr 17.52) İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 16-da yerləşən 4 nömrəli mənzil xx.xx.2012-ci il tarxidə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında X8 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Naftalan Şəhər 01 saylı Mənzil İstismar sahəsinin rəisi Rizvan Cəlilov tərəfindən X10 ünvanlanmış məktubda qeyd edilmişdir ki, ünvan 1 aid kirayə müqaviləsi mərhum X3 adına olmuşdur. Həmin müqavilə onun ailə üzvlərindən birinin adına dəyişdirilməlidir. Odur ki, 5 gün müddətində bununla bağlı zəruri sənədləri toplayaraq aidiyyəti üzrə 01 saylı Mənzil İstismar sahəsinə təqdim edilməsi xahiş olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsində qeyd edilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsaslanaraq qeyd edir ki, hazırki iddianın faktiki əsasını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın inzibati orqan tərəfindən düzgün aparılmaması təşkil edir. Belə ki, iddiaçı 2001-ci ildə atası tərəfindən mübahisəli mənzilə dair ona verilmiş vəsiyyətnamənin mövcudluğuna baxmayaraq, inzibati orqan tərəfindən order əsasında 2012-ci ildə mərhum X2nın adına reyestrdə qeydiyyatın aparılmasını qanunsuz hesab edir və qeydin ləğv edilməsini istəyir. Odur ki, mübahisə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olduğundan, həmçinin aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı «********** nömrəli çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X20
Məhkəmə qərarları › İş №2(052)-54/2025
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(052)-54/2025
04.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver